news Image
2013.03.06
17:17
| A A A
İran səfirliyi: “Azərbaycanla sadələşdirilmiş sərhəd müqaviləsinin uzadılmasına hazırıq”

Milli Məclisin sədri Oqtay Əsədovun parlamentin ötən gün keçirilən iclasında qaldırdığı İranla sadələşdirilmiş sərhəd məsələsinə bu ölkənin Azərbaycandakı səfiriliyi rəsmi münasibət açıqlayıb. Səfirliyin mətbuat xidmətininn verdiyi məlumatda bildirilir ki, İran iki ölkə arasında sadələşdirilmiş gediş-gəlişin bərpa olunmasının tərəfdarıdır və bununla bağlı Azərbaycan hakimiyyətinə müraciət olunub.


"Biz Azərbaycan Respublikasının Milli Məclisinin iki ölkənin sərhədyanı bölgələrində yaşayan əhalisinin sadələşdirilmiş gediş-gəlişi üçün  müqaviləyə yenidən baxmağa hazır olmasını alqışlayırıq. Bu məsələ ilə bağlı razılığımızı bildiririk. İran İslam Respublikası bu müqavilənin uzadılmasına hazır olduğunu rəsmi şəkildə Azərbaycan dövlətinə bildirib. Biz iki dövlətin xalqları  arasında əlaqələrin gücləndirilməsi üçün sadələşdirilmiş gediş-gəlişin bərpa olunmasını müsbət qiymətləndiririk. Bu cür sadələşdirmələr iki xalqın istəyidir", – deyə səfirlikdən açıqlama verilib.


Qeyd edək ki, Milli Məclisin sədri Oqtay Əsədov parlamentin dünənki iclasında İranla 45 km-lik sərhəd bölgəsində yaşayanlar sadələşdirilmiş gəliş-gedişlə bağlı ləğv edilmiş sənədin yenidən bərpa edilməsinin mümkünlüyünü bildirib.


 "Gələcəkdə bu müqavilənin yenidən imzalanması arzu olunsa, o zaman biz yenidən məsələyə qayıda bilərik".


Milli Məclisin 2012-ci il dekabrın 11-də keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında" sənəd ləğv edilib.