news Image
2013.03.10
11:17
| A A A
ABŞ-ın Hyuston Universitetində Azərbaycanla bağlı müzakirələr olub
Səfir Elin Süleymanov regional inteqrasiya üçün əsas maneənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu diqqətə çatdırıb Hyuston Universitetində Azərbaycanın enerji siyasəti barəsində müzakirələr aparılıb.
Səfir Elin Süleymanov Texas ştatının Hyuston şəhərinə səfəri çərçivəsində Hyuston Universitetinin professor-tələbə heyəti qarşısında "Xəzər dənizinin enerji resursları və Azərbaycan" mövzusunda çıxış edib.

Diplomat çıxışında Azərbaycanın dövlətçilik ənənələrindən bəhs edərək Azərbaycan Demokratik Cümhuriyyətinin fəaliyyətindən, Şərqdə ilk parlamentin qadınlara seçki hüququnun verməsindən danışıb. Müstəqilliyindən keçən 22 il ərzində Azərbaycanın beynəlxalq arenada nüfuzunun getdikcə daha da gücləndiyini bildirən səfir dövlətimizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsinin buna bariz nümunə olduğunu qeyd edib.

Azərbaycanın coğrafi reallıqlarının ölkənin xarici siyasət istiqamətlərinin formalaşmasında həlledici amil olduğunu deyən səfir bu xüsusda Azərbaycanın Rusiya və İran ilə həmsərhəd olan yeganə dövlət olması faktının nəzərə alınmasının zəruriliyini qeyd edib. E. Süleymanov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş praqmatik xarici siyasət kursunun hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Azərbaycanın enerji diplomatiyası barədə məlumat verən E.Süleymanov, ölkəmizin etibarlı müttəfiq kimi xarakterizə edilməsində ölkə rəhbərliyinin götürdüyü öhdəliklərə sadiqliyinin əsas rol oynadığını vurğulayıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində oynadığı roldan bəhs edən səfir hazırda gündəmdə olan enerji layihələri barəsində məlumat verib və bu layihələrin reallaşdırılması üçün ABŞ hökuməti tərəfindən davamlı siyasi dəstəyin göstərilməsinin vacibliyini qeyd edib.

Azərbaycanın öz qonşuları, xüsusilə Türkiyə və Gürcüstan ilə münasibətlərinin nümunəvi olduğunu bildirən səfir, regional inteqrasiya üçün əsas maneənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu diqqətə çatdırıb və münaqişənin fəsadları, eləcə də onun ağır nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan hökumətinin gördüyü tədbirlər barədə məlumat verib.