news Image
2013.03.09
13:16
| A A A
Azərbaycan Müdafiə Nazirliyinin idarə rəisi “Ehtiyatda və istefada olan zabitlər” İB-nin müraciətini cavablandırdı

Azərbaycan Müdafiə Nazirliyinin hüquq idarəsinin rəisi, ədliyyə polkovniki Rauf Kişiyev "Ehtiyatda və istefada olan zabitlər" İctimai Birliyinin baş tutması mümkün olmayan piketə dəvətindən təəccübləndiyini deyib.

"Bu günlərdə ölkə mediasında yer almış "Ehtiyatda və istefada olan zabitlər" İctimai Birliyinin müraciəti məni çox təəccübləndirdi. Vaxtı ilə xidməti uyğunsuzluğa görə Silahlı Qüvvələr sıralarından buraxılmış, ictimai birliyin sədri Yaşar Cəfərli baş tutması mümkün olmayan piketə bizi dəvət etmişdir. Bu dəvətin üstüörtülü məqsədi bizə yaxşı məlumdur", - bu barədə Kişiyev İP-nin dəvətinə münasibət bildirərkən Trend-ə deyib.

O qeyd edib ki, başda Cəfərli olmaqla "Ehtiyatda və istefada olan zabitlər" İB-nin ordunun ləkələnməsi məqsədi ilə ardıcıllıqla davam etdirdiyi və sistematikliyi ilə xarakterizə edilən kampaniyası çərçivəsində müvafiq addımların atılması və həyata keçirilən məqsədyönlü fəaliyyət onun sifarişli olmasından və arxasında müəyyən qüvvələrin dayanmasından xəbər verir.

Kişiyev vurğulayıb ki, İB anlamır və ya anlamaq istəmir ki, onun qərəz dolu məlumatlar yayması, Silahlı Qüvvələrin rəhbərliyi və şəxsi heyəti haqqında mənfi rəy formalaşdırması, ictimaiyyət arasında qəsdən çaşqınlıq yaratma cəhdləri düşmənin dəyirmanına su tökməkdən başqa bir şey deyil.

Kişiyev deyib ki, belə işlərlə məşğul olmaq özünü Azərbaycan Respublikasının vətəndaşları hesab edən insanlara şərəf gətirmir və həmin şəxslər bilməlidirlər ki, onlar bu kimi hərəkətlər etməklə heç bir uğur əldə edə bilməyəcəklər.

"Sirr deyil ki, özünün amalı kimi ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların hüquqlarının və qanuni mənafelərinin müdafiə olunmasını bəyan etmiş bu qeyri-hökümət təşkilatı heç də səsləndirdiyi məqsədlərə xidmət etmir. Ona görə də Müdafiə Nazirliyinə və onun rəhbərliyinə qarşı ədalətsiz ittihamlar yağdıran bir şəxsin qeyri-hökümət təşkilatı təsis etməsi və fəaliyyət göstərməsi məndə yalnız təəssüf hissi doğurur", - Kişiyev deyib.

O bildirib ki, digər tərəfdən, əminliklə demək olar ki, həmin təşkilat Silahlı Qüvvələrə və onun rəhbərliyinə qarşı faktiki olaraq düşmənçilik oyadan təşviqat və təbliğatla, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunan fəaliyyətlə məşğul olur.

"Bu hal isə, öz növbəsində, həmin QHT-yə qarşı qanuni tədbirlərin görülməsinə hüquqi əsas yaradır və bu məsələ ilə bağlı aidiyyəti orqanlar tərəfindən ciddi tədbirlər görülməsinə ehtiyac vardır", - Kişiyev deyib

O vurğulayıb ki, Azərbaycan xalqının müdafiəçisi olan Silahlı Qüvvələrə qarşı qeyri-sağlam və qərəzli münasibətin gec-tez iflasa uğraması labüddür. Bu münasibəti göstərən şəxslər isə unutmasınlar ki, onlar nəinki öz aşkar və gizli işlərində müvəffəq olmayacaqlar, hətta özlərini rüsvay edəcəklər.