news Image
2012.04.26
13:59
| A A A
Uşaqlar üçün internet daha böyük fəsadlar yaratmağa başlayır
Bəxtiyar Məmmədov: «Optimal yol süzgəc proqramlarından istifadə etməkdir» Osman Gündüz: «Günü-gündən müxtəlif saytların yaranması və saylarının sürətlə artması fonunda məsələ daha da qəlizləşir»

Əhməd Qəşəmoğlu: "Dövlət səviyyəsində məlum saytların ölkə üzrə fəaliyyətinin qarşısını almaq lazımdır"

Azərbaycanda son illər texnologiyanın geniş tətbiqi və inkişafı ilə əlaqədar olaraq vətəndaşların internetə çıxış imkanları sürətlə artıb. Bu gün respublikanın əksər ucqar vilayətlərində belə sürətli internet xətləri fəaliyyət göstərir.

Bu bir tərəfdən inkişafın göstəricisidirsə, digər tərəfdə bir sıra problemlərin başlanğıcı deməkdir. Söhbət azyaşlıların saatlarla kompyuter qarşısında oturub arzuolunmaz internet saytlarına daxil olaraq, zərərli informasiyalara çıxış imkanı əldə etmələrindən gedir.

Bu problem təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində mövcuddur.

Bu səbəbdəndir ki, internetin vətəni sayılan Amerikada yeniyetmələr gün ərzində maksimum iki saat kompyuter qarşısında otura bilirlər. Burada uşaqların fəaliyyətinə valideyn nəzarəti olduqca güclüdür. Bəs, Azərbaycanda vəziyyət necədir? Yeniyetmələrin internetdə zərərli informasiyalara çıxışlarının qarşısını almaq üçün imkanlar varmı?

Bu sualın cavabına keçməzdən öncə bildirək ki, bir müddət öncə Bakı şəhər Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Hüseyn Əliyev bildirib ki, internet vasitəsilə uşaqların seksual zorakılığa cəlb edilməsi geniş yayılıb. Sosial şəbəkələr gənc və orta nəslin yox, azyaşlıların gündəlik oyun, ünsiyyət məkanlarından birinə çevrilib: "Uşaqlar arasında sosial şəbəkələrə maraq gündən-günə artır və bu maraq xoşagəlməz olur. Gənclərin əksəriyyətinin bilik və bacarıqlarının artırılması üçün bu xidmətlərdən istifadə etməsinə baxmayaraq, uşaqların bəziləri "Facebook", "Odnoklassniki" və "Twitter" kimi tanınan sosial şəbəkələrə daxil olaraq erotik və pornoqrafik görüntülərə baxır ki, bu da əqli, mənəvi inkişafa mənfi təsir göstərir".

Milli İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, yeniyetmələrin İnternetdə zərərli informasiyalara çıxışı bütün dünya sosioloq və texnoloqlarını narahat edir: "Kompyuterlə yanaşı, mobil telefonlar da arzuolunmaz internet ünvanlarına çıxışı sürətləndirir və formalaşmamış insanların yanlış yola düşməsinə səbəb olub. Bir vaxtlar Amerika alimləri hesab edirdilər ki, uşaqlar üçün interneti qadağan etmək olmaz. Guya, yeniyetmələr lazımi informasiyalardan doyandan sonra əhəmiyyətli informasiya axtarışına üstünlük verəcəklər. Bəzi Avropa və Yaponiya alimləri buna sərt reaksiya vermişdilər. Sübut olunub ki, interneti nəzarətsiz qoyanda fəsadlar yaradır. Günü-gündən müxtəlif saytların yaranması və saylarının sürətlə artması fonunda məsələ də daha da qəlizləşir. Bəs, necə edək ki, yeniyetmələri təhlükəli, zərərli saytlardan uzaq tutaq? Artıq bəzi ölkələrdə aidiyyəti dövlət qurumu zərərli saytların siyahısını tutub və onların adlarını komyuterlərin blok edilmiş saytlar sırasına daxil etməklə yeniyetmələrin onlara çıxışını məhdudlaşdırır. Bu proqram yalnız mövcud saytlara girişi məhdudlaşdırır. Yeni yaranan arzuolunmaz saytlara giriş qüvvədə qalır". O.Gündüzün sözlərinə görə, bu məsələdə valideynlərin üzərinə böyük iş düşür.

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, yeniyetmələrin arzuolunmaz saytlara girişini məhdudlaşdırmaq mümkündür: "Dövlət səviyyəsində məlum saytların ölkə üzrə fəaliyyətinin qarşısını almaq lazımdır. İranda belə məsələlərə ciddi nəzarət edirlər. Milli-mənəvi dəyərləri qorumaq, yeniyetmələrin sağlam, milli təfəkkürə malik şəxsiyyət kimi formalaşması üçün bu sahədə sərt tədbirlər həyata keçirmək lazımdır".

Sosioloq hesab edir ki, orta məktəblərdə və telekanallarda azyaşlılar arasında maarifləndirmə işləri aparılmalıdır: "Onlara düzgün yol göstərilməlidir. Zərərli informasiyaların insan həyatında oynadığı mənfi, faciəli rollar əyani şəkildə onlara başa salınmalıdır. Şəxsən, mən artıq evdə uşaqların internetdən istifadəsinə birmənalı şəkildə məhdudiyyət qoymuşam. Yalnız özüm, o da müəyyən vaxtdan sonra sosial şəbəkələrə, informasiya saytlarına nəzər yetirirəm, ölkədə baş verən ictimai-siyasi prosesləri öyrənirəm".

Ə.Qəşəmoğlu saatlarla kompyuter qarşısında oturmağın zərərindən də danışdı: "Bu yeniyetmənin fiziki və əqli inkişafının qarşısını alır. Onun real aləmə reaksiyasını öldürür. İnsanlarla ünsiyyətdə müəyyən problemlər yaradır və s".

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hüquq şöbəsinin müdiri Bəxtiyar Məmmədov hesab edir ki, azyaşlıların zərərli saytlara girişini yalnız valideynlər xüsusi proqramları kompyuterə yükləməklə məhdudlaşdıra bilər: "Optimal yol süzgəc proqramlarından istifadə etməkdir. Məsələn, Təhsil Nazirliyi orta məktəblərdəki komyuterlərə həmin proqramları yerləşdirib və uşaqlar arzuolunmaz internet resurslarından istifadə edə bilmirlər. Dövlət səviyyəsində bunu həyata keçirmək mümkün deyil. Hər bir internet klubda, məktəbdə, ailədə belə bir məhdudlaşdırıcı proqramlar olmalıdır".

R.Qaçayoğlu


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs