news Image
2013.03.01
07:29
| A A A
Miqrantlarla bağlı böyüyən problem
Azər Allaheverənov: “Hansısa xarici şirkət gəlib Azərbaycanda fəaliyyətini qurarkən, artıq özünün kadrlarını da gətirir” Nərmin İbrahimova: “Xaricdə olduqları üçün onların günlük xərcləri də yerli sakinlərlə müqayisədə çox olur” Bu gün ölkəmizdə təqribən yarım milyona yaxın miqrantın olduğu bildirilir. Onların isə böyük bir hissəsi əmək fəaliyyəti ilə məşğul olanlardır. Dünyanın əksər ölkələrində adətən, əmək miqrantlarının məvacibləri yerli işçilərin maaşlarından aşağı olur. Ancaq burada da istisnalar var. Yəni, bu gün ölkəmizdə elə miqrantlar var ki, onların aylıq əmək haqqı yerli vətəndaşın məvacibindən çoxdur.
Bəzən bu fərq hətta dəfələrlə də ölçülə bilir. Amma onu da əlavə edək ki, bu cür fərq əsasən neft sektorunda fəaliyyət göstərən işçilərin əmək haqlarında özünü göstərmiş olur. Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov da təsdiq edir ki, faktiki olaraq bu gün Azərbaycanın neft sənayesində çalışan bəzi miqrantların məvacibləri yerli mütəxəssislərin məvaciblərindən nisbətən çox yuxarıdır: "Maaş cədvəlinin bölgüsü də xarici şirkətin müvafiq qurumları tərəfindən təyin olunur. İstər - istəməz də bu təyinatlar verilərkən bu və ya digər mütəxəssisin hansı qabaqcıl texnologiyalara, təcrübə və ixtisas etibarı ilə yerinə yetirdiyi işlərə nə dərəcədə uyğunluğu nəzərə alınır. Nəticədə elə olur ki, xarici şirkətlərin xətti ilə gətirilmiş yeni neft texnologiyalarına cəlb olunmuş xarici mütəxəssislər həmin texnologiyaların daşıyıcıları kimi daha yüksək maaşla dəyərləndirilir. Cədvəl - məvacib bölgüsündə bu faktor ön plana çəkilir. Əmək haqqı cədvəlinin yeni texnologiyalar adı altında olan prinsiplərə uyğunlaşdırılması məvaciblər arasında fərqə gətirib çıxarır. Bundan başqa, əgər bir mütəxəssis Azərbaycana gələsi olursa, onun burada olan məvacibi əvvəl çalışdığı ölkədə aldığı məvacibdən yuxarı olur. Amma həmin sahədə olan yerli mütəxəssislərimiz o qədər məvacib almırlar. Bu tipli indikatorları nəzərdən keçirəndə həqiqətən də belə fərqlər var. Ancaq bu faktlar kölgədə qalası məsələ deyil. Həmin məsələlər hansısa formada öz həllini tapmalıdır. Ən azından ona görə həllini tapmalıdır ki, bizdə "Əmək miqrasiyası haqqında" qanun var. Qanunda göstərilir ki, bu və ya digər vəzifəyə əcnəbi o zaman təyin oluna bilər ki, həmin vakansiya yerli mütəxəssislər tərəfindən doldurulmayıb. Amma bizdə hansısa xarici şirkət gəlib Azərbaycanda fəaliyyətini qurarkən, artıq özünün kadrlarını da gətirir. Sonradan azərbaycanlı mütəxəssisələrə verilən məvacibləri isə orta əmək haqqı ilə nizamlanır".
Ekspertin sözlərinə görə, miqrantların ümumi sayının artması əmək bazarına müəyyən gərginliyə səbəb olan bir haldır: "Ona görə də dövlət bu sahədə siyasətini elə qurur ki, əmək bazarında hansısa gərginlik yaranmasın.
Kütləvi miqrant axını daxildə işsizlik dərəcəsinin artmasına gətirib çıxartmasın. Bu sahədə də bizdə siyasət aparılır".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin üzvü Nərmin İbrahimova bildirir ki, Azərbaycanda olan beynəlxalq şirkətlərdə yerli işçilərə nisbətən miqrantların əmək haqlarının çox olmasının müəyyən səbəbləri var: "Birincisi, xarici mütəxəssis ölkəni tərk etdikdə, onu işə qəbul edən xarici şirkət həmin mütəxəssisi öz ölkəsində işlədiyi şərtlərdən daha yaxşısını təklif edir ki, mütəxəssisin öz ölkəsini tərk etmək marağı olsun. Digər tərəfdən, bir ölkə vətəndaşı xarici ölkəyə gedirsə, bir növ həyatını da riskə atmış olur. Xaricdə olduqları üçün onların günlük xərcləri də yerli sakinlərlə müqayisədə çox olur. Ona görə də xaricdən mütəxəssis gətirilərkən onlara daha çox əmək haqqı verilir. Bu, normaldır. Belə də olmalıdır".
Xanım İbrahimova bildirir ki, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə xarici ekspertlərə həmişə ehtiyac var: "Əmək haqqı aşağı olan yerli mütəxəssis öz ölkəsində yaşayır. Burada insanlar, həyat şəraitinə artıq öyrəşib. Yox, əgər bir mütəxəssis kimi xaricdə işləməyə gedirsə, daha yaxşı şərtlər daxilində ölkəni tərk edir. Hal-hazırda azərbaycanlı tələbə yaxşı mütəxəssis olmaq üçün çalışır ki, xaricdə təhsil alsın. Bu, onu göstərir ki, bizdə təhsilin səviyyəsi xaricdəki təhsilin səviyyəsi ilə eyni deyil. Ona görə də xaricdə təhsil almış bir tələbə Azərbaycandakı BP-yə müraciət edirsə, onlar yerli mütəxəssisə yox, həmin tələbəyə üstünlük verəcəklər. Burada yerli - əcnəbi prinsipi əsas tutulmur. Əsas söhbət, işin keyfiyyətli görülməsindən gedir ki, burada da adətən xaricilər daha yaxşı mütəxəssis qəbul edilir. Çünki çox hallarda onların təcrübəsi daha böyük olur. Bundan başqa, Azərbaycanda şirkətlər işçilərini treninqlərə cəlb edirlər. Adətən, beynəlxalq şirkətlər yerli mütəxəssisləri ingilis dili kurslara cəlb edir və hətta onlara aylıq maaş da verir. Bunların hamısı şirkət üçün əlavə vəsaitdir. Ona görə şirkət yüksək əmək haqqı müqabilində peşəkar xarici mütəxəssislərə daha çox üstünlük verir, nəinki yerli mütəxəssislərə əlavə vaxt və vəsait xərcləsin. Xarici mütəxəssis gördüyü işin müqabilində yüksək maaş alır. Bu, onun işinin səmərəliliyi ilə birbaşa asılıdır. Digər tərəfdən, əgər söhbət Pakistan, Çin kimi ölkələrdən gələn ucuz işçi qüvvəsindən gedirsə, o zaman imiqrantlar yerli işçi qüvvəsini sıxışdırır. Abşeron yarımadasında yaşayış şərtləri bahadır və əhali burada sıx yerləşib. Yerli işçi qüvvəsi təklif olunan daha az əmək haqqına qane olmur. Lakin imiqrantlar çox aşağı şərtlər və aşağı əmək haqqı ilə işləyirlər. Nəticədə yerli işçi qüvvəsi imiqrantlarla rəqabət apara bilmir".