news Image
2013.03.01
07:27
| A A A
Torpağımız necə zəhər mənbəyinə çevrilir?
Sabir Vəliyev: «Torpağın canındakı zəhərli duzları çıxarmaq, yumaq lazımdır» Vahid Məhərrəmov: «Kənd Təsərrüfatı Nazirliyi fermerlərə subsidiya əvəzinə, gübrə versə, daha yaxşı olar»

Azərbaycanda buğda üçün əkin sahələrinin həcmi ildən-ilə genişlənməkdədir. Təxminən 800 min hektar ərazidə dənli bitkilər əkilir. Məhsuldarlıq lazımı səviyyədə olmadığından isə kifayət qədər böyük həcmdə görünən bu qədər sahədən daxili tələbatı ödəyəcək qədər ərzaq buğdası götürə bilmirik. İl ərzində tələbatın 85 faizini qarşılayacaq həcmdə buğda istehsal edirik. Normal halda hektar üzrə məhsuldarlıq 35 sentner olmalıdır.

Əsas səbəb kimi torpaqların şoranlaşması, vaxtlı-vaxtında aqrotexniki qulluğun edilməməsi göstərilir. Kənd Təsərrüfatından verilən məlumata görə, əkin altında torpaqdan 1 milyon hektarı müxtəlif dərəcədə şoranlaşıb, 400 min hektara yaxın torpaq isə şorakətləşib. Münbitliyi sıradan çıxan torpağa yüksək sort toxum səpsən belə, effekt verməyəcək. Mütəxəssislər bildirirlər ki, Azərbaycanda əkinçilikdə məhsuldarlığın aşağı olmasının səbəblərindən biri də fermerlərin aqrotexniki qulluqla bağlı bilik səviyyələrinin və maliyyə imkanlarının aşağı olmasıdır.

Müxtəlif gübrələrdən istifadə edərkən fermer torpağın və ya əkilən məhsulun özəlliyini nəzərə almır. Məsələn, buğda üçün azot gübrəsi nə qədər vacibdirsə, bostan meyvələri üçün bir o qədər arzuolunmazdır.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi Sabir Vəliyev bizimlə söhbətində bildirdi ki, fermerlərin torpağa aqrotexniki qulluq edə bilməməsi, bu sahə üzrə kadr çatışmazlıqlarının olması və son anda məhsuldarlığın istənilən səviyyədə olmamasının fərqindədilər: "Amma məhsuldarlığın aşağı olmasının başlıca səbəbi gübrələrdən düzgün istifadə etməmək deyil. Məsələ burasındadır ki, 1,4 milyon hektar ərazimiz şoranlaşıb, şorəkətləşib. Torpağın canındakı zəhərli duzları çıxarmaq, yumaq lazımdır. "Azərsutikinti" Səhmdar Cəmiyyəti, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti bu istiqamətdə işləri sürətləndirməlidilər. Respublikada 60-70-ci illərdə böyük kollektor-drenaj sistemi qurulmuşdu. İndi 80 faizi sıradan çıxıb. Onun böyük faydası var idi. Torpaq yuyulurdu, bataqlıqlar quruyurdu, şoranlıq olmurdu. Yəni torpağın münbitliyi özünə qaytarıldıqdan sonra ona hansı miqdarda azot, fosfor, kaliumun verilməsi məsələsinə baxmaq olar. Ümumi olaraq deyə bilərəm ki, ölkənin əkin sahələrinin 950 min ton mineral kübrəyə ehtiyacı var. Bunun 450 min tonunu fosfor, 340 min tonunu azot, 160 min tonunu isə kalium gübrəsi təşkil edir".

S.Vəliyev onu da bildirdi ki, "Yoxsulluğun aradan qaldırılması tədbirləri haqqında", "Regionların sosial-iqtisadi inkişafı haqqında", "Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı haqqında" və digər dövlət proqramlarında əhalinin ərzaq buğdası ilə təmin edilməsi və bunun üçün fermerlərə maliyyə-kredit dəstəyinin, meliorativ tədbirlərin aparılması, toxumçuluq sisteminin yenidən qurulması ilə bağlı tələblər var: "Sumqayıtda azot tərkibli karbomid istehsal edən zavod tikilib. Zavodun gücünü artırmaq lazımdır ki, fermerlərin təlabatı ödənilsin. Bilirsiz ki, bu gün dünyada mineral və kimyəvi gübrələrin qiyməti bahalaşıb. Fermerlərin imkanları yoxdur ki, keyfiyyətli, bahalı gübrələri alıb ölkəyə gətirsinlər. Nazirlik onlara dəstək olaraq gübrənin pulunun 50 faizini ödəyir. "Aqrolizinq" ASC bu sahədə fermerlərlə yaxından əməkdaşlıq edir. Biz eyni zamanda fermerlərin aqrar biliklərinin artırılması sazəsində də çalışırıq. Onların arasında elmi maarifləndirmə işləri həyata keçiririk. Hesab edirəm ki, əgər fermerlər torpağa aqrotexniki qulluqlar etsə məhsuldarlığı 35 sentenerə qədər yüksəltmək mümkündür".

