news Image
2013.03.12
07:44
| A A A
Dəyirmanlar yenə də yerli taxıla yaxın durmurlar
"Yerli dəyirmanların fermerlərdən taxıl almamasının başlıca səbəbi həmin taxılın keyfiyyətinin aşağı olması ilə bağlıdır" "Bu onunla əlaqədardır ki, yerli fermerlərin istehsal etdiyi buğda ərzaq buğdasına xas olan keyfiyyətləri daşımır"

Məlumatlara görə, ölkədəki un üyüdən dərmanlar yerli fermerlərdən demək olar ki, taxıl almır. Səbəb də odur ki, istehsal edilən məhsulun keyfiyyəti aşağıdır. Buna görə də Qazaxıstandan, Rusiyadan buğda alınır. Beləliklə, yerli fermerlərin istehsalı etdikləri taxıl keyfiyyətsiz olduğundan un dəyirmanları belə taxılı götürməyə maraq göstərmirlər və bazarı idxal buğdası tutur.

Bu səbəbdən də yerli fermerlərin istehsal etdiyi taxıl bəzən əllərində qalır. Görəsən, belə vəziyyətin yaranmasının səbəbi nədir?

İqtisadçı ekspert Cümşüd Nuriyevin fikrincə, dəyirmanların fermerlərdən taxıl almamasının başlıca səbəbi yerli məhsulun keyfiyyətinin aşağı olması ilə bağlıdır: "Yerli dəyirmanların fermerlərdən taxıl almamasının başlıca səbəbi həmin taxılın keyfiyyətinin aşağı olması ilə bağlıdır. Ona görə də yerli dəyirman sahiblərini günahlandırmağa da ehtiyac yoxdur. Taxıl toxumunun keyfiyyəti də yaxşı deyil. Sahibkarlara gələn aşağı keyfiyyətli taxıl toxumunu onlara yüksək qiymətlə satılır. Həm də Azərbaycana rayonlaşdırılmayan toxum sortları gətirilir. Bu sortlar da ölkəmizin iqlim şəraitinə uyğun deyil. Azərbaycanın əsas taxılçılıq zonası Kür-Araz ovalığıdır ki, ora da dəniz səviyyəsindən aşağıdır. Ona görə də dəyirmanların yerli fermerlərdən taxıl almamasını qınamaq lazım deyil. Azərbaycanda yetişən taxılın krekavinası, yəni nişastasının miqdarı da lazımi səviyyədə deyil. Həmçinin yapışqanlığı da bərbad vəziyyətdədir. Ona görə də çörəyin keyfiyyəti aşağı olur. Bütün bunlara görə yerli sahibkarlar çalışır ki, daha keyfiyyətli Rusiya və Qazaxıstan taxılı alsın".

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov isə bildirir: "Son zamanlar Taxıl Fondu yerli fermerlərdən bir kiloqram da olsun buğda almayıb. Bu da onunla əlaqədardır ki, yerli fermerlərin istehsal etdiyi buğda ərzaq buğdasına xas olan keyfiyyətləri daşımır. Fermerlər istehsal etdiyi buğdanı qurutmalı, təmizlənməli və çeşidləməli idi. Lakin bu proseslərin heç biri fermerlər tərəfindən icra olunmayıb. Yəni proses tam şəkildə başa çatdırılmayıb. Ona görə də Taxıl Fondunun həmin buğdanı alıb uzun müddətə saxlaması mümkün deyil. Bu səbəbdən də Taxıl Fondu keyfiyyətin aşağı olmasını əsas gətirməklə yerli fermerlərin taxılını almır. Un üyüdən dəyirmanlar da daha çox unun keyfiyyətinə fikir verirlər. Yerli fermerlərin satdığı buğdanın keyfiyyətinin aşağı olması fonunda dəyirmanlar da həmin buğdanı almaqdan vaz keçirlər".

Keyfiyyətli məhsul istehsalı da aqrotexniki qaydalardan, lazım olan mineral və üzvi gübrələrin tətbiqindən və müasir texnika və texnologiyanın tətbiqindən keçir. Bu özü də düzgün logistika qurmaqdan asılıdır.