Əlaqə Arxiv
news Image
2013.03.13
07:48
| A A A
Taxıl ehtiyatları sürətlə azalır
Baş verənlər Azərbaycanda idxal taxılının qiymətini xeyli dərəcədə artıra bilər

Ötən ildən etibarən dünya miqyasında xüsusi diqqət mərkəzində olan mövzulardan biri də dünyada ərzaq istehsalının, o cümlədən taxılın istehsal həcminin azalması ilə bağlıdır. İstehsalın azalmasına təsir göstərən əsas məsələ isə müşahidə edilən quraqlıq olub. Cari il üçün də mütəxəssislərin proqnozları ürəkaçan deyil.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Agentliyi - FAO belə xəbərdarlıqla çıxış edib ki, 2013-cü ildə dünyada ərzaq böhranı yaşana bilər. Qurum taxıl ehtiyatının təhlükəli dərəcədə azaldığını bildirib. Hesabatda deyilir ki, 2020-ci ilə kimi dünyada kənd təsərrüfatı istehsalında artım 1 faizə yaxın azalaraq 1,7 faiz təşkil edəcək. Bu səbəbdən taxılın qiyməti 20 faizə kimi yüksələcək. Qeyd edək ki, aprel ayının 2-də Bakıda ərzaq və kənd təsərryüfatı agentliyi - FAO-nun regional toplantısı öz işinə başlayacaq. Təbirdə müzakirə mövzularından biri ərzaq böhranı məsələsidir.

Sözügedən qurum bundan əvvəl də analoji xəbərdarlıqla çıxış edib və xəbərdarlığın təkrarlanması vəziyyətin kifayət qədər ciddi olduğunu göstərir. Təşkilatın məlumatına görə, sürətli qiymət artımı nəticəsində 2007-2008-ci il ərzaq böhranının təkrarlanma ehtimalı var. Hazırda dünyanın üz-üzə olduğu ən ciddi problem birmənalı şəkildə ərzaq təhlükəsizliyi ilə bağlıdır. Yəni qlobal ərzaq böhranı ehtimalı çox böyükdür. Artıq bir çox ölkələrdə, hətta inkişaf etmiş ölkələrdə belə ərzaq bahalaşması halları var. Bu ondan irəli gəlir ki, əksər Avropa ölkələri ehtiyac duyduğu ərzağı digər inkişaf etməkdə olan ölkələrdən idxal edir. Elə bu səbəbdən belə ölkələrdə, xüsusən Asiya ölkələrində ərzaq ehtiyatında ciddi azalma var.

FAO bildirir ki, dünya qida bolluğundan qıtlıq mərhələsinə girməkdədir. Qeyd olunur ki, təcili tədbir alınmasa qlobal qida təmin sisteminin hər an çökə biləcəyi, milyonlarla insanın ac qala biləcəyi istisna deyil. Bundan başqa dünya əhalisinin sürətlə artması müqabilində isə ərazi və su resurslarının məhdud olması qlobal ərzaq təhlükəsizliyi üçün təhdiddir. Bu səbəbdən daha məhsuldar üsulların tətbiqi və qənaətcil suvarma texnologiyalarından istifadə zəruridir. Hazırda qlobal istiləşmə və iqlim dəyişikliyi insanların ərzaq məhsullarına tələbatının ödənilməsində əhəmiyyətli rol oynayan kənd təsərrüfatı sektoruna daha çox mənfi təsir göstərir. Kənd təsərrüfatını iqlim dəyişikliklərinə adaptasiya etmək qlobal ərzaq təhlükəsizliyinin təmin olunması və ekosistemi qorumaq baxımından vacib olsa da, çox xərc tələb edir.

Enerji daşıyıcılarındakı qiymət dəyişiklikləri və bununla əlaqədar bioenerjidən istifadənin yayılması da kənd təsərrüfatı məhsullarına tələbatı artırır. Son illər dünyada bioyanacaq məqsədilə əkilən sahələrin genişlənməsi ərzaq məqsədləri üçün əkinləri azaldıb, bu isə qida məhsulları təklifinin məhdudlaşmasında və qiymətinin artmasında böyük rol oynayıb. Məsələn, qarğıdalı, buğda, şəkər qamışı, şəkər çuğunduru kimi kənd təsərrüfatı məhsullarının bioyanacaq kimi istifadə olunması qlobal ərzaq təhlükəsizliyi üçün ciddi problemlər yaradır. Bütün bunlar qlobal ərzaq təhlükəsizliyi naminə dünya ölkələrini daha təkmil aqrar siyasət müəyyənləşdirməyə, qarşıda duran risklərlə birgə mübarizə aparmağa, daha yeni və müasir texnologiyaları tətbiq etməyə vadar edir. Beləliklə, hazırda ərzaq təhlükəsizliyi probleminin səmərəli həlli dünyada gedən sürətli qloballaşma prosesi fonunda ən mühüm məsələlərdəndir.

Bununla belə, ekspertlər hesab edir ki, gözlənilən iqtisadi böhran Azərbaycan iqtisadiyyatına təsir göstərməyəcək. Qeyd olunur ki, sadəcə ölkəmizə idxal olunan malların qiymətində müəyyən artımlar ola bilər. Bu sıraya taxıl da aiddir.

Xatırladaq ki, son 5-6 ildə ölkəmizin ərzaq buğdasına olan tələbatını bir hissəsi Rusiya və Qazaxıstandan idxal olunan buğda hesabına ödənilir. Lakin həmin ölkələrdə də taxıl istehsalını azalması nəticəsində bu, mümkünsüzləşə bilər. Taxıl idxal etmək üçün yeni ölkələrin tapılması vaxt və maliyyə tələb edir. Azərbaycan taxıla olan tələbatını Rusiya və Qazaxıstandan deyil, başqa ölkələrın hesabına ödəməyə başlasa, ölkəyə daha bahalı taxıl, buğda idxal ediləcək. Hansı ki, bu, həmin məhsulların qiymətlərinin artmasına gətirib çıxaracaq. İdxal üçün mənbələrin məhdud olması, yeni mənbələr tapılarsa, təklif edilən məhsulun qiymətlərinin yüksək olması Azərbaycanda buğdanı bahalaşdıra bilər. Buğdanın bahalaşması isə unun qiymətinin də artması deməkdir.
Sizin Reklam Yeriniz