Əlaqə Arxiv
news Image
2013.03.12
10:42
| A A A
Bu gün Yel çərşənbəsidir

Bu gün xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi günüdür.İlaxır çərşənbələrin üçüncüsü olan Yel çərşənbəsində əsən isti və soyuq küləklər yazın gəlişindən xəbər verir. Qədim inanclara  görə, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif,inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.


Üçüncü çərşənbə sayılan yel digərlərindən insanlrın fəaliyyətlərinə və adət - ənənələrində əks olunan fərqliliklərə görə seçilir. Məhz bu çərşənbə günü bütün evlərdə təmizlik işlərinə başlanılır. Xüsusən qadınlarımız, qızlarımız evdə tam mənada təmizliyə riayət etməyə başlayırlar. Hər bir xanım evindəki yorğan, döşəyi havaya atır və onun təzə gələn bahar nəfəsilə yenilənməsini, çıxan günəşin təsiri altında daha da təmizlənməsini istəyirlər. Həmçinin evlərdə hər tərəf silinib, təmizlənir, palazlar, xalçalar çırpılır, şüşələr, pəncərələr silinməyə başlanılır. 


Evlərdə  bütün çərşənbələrdə olduğu kimi qazanlar qaynadılır. Hər kəs evində olur və  birlikdə süfrə başına yığışırlar. Masanın üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur. Məhz bu səbəbdən insanlar hər çəşənbə süfrəyə şirin məmulatlar düzürlər.

Ümumiyyətlə, isə insanlar yelin insanlara xoş və şirin təəssüratlar gətirəcəyinə inanırlar. Yel çərşənbəsində əsən küləklər bir gün ərzində bir neçə dəfə istiqamətini dəyişir. Hətta küləklərin durmadan siti və soyuq olmasına da rast gəlmək mümkündür. Bu çərşənbə də digərlərində olduğu kimi hamının qapısında, həyətində tonqallar qalanır. Eyni ilə digər çərşənbələrdə olduğu kimi yenə insanlar bu tonqalların üzərindən tullanırlar.

Sizin Reklam Yeriniz