news Image
2013.03.06
07:27
| A A A
Banklara borclu insanların sayı artır
Vüqar Bayramov: "Hələlik istehlak kreditlərinin verilməsi səbəbindən Azərbaycanın bank sektorunda böhranın yaranması riskləri azdır" Samir Əliyev: "İstehlak kreditinin həcminin artması ona işarədir ki, bankların ölkə iqtisadiyyatında rolu getdikcə aşağı düşür"

Araşdırmalar göstərir ki, Azərbaycandakı kommersiya bankları əsasən istehlak kreditləri verməyə daha çox meyllidir. Adətən əhali istehlak kreditini müxtəlif şəxsi tələbatlarını ödəmək üçün alırlar. Məsələn, insanlar məişət avadanlıqları, kompüter, telefon, mebel, avtomobil və s. almaq üçün bir çox hallarda istehlak krediti üçün banklara müraciət edirlər.

Ölkədəki bankların istehlak kreditləri verməyə daha çox meyllənməsi bankların bu sahə üzrə ciddi rəqabət aparmalarına gətirib çıxarıb. Amma istehlak kreditlərinin çox verilməsi şəraitində əhali də ciddi şəkildə borca düşür. Bu da istər-istəməz sonda ciddi təhlükələr doğura bilər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov "Mövqe"yə açıqlamasında bildirdi ki, son zamanlar banklar hüquqi şəxslərdən daha çox, fiziki şəxslərlə işləməyə üstünlük verib: "Son vaxtlar Azərbaycandakı bankların istehlak bazarı və ya pərakəndə bankçılıqla məşğul olmalarına marağının artması müşahidə olunur. 2012-ci ildən başlayaraq ölkəmizdə bir neçə bank istehlak bankçılığı ilə məşğul olmağa girişib. Bu isə birmənalı şəkildə bank sektorunda istehlak kreditinə marağın yüksək olması ilə bağlıdır. Amma istehlak kreditləri nisbətən riskli kreditlər hesab olunur. Əksər kiçik həcmli istehlak kreditlərində girovların tələb olunmadığını nəzərə alsaq, bu kreditin risqlilik əmsalı digər kredit növlərilə müqayisədə daha çoxdur. Amerika Birləşmiş Ştatlarında maliyyə böhranı da məhz istehlak kreditlərinin çoxluğu şəraitində baş vermişdi. Bu da onu göstərir ki, istehlak kreditlərinin verilməsində kəskin artımlar müəyyən narahatçılıq doğura bilir. Mərkəzi Bankın məlumatına görə, bankların fiziki şəxslərlə işləməsində də artımlar müşahidə edilir. Şirkətlərə, yəni hüquqi şəxslərə nisbətən banklar daha çox fərdlərlə işləməyə üstünlük verir. 2012-ci ilin yanvar ayında kommersiya banklarının xidmət göstərdiyi hüquqi şəxslərin sayı 6868 nəfər idisə, cari ilin yanvarında bu rəqəm 9168 nəfərə çatıb, yəni 33 faiz artım olub. Bu müddət ərzində fiziki şəxslərin sayında isə daha ciddi artımlar var. Keçən ilin yanvarında ölkənin kommersiya bankları 700-800 min fiziki şəxsə xidmət göstərirdisə, cari ilin analoji dövründə bu rəqəm 1 milyon 516 min 184 nəfərə çatıb. Bu da 2,2 dəfə artım deməkdir. 2012-ci ilin martın 1-nə olan məlumata görə kommersiya banklarının əhaliyə istehlak krediti formasında verdikləri kreditin həcmi 4,5 milyard manatdır. Bu isə bütövlükdə kredit portfelinin 36 faizi deməkdir".

Həmsöhbətimiz istehlak kreditlərinin verilməsi sahəsində ciddi artımların olmasını arzuolunan hesab etmədi: "Belə ciddi artımlar birmənalı şəkildə müəyyən narahatçılıq doğurur. Amma hələlik istehlak kreditlərinin verilməsi səbəbindən Azərbaycanın bank sektorunda böhranın yaranması riskləri azdır. İstehlak kreditlərinin həcmində artım olsa da, digər ölkələrlə müqayisədə ölkəmizdə bu tip kreditin kredit portfelində payı elə də çox deyil. Digər tərəfdən problemli kreditlərin strukturuna baxsaq, kreditləri geri alınmayan kommersiya banklarının sırasında pərakəndə bankçılıqla məşğul olan bankların sayı azdır. Problemli kreditlərin böyük əksəriyyəti hüquqi şəxslərin payına düşür. Bu da ondan xəbər verir ki, ölkəmizdə hüquqi şəxslərlə işləmək, fiziki şəxslərlə işləməkdən daha risklidir. Bunun da müəyyən qədər bank sektorundan asılı olmayan səbəbləri var. O baxımdan birmənalı şəkildə çalışmaq lazımdır ki, istehlak kreditlərinin həcmində ciddi artımlar baş verməsin. Amma həmin həcmin də müəyyən qədər limitləşdirilməsinə ehtiyac yaranıb. Bununla belə yaxın illərdə istehlak kreditləşməsi ölkənin bank sektorunda ciddi problemlər yaratmayacaq".

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev isə qeyd etdi ki, istehlak kreditlərinin artması bankların ölkə iqtisadiyyatındakı rolunun aşağı düşməsinə işarədir: "Bankların kredit portfelində istehlak kreditlərinin artması bütün ölkələr üçün heç də arzuolunan hal deyil. Azərbaycan, Rusiya və Ukraynada istehlak kreditlərinin həcminin artmasından istər-istəməz narahatçılıq ifadə olunur. İstehlak kreditlərinin artmasının əsas səbəbi istehsal üçün ayrılan biznes kreditlərinin böyük vəsait tələb etməsilə bağlıdır. Biznes kreditində ən aşağı məbləğ 10 min manat, ən yuxarısı isə milyonlarla manat ola bilər. Yəni istehsal krediti üzrə ayrılan vəsaitlər nə qədər sərfəli olsa da, kredit geri qayıtmayanda proses bank üçün təhlükəli hal yaradır. Ona görə də indi banklar istehlak kreditlərinə girişib. Təsadüfi deyil ki, ölkəmizdə geri qayıtmayan problemli kreditlərin həcmi də artır. Banklar özlərini sığortalamaq üçün üz tutur istehlak kreditlərinə. İstehlak kreditinin adətən həcmi az olur, burada söhbət bir neçə min manatdan gedə bilər. Belədə ona uyğun olaraq faiz dərəcəsi də artır. Təbii ki, hər hansı problem yarananda da bu banka elə də ciddi zərbə vurmur. Amma istehlak kreditlərinin artması həm də o deməkdir ki, ölkə iqtisadiyyatı zəruri pul vəsaitilə təmin olunmur. Yəni banklar istehsalı stimullaşdırmaqda, orta və kiçik müəssisələrə vəsait ayırmaqda maraqlı deyillər. İstehlak krediti isə fərd olaraq insanların hansısa məişət probleminin həllinə, tələbatının ödənilməsinə yönəldilir. İstehlak kreditinin həcminin artması ona işarədir ki, bankların ölkə iqtisadiyyatında rolu getdikcə aşağı düşür və onlar istehsalın inkişafında maraqlı olmurlar".