news Image
2013.03.08
07:37
| A A A
Rublun dəyərdən düşməsi Azərbaycana da təsirsiz ötüşməyəcək
Şimal qonşumuzdan gələn malların qiymətinin aşğı düşməsi gözlənir

Son günlər müşahidə olunan proseslərdən biri də rus rublunun kursunun yenidən aşağı düşməsidir. Ekspertlər hesab edir ki, şimal qonşumuz ixrac potensialını gücləndirmək üçün məqsədyönlü şəkildə bu istiqamətdə addımlar atır. Bakının valyutadəyişmə məntəqələrində də rublun kursunun cüzi də olsa aşağı düşdüyünü deyirlər.

Qarşıdakı dövrərzində isə rublun kursunun daha sürətlə aşağı düşməsi proqnozlaşdırılır. Ekspertlər isə yaranmış vəziyyəti dünyada neftin qiymətinin aşağı düşməsi ilə izah edir. Hesab olunur ki, Azərbaycanda rublun kursunun aşağı düşməsi Rusiya ilə bağlıdır. Xatırladaq ki, rus rublu bivalyuta səbəti əsasında müəyyən olunur. Bu bivalyuta səbətinin 55 faizi dollar, 45 faizi avrodur. Ona görə də son bir neçə gündə dünya bazarlarında dolların müəyyən qədər möhkəmlənməsi rublun kursuna təsir göstərib. Digər tərəfdən də rubl neftin qiymətindən birbaşa asılı olan valyutalardandır. Rusiyanın özündə də hesab edilir ki, rublun belə ucuzlaşması bir neçə amillə bağlıdır. Birincisi, avro Avrozonada ciddi şəkildə zəifləyib, ucuzlaşıb. Avropanın bir sıra ölkələri bununla bağlı böhran yaşayır. Bu səbəbdən də dünyanın bir sıra nəhəng investorları risqli aktivlərdən imtina edərək daha etibarlı olan qızıl almağa üstünlük verir. İkincisi, dünya bazarlarında neftin ucuzlaşması hazırkı prosesə təsir göstərir. Ölkəmizdə də manat Rusiya rubluna nisbətdə bahalaşır. Manatın rubla nisbətən bahalaşmasının səbəbini isə ekspertlər yenə dollar amili ilə izah edir. Rusiyada rublun dollara nisbətən məzənnəsi aşağı düşürsə, bu, rublun manata nisbətən də aşağı düşməsinə gətirib çıxarır. Rubl dollara nisbətən möhkəmlənirsə, müvafiq olaraq, manata nisbətən də möhkəmlənir. Çünki manatın rubla, funt-sterlinqə və avroya çarpaz məzənnəsi var.

Rusiyalı maliyyə analitiklərinin fikrincə, rublun məzənnəsinin düşməsi ölkədə yaxın zamanlar ərzində qiymət artımına gətirib çıxaracaq. Analitiklər onu da deyir ki, qiymətlərin artması həm də Rusiya pərakəndə ticarət bazarında 40 faiz mal ehtiyatının idxal nəticəsində formalaşması ilə bağlıdır. Bu isə, faktiki olaraq, qiymətlərin qalxmasına təkan verir.

Qeyd olunduğu kimi isə, ekspertlər rus rublunun ucuzlaşmasının Azərbaycana da təsirsiz ötüşməyəcəyini deyir. Çünki Rusiya bizim əsas ticarət partnyorlarımızdandır. Rublun ucuzlaşması şimal qonşularımızdan gələn idxalın həcminin artmasına səbəb olacaq. Çünki manatın bahalaşması hesabına bu ölkədən gətirilən mallar xeyli ucuz olacaq ki, bu da yerli istehsalın rəqabət qabiliyyətini azaldacaq. Eyni zamanda bu, xaricdən göndərilən pul baratlarına da təsir göstərir. Çünki rublla qazanan soydaşlarımız Azərbaycana pul göndərəndə ya Rusiyada dollara çevirib göndərir, ya da Azərbaycanda manata çevirir. Bu isə soydaşlarımızın qazandığı pulun dəyərsizləşməsi deməkdir.

Onu da qeyd edək ki, rublla yanaşı, avro ilə bağlı baş verənlər yerli bankların xarici valyuta ilə aldıqları kreditlərə də ciddi təsir göstərir. Müxtəlif bankların kredit siyasətinin analizi onların milli valyuta ilə müqayisədə xarici valyuta ilə alınmış kreditlərdə böyük itkilərinin olduğunu göstərir. Bu da, öz növbəsində, bütün bank sistemi üçün əlavə kredit itkisi deməkdir. Digər tərəfdən, bu vəziyyət əhalinin və investorların yenidən manata üz tutmasına səbəb olub. Bu vəziyyətdə manatın sabitliyinin qorunub-saxlanması, əlbəttə ki, vacib şərt kimi çıxış edir. İqtisadçılar bildirir ki, Mərkəzi Bank bu istiqamətdə ciddi tədbirlər həyata keçirir.

Hələlik isə bəzi ekspertlər hesab edir ki, rublun məzənnəsinin aşağı düşməsi əslində həm Rusiya, həm də Azərbaycan üçün faydalıdır. Burada şimal qonşumuzun əldə etdiyi fayda ondan ibarətdir ki, idxal-ixrac əməliyyatı əsasən dollarla aparılır. İxracdan əldə etdiyi gəlirləri milli valyutaya dəyişəndə hökumət daha çox vəsait əldə edir.

İqtisadçılar düşünür ki, sözügedən proses Rusiya mallarının ixrac qiymətlərinin azalmasına gətirib çıxaracaq. Həmçinin, Azərbaycana idxal olunan mallar da ucuzlaşacaq. Çünki rus valyutasının dəyəri Azərbaycan manatı ilə müqayisədə aşağıdır. Ona görə də adıçəkilən ölkədən idxal olunan məhsulların hamısı getdikcə ucuzlaşacaq. Bununla yanaşı o da bildirilir ki, bu istehlakçıların mövqeyinə uyğun gəlsə də, sahibkarlar üçün hələlik arzuolunan deyil. Lakin hazırda sahibkarlar müəyyən ziyanla işləsələr də, bir müddət sonra onların da maraqlarına uyğun gələcək. Çünki məhsulun qiyməti nə qədər ucuz olarsa, satış da o qədər artır. Qeyd edək ki, Azərbaycanın idxalının təxminən dörddə biri məhz Rusiyadan gəlir.