news Image
2013.03.07
07:06
| A A A
Azərbaycan şirkətləri Misir piramidalarını icarəyə götürə bilər?!
Abbas Əliyev: “Bizdə hələlik bu barədə hansısa məlumat yoxdur” Vüqar Bayramov: “İndiki mərhələdə Misirə investisiyaların qoyulması siyasi baxımdan səmərəli hesab olunmur”

Rövşən Talıbzadə: "Bu gün Azərbaycanın elə turizm bölgələri var ki, investisiyanı onlara yatırmaq daha məqsədəuyğun hesab edilərdi"

Xəbər verildiyi kim, Misir Maliyyə Nazirliyi ölkə iqtisadiyyatının sürətlə bərpası üçün Mədəni Dəyərləri Mühafizə üzrə Nazirliyə tarixi abidələrin icarəyə verilməsini təklif edib. Söhbət məşhur piramidalardan, o cümlədən Luksor və Abu-Simbledəki məbədlərdən gedir.

Maliyyə Nazirliyi hesab edir ki, bu abidələrin turist şirkətlərinə icarəyə verilməsi 5 il ərzində ölkəyə 200 milyard dollar gəlir gətirə bilər. Artıq bir sıra ölkələr Misir tərəfinin təklifi ilə maraqlanmağa başlayıb. Ekspertlər Azərbaycanın da bu məsələyə diqqət yetirməsinin vacibliyini bildirirlər.

Yəni, Azərbaycanın da son zamanlar dünyanın müxtəlif ölkələrinə həm daşınmaz əmlaka, həm də digər sahələrə investisiylar yatırması baxımından bu dəfə də Misir təklifini yoxlaması gündəmə gələ bilər. Amma hələlik bu cür addımın atılacağı barədə nə dövlət səviyyəsində məlumat var, nə də ekspertlər bunu effektiv hesab etmir. İqtisadi Inkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev qəzetimizə hələlik bu barədə hansısa məlumatların olmadığını bildirdi.

İqitisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov isə bildirir ki, Misir piramidaları dünyanın qədim, tarixi yerlərindən biri hesab olunur: "Hətta Misir piramidları dünyada ziyarət olunan yerlərdən ilk beşliyə daxildir. Misirin turizm sektorundan gəlirləri ölkə gəlirlərinin əhəmiyyətli bir hissəsini təşkil edir. İl ərzində Misirin turizm sektorundan olan gəlirləri təxminən 15 milyard avrodan artıqdır. O baxımdan Misirdə piramidaların idarəetməyə götürülməsi, Misir turizm sektoruna investisiya qoyulması turistlərin sayını və turizm bazarındakı marağı nəzərə almaqla iqtisadi baxımdan sərfəli hesab edilə bilər. Amma eyni zamanda probelmin digər tərəfi ondan ibarətdir ki, bu gün Misirdə baş verən siyasi hadisələr Misirdə perspektiv baxımdan turizm sektorunun inkişaf imkanlarını xeyli azaldır. Məsələnin digər tərəfi də ondan ibarətdir ki, son illər baş verən vətəndaş qarşıdurmasından sonra Misirin turizm sektorunda azalmalar müşahidə olunub. 2012-ci ilin yekunlarında dövlət gəlirlərində kəskin azalmalar müşahidə olundu ki, bu da turizm sektorunda olan azalmalar ilə bağlı idi. O baxımdan indiki mərhələdə Misirə investisiyaların qoyulması siyasi baxımdan səmərəli hesab olunmur. Siyasi baxımdan kifayət qədər riski olan bir sektor kimi qiymətləndirilir. Hələlik Misir investisiya qoyuluşları baxımından cəlbedici ölkə deyil. Perspektiv baxımından müəyyən cəlbedicilik ola bilər. Amma siyasi baxımdan elə də cəlbediciliyi yoxdur. Buna görə də Azərbaycan şirkətlərinin Misir piramidalarını icarəyə götürməsi məqbul deyil".

"Əmlak Bazarı İştirakçıları" İctiami Birliyinin üzvü Rövşən Talıbzadə də Azərbaycanın Misir piramidalarını icarə götürməsini effektiv hesab etmir. Amma tam başqa səbəbdən: "Bu gün investisiya yatırmaq üçün Azərbaycana çox ölkələrdən təkliflər var. İnvestisiyalarımız da ən çox Rusiya, Gürcüstan və Türkiyədədir. Amma söhbət sərmayanın məhz Misir piramidalarına yatırılmasından gedirsə, bunun məqsədəuyğun hesab edilməsini demək çətindir. Çünki, Azərbaycanın turizm potensialı daha çox inkişaf edib. Bu gün Azərbaycanın elə turizm bölgələri var ki, investisiyanı onlara yatırmaq və xarici turistləri bura cəlb etmək daha məqsədəuyğun hesab edilərdi. Çünki, Azərbaycanın investisiya yatırmağa böyük ehtiyacı olduğu sahələr var. Məsələn, aqrar sənaye komplekslərinin, enerji təhlükəsizliyinin, neft- kimya məhsullarının inkişafına və digər sahələrə investiyaların yatırılması ölkəmizin iqtisadiyyatı üçün daha çox gəlirli ola bilər. Amma Misirdə turizm sahəsinə investisiya yatırmaq Azərbaycan üçün məqsədəuyğun deyil".