Əlaqə Arxiv
news Image
2013.03.08
07:35
| A A A
Azərbaycanın sualtı qayıqlar alması zərurətə çevrilir
Qabil Hüseynli: “Azərbaycan Xəzər dənizinin militaristləşməsinin əleyhinədir” Emin Həsənli: “Rusiya və İran bu cür addımlar atırsa, təbii ki, Azərbaycan da özünün təhlükəsizliyni qorumalıdır”

Məlumdur ki, bir müddət əvvəl İran hökuməti Xəzər dənizinə hərbi dəniz qüvvələrinin sualtı gəmilərinin yerləşdiriləcəyi barədə məlumat vermişdi. Bu barədə İranın Hərbi Dəniz Qüvvələri Komandanlığının nümayəndəsi, admiral Abbas Zəmini bildirmişdi ki, sualtı qayıqlar və onların şəxsi heyəti bütün ölkələr üçün xüsusi rola malikdir. Daha sonra Abbas Zəmini qeyd etmişdi ki, Fars körfəzi sularına ağır sualtı qayıq yerləşdirilib və bununla əlaqədar olaraq İranın silahlı qüvvələri Xəzər dənizində daha yüngül qayıqlar yerləşdirəcək.

Belə olarsa, aydın məsələdir ki, İrandan başqa Xəzəryanı ölkələrdən Rusiyanın Xəzərə hərbi sualtı gəmilər gətirməsi qaçılmaz olacaq. Hələlik digər 3 ölkənin isə Xəzər dənizində bu tip hərbi qayıqlarının olması barəsində məlumat yoxdur. Lakin Xəzərdə silahlanan İranın və Rusiyanın Azərbaycana olan münasibətini nəzərə alsaq, bizim də Xəzər dənizində sualtı hərbi qayıqlarımızın olması gündəmə gəlir. Ekspertlər isə hələlik buna zərurətin olmadığını bildirirlər.

Politoloq Qabil Hüseynli qeyd edir ki, Xəzər dənizinin militaristləşdirilmədən, yəni silahlandırmadan uzaq olması haqqında hələ SSRi dövründə SSRİ ilə İran arasında müqavilə imzalanıb: "Həmin müqavilə də hələ gücdən düşməyib. O müqaviləyə görə, Xəzər dənizində hərbi dəniz donanmasının saxlanılması nəzərdə tutulmur. Yalnız sahilqoruyucu gəmilərin saxlanılmasına icazə verilir. İrana isə ümumiyyətlə, Xəzər dənizində hətta kiçik hərbi qayıqların saxlanılmasına icazə verilmir. Bəli, bu gün Rusiya Xəzərdə özünün hərbi dəniz donanamasını çox sürətlə artırır. Sualtı qayıqları da var. İran da elan edib ki, bu əraziyə kiçik sualtı qayıqları buraxacaq. Bu Xəzərə dənizinin millitarisləşməsi, kiçik, qapalı dənizin çox böyük "barıt çəlləyi"nə çevrilməsinə gətirib çıxaracaq. Azərbaycan heç zaman Xəzər dənizində hərbi sualtı qayıqlar saxlamaq istəyində olmayıb. Bu nöqteyi-nəzərdən mənə elə gəlir yəqin ki, bundan sonra da olmayacaq. Azərbaycan Xəzər dənizinin militaristləşməsinin əleyhinədir. Yəqin ki, beynəlxalq qurumlar da Xəzər dənizində olan sürətli silahlanmanı görərək, bunun haqqında vacib reaksiyalar verəcəklər. Xəzər dənizinə sualtı qayıqların gətirilməsi xüsusilə təhlükəlidir. Məhdud bir kvota ilə müəyyən suüstü hərbi gəmilərdən istifadə edilməsinə dair razılıq əldə edilib. Amma Xəzər dənizinin bu miqyasda sualtı gəmilərlə təchiz edilməsinə izn verilməyib. Yəqin ki, Azərbaycan da belə bir addımın atılmasına getməyəcək. Yeri gəldikdə, beynəlxalq təşkilatlarda Xəzər dənizinin bu cür hərbiləşdirilməsinə qarşı xüsusi bəyannamə ilə çıxış edəcək".

"Silahlı Qüvvələrə İctimai Nəzarət Mərkəzi" İctimai Birliyinin sədri Emin Həsənli bildirir ki, Azərbaycan hər zaman sülhün tərəfində olub: "Bu gün Azərbaycan əsgəri beynəlxalq sülhə töhfə verir. Hətta erməni ilə də sülh danışığı aparır ki, regionda müharibə alovlanmasın. Baxmayaraq ki, hərbi qüdrəti ondan güclüdür. Xəzər dənizi də bizim təbii sərvətimizdir. Orda bizim enerji qaynaqlarımız var. Azərbaycan dövləti hər zaman Xəzərdən sülh məqsədi üçün istifadə edilməsinə, beş dövlət arasında sülh şəraitində yaşaması üçün səylər göstərir. Hətta Xəzər dənizinin bölünməsi təbii yolla tənzimlənən məsələdir. 1921 - 1940 ci illərdə İran - Rusiya müharibələrində İranla Sovet arasında olan müqavilələdə öz əksini tapıb. Xəzərə aid 3 dövlətdə - Rusiya, Qazaxıstan və Azərbaycan arasında müqavilə var. Türkmənistan və İranla da o danışıqlar gedir. Yəni, Azərbaycan maksimum çalışır ki, qonşularla sülh şəraitində yaşasın. O cümlədən də Xəzər dənizinin hərbiləşdirilməmiş bir ərazi olmasına can atır. Amma Rusiya və İran bu cür addımlar atırsa, təbii ki, Azərbaycan da özünün təhlükəsizliyni qorumalıdır. Dövlətin mövcudluğu üçün ən vacib olan məsələ budur. Xəzər dənizi Azərbaycan üçün strateji əhəmiyyətlidir. Amma Azərbaycan etdiklərinin hamısını müdafiə məqsədi üçün edir".
Sizin Reklam Yeriniz