S.Vəliyev bildirdi ki, yaxın vaxtlarda Azərbaycanda superfosfat gübrələri istehsal edilib fermerlərə paylanacaq: "Ümumiyyətlə, bizim planımız var ki, fermerlərə pul şəklində verilən subsidiyaları gübrələrlə əvəzləyək. Cənab nazir İsmət Abbasovun bununla bağlı təklifləri var. Apardığımız məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda taxıl istehsalı 2,5 milyon tonu keçib. Əgər torpağa düzgün qulluq edilsə bu göstəricini 4 milyon tona qədər qaldıra bilərik. Təkcə taxılçılıq deyil, üzümçülük, çayçılıq, kartof və s. bitkilərin istehsalında artım əldə etmək mümkündür. Çünki Azərbaycanın əkin sahələri o qədər də geniş deyil. Mütləq aqrotexniki qulluqlardan istifadə edib intensiv inkişafa nail olmalıyıq".

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, torpağa 50-yə qədər aqrotexniki quluq növü var ki, bizim fermerlər ondan bir neçəsini ya istifadə edirlər, ya da yox: "Hökumətin hər hektara görə subsidiya ayırması bəzi fermerlərdə arxayınlıq yaradıb. Düşünürlər ki, məhsuldarlığın hansı həddə olmasından asılı olmayaraq dövlətdən subsidiya alacaqlar. Düşünürəm ki, Kənd Təsərrüfatı Nazirliyi fermerlərə subsidiya əvəzinə, gübrə versə, daha yaxşı olar. Bundan başqa Azərbaycanda bitkiçilik üzrə savadlı kadrların, mütəxəssislərin sayı barmaqla sayılacaq qədər azdır. Yeni buğda və digər meyvə sortlarının yetişdirilməsi üzərində elmi araşdırmalar aparılmır. Fermerlər maarifləndirilmir. Yaxşı olardı ki, bizdə də Türkiyədə və digər ölkələrdə olduğu kimi kənd təsərrüfatı ilə bağlı telekanal açılsın, kəndlilər maarifləndirilsin".

V.Məhərrəmov qeyd edir ki, iri fermer kooperativləri yaradılsa, məhsuldarlıq müəyyən qədər artar: "1-2 hektar torpaq sahəsi olan kəndli əlbəttə ki, böyük məhsuldarlıq planları barədə düşünməyəcək. Çünki o, buna əlavə iş kimi baxır. Amma iri fermerlər daha məsuliyyətli olacaq. Çünki həyatını torpağa bağlayır və onun maliyyə durumu məhz məhsuldarlığın həcmindən asılıdır. 80-ci illərdə buğdanın məhsuldarlığı hektara 25 sentnerdən yüksək olurdu. Respublikanın buğda istehsalı isə ildə 1,2 milyon tondan çox idi. Sonralar yaradılan belə keyfiyyətli sortların məhsuldarlığı təcrübə stansiyalarında yüksək olsa da, praktiki əkinlərdə bunun əksi müşahidə olundu. Çünki yuxarıda qeyd etdiyim kimi artıq taxılçılığa elmi yanaşma yoxdur. O vaxt keyfiyyətlilik və məhsuldarlıq əldə etmək olar ki, sortların üzərində davamlı olaraq institutlar işləsin, düzgün rayonlaşdırma tətbiq olunsun, daha məhsuldar sortlar əldə edilsin. Yəni, seleksiya məsələsi daima inkişaf etməlidir.

Yəni taxılçılıq təkcə məhsuldar sortları torpağa əkmək deyil. Burda söhbət aqrotexniki tədbirlərdən gedir. Bu da maliyyə vəsaiti tələb edir, dövlət dəstəyi çox vacibdir. Yəni, hökumətin xüsusi aqrar siyasətinə ehtiyac var. Bu gün taxılçılıqla məşğul olan fermerlər toxum təsərrüfatlarının yetişdirdiyi keyfiyyətli və məhsuldar sortlardan çox özlərinin yetişdirdiyi məhsuldan alınmış keyfiyyətsiz buğdadan toxum kimi istifadə edirlər. Torpaq intensiv taxıl əkinlərindən gücünü itirib, bitkini lazim minerallar və qidalandırıcı maddələrlə təmin edə bilmir. Nəticədə bitkinin boy artımı və məhsuldarlıq zəif olur. Bütün bu prosesləri keçdikdən sonra isə əldə olunan məhsul kondisiyaya gətirilmir. Toxumluq material elə olmalıdır ki, o kombayndan çıxandan sonra dərhal qurudulmalıdır. Ona görə ki, məhsulu tığa yığanda qızışma prosesi baş verir, aqulyasiya gedir ki, nəticədə taxıl öz keyfiyyətini itirir".