news Image
2013.03.07
07:05
| A A A
Gürcüstanda Azərbaycan üçün təhlükəli proseslər
Qonşu ölkədə soydaşlarımızı təxribata təhrik etmək cəhdləri müşahidə olunur

Qonşu Gürcüstanla Azərbaycan arasında inkişaf edən münasibətlərə kölgə salmaq istəyən qüvvələrin mövcudluğu danılmaz həqiqətdir. Məsələn, Moskvadakı "Milyarderlər İttifaqı"nın üzvü Söyün Sadıqovun bu istiqamətdə fəaliyyət göstərməsi məlumdur.

Bel əbir vaxtda isə Gürcüstanda yaşayan azərbaycanlılar Tiflisdə Prezident sarayı qarşısında etiraz aksiyası keçiriblər.Təxminən 50 nəfər Mixail Saakaşvilinin Bakıdan qayıdarkən etdiyi bəyanatlara görə üzr istəməsini tələb edirlər. Azərbaycanlıların kompakt yaşadığı Qardaban rayonundan gələn aksiya iştirakçıları bildiriblə: "Mixail Saakaşvili bildirib ki, Gürcüstan azərbaycanlıları özlərinə muxtariyyət tələb edirlər. Bu, yalandır. Biz heç zaman muxtariyyət tələb etməmişik, çünki Gürcüstanda yaşayırıq və özümüzü ölkənin bərabərhüquqlu vətəndaşı hesab edirik".

Onlar bildiriblər ki, prezident M.Saakaşvili həmvətən-azərbaycanlılara qarşı təhqirlərinə görə üzr istəmədiyi müddət ərzində aksiyalar daim keçiriləcək. Ekspertlər isə bildirir ki, baş verənlər Gürcüstanda Azərbaycan üçün müəyyən təhlükələr yaradır. Bu təhlükənin əsas məqamlarından biri isə məhz Tiflis hökuməti ilə Gürcüstanda yaşayan azərbaycanlılar arasında hansısa gərginlyin yaranmasıdır. Bu mənada istisna olunmur ki, Gürcüstanda soydaşlarımızın aksiyasını müəyyən maraqlı qüvvələr təşkil ediblər.

Bu arada Gürcüstanın baş naziri Bidzina İvanişvili bildirib ki, Mixail Saakaşvili öz bəyanatları ilə Azərbaycanda hamını qəzəbləndirib. İvanişvili dünən "İmedi" telekanalına müsahibəsində prezident ilə görüşdə M.Saakaşvilinin öz bəyanatlarına görə ictimaiyyət qarşısında üzr istəməsini tələb etdiyini, amma prezidentin imtina etdiyini bildirib: "O, hələ də əmindir ki, çox güclü bəyanat verib, xüsusi sərəncamla axtarışda olan Ukrayna vətəndaşına Gürcüstan vətəndaşlığı verməklə düzgün hərəkət edib. Onu Ukraynanın yüksək vəzifəli məmurları izlədikləri üçün ona Gürcüstan vətəndaşlığının verilməsi məsuliyyətsiz bəyanat idi".

Politoloq Mübariz Əhmədoğlu da bildirir ki, İndi Gürcüstanda baş verən hadisələr Cənubi Qafqaz regionuna təsir göstərə bilər. Onun sözlərinə görə, baş nazir Bidzina İvanişvili Ermənistan və Rusiyaya meyl etməklə regionda müstəqillik illərində formalaşmış siyasi arxitekturanı dağıdır. Bu, ermənilərin daha da aktivləşməsinə səbəb ola bilər. Politoloq bildirib ki, ermənilər Cavaxetiya regionunda xeyli aktivləşiblər: "Cavaxetiya regionunda erməni separatizminin fəallaşması Gürcüstanı Ermənistana gedən yolu kəsməyə vadar edəcək".

Rusiyada dərc edilən "Nevazisimaya qazeta" isə bildirir ki, Saakaşvilinin Azərbaycandan qayıdan zaman Tiflis hava limanında verdiyi bəyanat rəsmi Bakı tərəfindən də ciddi qarşılanmayıb. Söhbət Saakaşvilinin "Milyarderlər İttifaqı"nın üzvlərinin Azərbaycana qarşı qəsd planı hazırlamasına dair səsləndirdiyi fikirlərdən gedir. "Nevazisimaya qazeta" Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun məsələyə münasibətini nümunə göstərib: "Prezident Saakaşvilinin Rusiyadakı bir neçə azərbaycanlının Azərbaycana qarşı təhlükəli mövqedə olmaları barədə verdiyi barədə yalnız onun özünün şəxsi mövqeyi hesab etmək lazımdır. Vahid Ələkbərov və digərləri haqqında prezident Saakaşvilinin dediyi fikirlərin həqiqətə uyğun olması inandırıcı deyil. Mən şəxsən bu səfər zamanı keçirilən görüşlərdə iştirak etmişəm və sizə onu qətiyyətlə deyə bilərəm ki, deyilən fikirlər ətrafında heç bir müzakirə aparılmayıb və ona ehtiyac da yox idi. Bəyanatda söhbət Rusiyada yaşayan azərbaycanlılardan getdiyi üçün mən bildirirəm ki, bu gün Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli və çoxtərəfli münasibətlər elə xarakter daşıyır və elə səviyyədədir ki, bəyanatda səslənən fikirlərə burada yer yoxdur və ola da bilməz. Mən təəssüf edirəm ki, o, Rusiya ilə bağlı fikirlərini Azərbaycana da aid edib".