Əlaqə Arxiv
news Image
2013.03.02
07:33
| A A A
“Valyuta müharibəsi" yenidən baş qaldırır
Nazim Məmmədov: "Valyutanın ucuzlaşdırılması siyasəti müəyyən bir həddə qədər olmalıdır"

Bir sıra xarici ölkələr öz milli valyutalarını ucuzlaşdırmaq siyasəti yürütməyə başlayıb. Artıq ABŞ, Yaponiya, Çin kimi nəhənglər məhz bu yolu tutublar. Milli valyutanın ucuzlaşdırılması yolu ilə həmin ölkələr öz mallarının ixrac imkanlarını artırmağı düşünürlər. Bu isə öz növbəsində "valyuta müharibəsi"ni şərtləndirən əsas məqamlardan biri kimi çıxış edir.

Rusiya da valyuta müharibəsinə qoşulmaq istiqamətində müəyyən addımlar atır. Belə vəziyyət isə valyuta ehtiyatları sürətlə artmaqda olan ölkəmiz üçün heç də məqbul sayılmır.

Belə ki, dolların məzənnəsinin ucuzlaşması fonunda ölkənin dollarda saxlanan valyuta ehtiyatları dəyər itirir. Bu səbəbdən bəzi mütəxəssislər, vəziyyət belə davam edəcəyi təqdirdə, Azərbaycanın valyuta ehtiyatlarının strukturuna yenidən dəyişiklik edə biləcəyi fikrindədir. Bundan başqa, "valyuta müharibəsi" manatın məzənnəsini möhkəmləndirməklə Azərbaycanda yerli istehsalçıların ixrac qabiliyyətini məhdudlaşdırır. Eləcə də bu, qeyri-neft sektorunun inkişafı üçün stimul yaratmır. Qeyri-neft sektorunda istehsal edilən məhsulların xarici bazarlarda rəqabət aparmaq imkanları da kifayət qədər məhdudlaşır. Hələlik isə ekspertlər "valyuta müharibəsi"nin bütün iri dövlətlərin arasını vurub ticarət müharibəsi başlada biləcəyindən ehtiyatlanır.

Bildiyimiz kimi, hazırda maliyyə böhranı şəraitində əksər ölkələrin ixrac potensialı da zəifləyib. Görəsən, bəzi xarici ölkələrin öz milli valyutalarını ucuzlaşdırması kursu Azərbaycan üçün nə vəd edir?

İqtisadçı ekspert Nazim Məmmədovun fikrincə, sözügedən prosesin Azərbaycana elə də ciddi təsiri yoxdur: "Xarici ölkələrin valyutanı ucuzlaşdırmaq siyasəti ölkədə ixrac potensialını artırmağa köməklik göstərməyə hesablanmış addımdır. Belə ki, yerli istehsalçılar daxildə mal istehsalı üçün ölkənin milli valyutasından istifadə edirlər. Sonradan isə həmin malı xaricə ixrac etməklə daha çox vəsait qazanmağa nail olurlar. Ancaq bu hal bazar iqtisadiyyatının oturuşduğu, tam liberal bazar dəyərlərinin olduğu ölkələrdə baş verir. Milli valyutanın ucuzlaşdırılmasının özünün əks effekti də var. Ona görə valyutanın ucuzlaşdırılması siyasəti müəyyən bir həddə qədər olmalıdır. Bu addımı da adətən daxili istehsalında hər hansı bir problemlərin olmadığı ölkələr həyata keçirir. Əhalinin daha çox işlətdiyi gündəlik tələbat malları, ərzaq və qeyri ərzaq məhsullarını özü istehsal edən ölkələr, yəni idxaldan asılı olmayan ölkələr milli valyutanın ucazlaşdırılması siyasətini stimullaşdıranda prosesdən daha çox fayda götürmüş olurlar. Azərbaycan kimi idxaldan müəyyən asıllığı olan ölkələrdə isə belə addım effekt verə bilməz. Belə olan halda əhalinin vəziyyəti pisləşə bilər. Xaricdən gələn məhsulların ödəniş vasitəsi dollar və avro ilə həyata keçirilir. Xarici valyutanın milli valyuta ilə müqayisədə kursu baha olduqda isə vətəndaşlar aldıqları əmək haqqı ilə vəziyyətlərini təmin edə bilməzlər. Azərbaycanın özəlliyi həm də ondan ibarətdir ki, xaricə göndərdiyimiz məhsul müqabilində ölkəyə daxil olan valyutanın strukturunda əsas hissəni neft və neft məhsulları üstünlük təşkil edir. Beləliklə də bizdə bu prosesin əksi baş verir. Çünki ölkəyə daxil olan valyuta ölkədən çıxan valyutadan çox olduğundan manatın obyektiv səbəblərdən möhkəmlənməsi prosesi gedir. Daxildə bütün ödənişlər milli valyuta ilə olduğundan neft dolları gəldikdə əmək haqqları və xidmət haqlarının verilməsi üçün həmin xarici valyutanı Azərbaycan manatına çevirməyə məcburdurlar. Belədə də manata daha çox ehtiyac yaranır. Tələb və təklif üzərində qurulan bazar iqtisadiyyatında isə bu səbəbdən valyutamız bahalaşır. Hesab edirəm ki, Azərbaycan ixracı stimulaşdırmalıdır, ancaq süni yollarla deyil. Daha çox qeyri-neft sektorunun rəqabət qabiliyyətini artırmaq və daha çox şəffaflıq yaratmaq və milli sahibkarları ucuz resurslar və uzunmüddətli bank vəsaitlərilə təmin etmək yolu ilə keyfiyyətli marka məhsullarının istehsalına imkanlar var. Bu yolla da ölkə şirkətləri bir-birilə rəqabət apararaq xarici ölkələrə satıla biləcək məhsul istehsal edə bilərlər. Belədə həmin məhsullar nəticədə ölkəyə neft dollarından əlavə valyutanın da daxil olmasına zəmin yaradar və bu yolla ixrac stimullaşdırıla bilər. Yəni daxildəki prosesləri düzəltmədən xaric haqqında fikirləşməyə ehtiyac yoxdur".
Sizin Reklam Yeriniz