news Image
2013.03.02
07:28
| A A A
Minsk qrupunda Azərbaycan üçün vacib dəyişikliklər...

Qafqazda mövcud münaqişə ocaqlarının hər an alovlana biləcəyinə dair yeni xəbərdarlıqlar səslənməkdədir. Mövcud vəziyyəti şərh edən Vaşinqtonda mənzillənən "John Hopkins" Universitetinin Mərkəzi Asiya-Qafqaz institutunun mütəxəssisi Svante Kornel bildirir ki, Qafqazdakı münaqişə ocaqlarında hökm sürən sükunət risklidir.

Belə bir vaxtda isə ekspert Türkiyə prezidenti Abdullah Gülün Serj Sarkisyana təbrik göndərməsini də yanlış sayır. Əslində, onun fikrincə, Ermənistanla Türkiyə arasında münasibətləri normallaşdırmaq üçün xeyli vaxt lazım olacaq.

Düzdür, iki ölkə 2008-2009-cu illərdə gərgin danışıqlardan sonra yaxınlaşmaya dair yol xəritəsi barədə razılığa gəlmişdilər. Amma az sonra tərəflər eləcə də bu təşəbbüsün müəllifi olan Ağ Ev Dağlıq Qarabağ problemi həll olunmadan Türkiyə-Ermənistan yaxınlaşmasının mümkünsüzlüyü fikri ilə üzləşməli olub. Cənab Kornelə görə, indiki yalda, erməni-türk yaxınlaşması Qafqaza sülh əvəzinə risk gətirərdi: "Məncə hazırkı məqamda Azərbaycan, eləcə də Türkiyə sərhədlərin açılmasının Qarabağ münaqişəsi çözülmədən mümkünsüzlüyünə dair qənaətlərini möhkəmlətməlidirlər. Sarkisyanın ikinci dəfə prezident seçilməsindən sonra Obama Administrasiyasının prosesi yenidən canlandırmağa təkid göstərəcəyini gözləmək olar. Amma hələlik bunun şahidi olmamışıq...". Bununla yanaşı, təhlilçi Türkiyə Ermənistan yaxınlaşmasının Qarabağ nizamlamasına müsbət təsiri barədə ehtimalları istisna edib.

Onun sözləorinə görə, Xocalıda hava limanıı açmaq təşəbbüsü münaqişəni alovlandıra bilər. Ekspertin fikrincə, mümkün yeni təxribatların və münaqişənin alovlanmasının qarşısını almaq məqsədilə qarşıda ciddi dialoqa və onu təşkil edən vasitəçilərin özlərinin də nüfuzlu liderlərlə əvəzlənməsinə ehtiyac var: "Düşünmürəm ki, danışıqların indiki formatda davamının mənası var. Hər halda, illərlə aparılan dialoqlar nəticə verməyib... Məncə, daha effektiv dialoq naminə Minsk qrupunun fəaliyyət göstərdiyi səviyyədə əhəmiyyətli dəyişiklik baş verməlidir".

Digər əksər ekspertlər də bildirir ki, Minsk qrupunun tərkbində dəyişiklik edilməsi və buraya yeni vasitəçinin cəlbi olduqca aktualdır. Məsələn, qrupun tərkibinə Türkiyənin daxil edilməsi bu xüsusda məqbul sayılır. Lakin Rusiyanın, Ermənistanın bununla razılaşmayacağı da məlumdur. Bu mənada hesab edilir ki, ən yaxşı vasitə Minsk qrupunda Fransanın Avropa Birliyi ilə əvəzlənməsi məqsədəuyğundur. Xatırladaq ki, bu məsələ ötən il gündəmə gəlmişdi. Hətta həmin vaxt Avropa Parlamentinin xarici əlaqələr komissiyası Ermənistanla bağlı sənəd qəbul edəndə bu məqama xüsusi toxunmuşdu. Həmin sənəddə Fransanın Dağlıq Qarabağ münaqişəsnin nizamlanması üzrə ATƏT-in Minsk Qrupundakı həmsədr mandatının Avropa Birliyinin mandatına dəyişdirilməsi təklifi də yer alıb.

Onu da bildirək ki, Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi rol oynaması mövzusu son iki ildir ki, elən "köhnə qitə"nin özündə də müzakirə predmetinə çevrilib. Bunun üçün əsas da var. Birincisi, Cənubi Qafqaz ölkələri Şərq Tərəfdaşlıq Proqramına üzv olduqlarından onlar rəsmən "Şərqi Avropa ölkələri" adlandırılıb. Demək, Şərqi Avropanın problemləri Brüsseli də narahat etməlidir. İkincisi, Avropa Birliyi bölgənin zəngin enerji resurslarının daha iri həcmdə köhnə qitəyə daşınması üçün qollarını çırmalayıb. "Nabukko" və "Transxəzər" boru xətlərinin inşaatları mövzuları gündəmdə ağırlıqlarını qoruyurlar. Enerji resurslarının Avropaya davamlı daşınması üçün isə bölgədə sabitlik vacibdir. Bölgə sabitliyinə ən böyük təhlükə isə Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması və müharibə ehtimalının yüksək olmasıdır.

Ekspertlər hesab edir ki, Avropa Birliyinin bölgədə özəl maraqları olduğu üçün Brüssel münaqişənin həllində Fransadan fəal ola bilər. Digər tərəfdən, Avropa Birliyi ölkələri içərisində Azərbaycanın ərazi bütövlüyünə önəm verən ölkələr az deyil və bu amil münaqişənin ədalətli həllini sürətləndirər.

Rusiya və MDB üzrə araşdırmalar proqramının rəhbəri Aleksandr Rar da hesab edir ki, Cənubi Qafqaz regionu yalnız Minsk qrupu yox, həm də Avropa Birliyi üçün də maraqlıdır. Onun sözlərinə görə, hazırda Avropa Birliyi Minsk qrupu vasitəsilə regiona təsir gücünü artırmağa üstünlük verir. Bununla belə, ekspertin sözlərinə görə, bu gün Cənubi Qafqazdakı mövcud durum Arvopa Birliyində o qədər də ciddi müzakirə mövzusu deyil. Qurum sadəcə, enerji maraqlarının təminatında önəmli rol oynayan regionda sabitliyin tərəfdarıdır.