news Image
2013.03.06
07:21
| A A A
Yeni daşqınlar yaxınlaşır
Ənvər Əliyev: "Daşqının olması labüddür" Samir İsayev: "Dağlardakı qarın əriyərək daşqınla əvəz olunması ehtimalı istilərin sürətilə bağlıdır"

Adətən yaz aylarında qarların əriməsi həm də çaylarda sel təhlükəsini artırır. Son bir neçə ilin təcrübəsi göstərir ki, qarın əriməsi nəticəsində bu aylarda daşqın və sel təhlükələri də artır. 3 il bundan öncə Kür çayının daşaraq ətraf əraziləri bərbad vəziyyətə salması da məhz yaz aylarına təsadüf etmişdi.

Maraqlıdır, görəsən, anoloji vəziyyət bu ildə təkrarlana bilərmi? Onu da vurğulayaq ki, bu qış elə də sərt keçməyib. Qar yağıntısı halına ara-sıra rast gəlindi.

AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev daşqın təhlükəsilə bağlı dəqiq fikir söyləməyin çətin olduğunu deməklə yanaşı, onu da qeyd etdi ki, çox illik təcrübə aprel-may aylarının daşqın mövsümü olduğundan xəbər verir: "Azərbaycan dağlıq ölkədir. Buranın orta hündürlüyü 657 metrdir. Böyük Qafqaz dağlarının cənub-şərq qurtaracağı da ölkəmizin ərazisinə düşür. Ölkədə 4 mindən yuxarı zirvələr mövcuddur. Xeyli qar ehtiyatı və buzlaqlar var. Havalar istiləşdikcə təbii ki, qar və buzlaqlar əriyir. Belədə tədricən dağ çayları həmin suyu düzənə çıxararaq daşqınlara səbəb olur. Bu proses təbii coğrafi şəraitin məhsuludur. Car ilin yazında daşqın təhlükəsinin az və ya çox olacağını isə deyə bilmərəm. Daşqının olması labüddür. Ola bilər, yaz ayları yağıntılı keçsin və ya qəflətən istilər düşsün, belədə qarın əriməsi də sürətlənir. Meşələrin çox hissəsinin qırılması, dağ yamaclarının boşalması da daşqınların olmasına stimul verir. Ola bilsin qış quraq keçsə də yazda gur yağışlar olsun. Belədə daşqınların baş verməsi normal halda da ola bilər, artım və ya azalmanın olması da istisna deyil. Digər tərəfdən aylar üzrə yağışların bərabər paylanması fonunda daşqınların olması ehtimalı da cüzi olar. Bütün hallarda çox illik təcrübə və rəqəmlərə nəzər yetirsək görərik ki, yaz aylarında çaylarda daşqınların olma ehtimalı mövcuddur. Ancaq əksər ölkələrdə prosesin tənzimləyici faktorları da var. Meşələrin, dağ yamaclarının bərpası, terrasların salınması fonunda gələcəkdə daşqınların olmasının qarşısını xeyli dərəcədə almaq mümkündür. Lakin hələlik Azərbaycanda meşələrin azlığı, dağ yamaclarının qılırması, terrasların yoxluğu kimi problemlər yaşanır. Belə olan halda daşqınların olması ehtimalı da artır. Ola bilər ki, ölkədə sürətli yağıntılar bir aydan sonra, yəni ağacların yaşıllaşdığı vaxta düşsün. Bilirsiniz ki, yaşıl massivə düşən yağıntılar səngiyir və belədə sel, daşqın təhlükəsini də xeyli dərəcədə azaldır. Ona görə də düşünürəm ki, daşqın təhlükələri barədə məlumata malik olmaq üçün bütün təbii və antropogen amillər nəzərə alınmalıdır. Qabaqcadan məsələ barədə nəsə demək olmaz. Lakin çoxillik təcrübə üzümüzə gələn bir neçə ayın daşqınlar mövsümü olduğundan xəbər verir".

Müstəqil ekoloq Samir İsayev isə bildirdi ki, daşqın təhlükəsilə bağlı dəqiq proqnoz verə bilməz: "Daşqınların olub-olmayacağı barədə indidən dəqiq nəsə demək mümkün deyil. Daşqın təhlükəsində əsas amil rolunu dağlardakı qarların əriməsi oynayır. Adətən daşqın prosesi istilərin düşməsilə başlayır. Cari il üçünsə daşqınla bağlı proqnoz vermək mümkünsüzdür. Çünki ölkədə qarın yağması hallarını elə də müşahidə etmədik. Dağlarda qar var. Amma həmin qarın əriməsi istilərin sürətilə bağlıdır. Yaz aylarında isti birdən-birə güclənsə, qarın əriməsinin sürətlənərək daşqın təhlükəsinə gətirib çıxarması ehtimalı da güclüdür. Amma indidən bununla bağlı dəqiq proqnoz vermək olmaz".