news Image
2013.03.12
10:10
| A A A
Rayonlarda tədarük məntəqələrinin yaradılması hələ də baş tutmur
Sabir Vəliyev : “Hazırda bu istiqamətdə Iqtisadi Inkişaf və Kənd Təsərrüfatı nazirlikləri birgə işlər aparır” Vahid Məhərrəmov: “Azərittifaq öz maliyyə vəsaiti hesabına onu müstəqil bir təşkilat kimi həyata keçirərsə, bunu müsbət qiymətləndirmək olar”

Məlum olduğu kimi məhsulun kəndlərdən Bakı bazarlarına daşınması fermerlərə baha başa gəlir. Bu səbəbdən yaranmış vəziyyətdən alverçilər istifadə edir və yerlərdə ucuz qiymətə aldıqları məhsulu bazarlarda olduqca baha qiymətə satırlar. Ekspertlər isə hesab edirlər ki, əslində fermer satışla məşğul olmalı deyil və məhsul asanlıqla sata bilməlidir. Bunun üçün də Kənd Təsərrüfatı Nazirliyi artıq xeyli müddətdir rayonlarda tədarük məntəqələrinin yaradılmasını təklif edib.

Əgər yaradılarsa, tədarük məntəqələri fermerlərdən məhsulları alacaq və özü istədiyi kimi satacaq. İndilikdə isə alverçi məhsulun becərilməsində min bir əziyyət çəkən fermerdən daha çox gəlir götürür. Lakin rayonlarda tədarük məntəqələrinin yaradılması hələ də uzanır.


Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev bildirir ki, hazırda bu istiqamətdə Iqtisadi Inkişaf və Kənd Təsərrüfatı nazirlikləri birgə işlər aparır: "Bu bazalar özəl təşkilatlar formasında olacaq. Yəni, bunu camaatın özü yaratmalıdır. Amma hələlik yaranmır. Ona görə də deyəsən, dövlət yaratmasa, mümkün olmayacaq. Çünki, bu tədarük bazalarını ayrı – ayrı şəxslərin yaratması çox çətin olur. Kifayət qədər vəsait lazımdır. Ona da dövlər vəsait ayırmalıdır ki, yaransın. Yeganə yolu budur".

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə bildirir ki, hələlik demək olar Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (Azərittifaq) tam ləğv edilməyib: "Bu qurum neçə ildir ki, gözləmə məqamındadır. Hər halda Azərittifaq öz maliyyə vəsaiti hesabına onu müstəqil bir təşkilat kimi həyata keçirərsə, bunu müsbət qiymətləndirmək olar. Ancaq Azərittifaq bunu hökumətin vəsaiti hesabına həyata keçirərsə, əlbəttə bu, yaxşı effekt verməyəcək".

Ekspertin sözlərinə görə, bu gün Azərbaycanda tədarükçü problemi yoxdur: "Biz məhsulu digər ölkələrdən tədarük edirik. Bu gün Azərbaycanda idxal olunan kənd təsərrüfatı məhsullarının dəyəri 1 milyard 200 milyon dollardır. Halbuki biz cəmi 300 milyon dollarıq mal ixrac edirik. Yəni, bu gün bizim problemimiz istehsaldadır. Əgər keyfiyyətli kənd təsərrüfatı məhsulu istehsal edəriksə, xaricə çıxara, tədarük edə biləcək kifayət qədər sahibkarlar var. Bircə qalır, onların bu işdə daha müstəqil çalışa bilmələri. Yəni, fermer üçün seçim olacaq ki, istehsal etdiyi məhsulu ona fayda verəbiləcək qiymətə satsın".

Vahid Məhərrəmovun fikirincə, yaradılan tədarük satış bazaları dövlət tərəfindən dəstəklənməməlidir: "Onlar dövlət büdcəsindən maliyyə vəsaiti almamalıdır. Əgər müstəqil şəkildə fəaliyyət göstərərlərsə, pis deyil. Yalnız o halda ki, onlar da mövcud olan tədarükçülər kimi yerlərdə gedib fermerlərdən məhsulu alırlar, onu saxlayır və ya birbaşa bazara çıxarırlar. Yəni, heç bir halda dövlət strukturlarının onlara himayədarlığı olmamalıdır. Guya saxlama kameralarının tikilməsi, onun istifadəyə verilməsi, nəqliyyat vasitələrinin alınmasına çoxlu maliyyə vəsaiti lazımdır. Ancaq buna nə ehtyiac var? Heç bir ehtiyac yoxdur. Bu gün bizim ən əsas problemimiz istehsalla bağlıdır".

Ekspertin sözlərinə görə, bu sahədə xarici praktika da var: "Xaricdə həm ölkə daxili, həm də xarici tədarükçülərə şərait yaradırlar. Hökumət suni surətdə elə bir qurum yaratmır. Xaricdə tədarüklə bağlı problemi müstəqil şəkildə, fərdi qaydada sahibkarlar həyata keçirir. Hətta xarici şirkətlər gedib başqa ölkənin fermi ilə yerindəcə müqavilə bağlayırlar. Fermer istehsal etdiyi məhsulu birbaşa həmin sahibkarın anbarına göndərir. Biz də çalışmalıyıq ki, bizim fermer ona fayda verən tədarükçü ilə müqavilə bağlaya bilsin. Belə olanda fermerin özü də fəallaşır".