news Image
2013.03.13
07:49
| A A A
Su ilə qəsdimizə duranlar
Dövlət Məmmədov: "Suları isti havada çöldə saxlayaraq satan mağaza sahibləri buna görə cərimələnməlidirlər" Eyyub Hüseynov: "İstidə saxlanılan suyun qəbulundan sonra insan orqanizmində tədricən toksik maddələr toplanır ki, bu da bir müddətdən sonra öz mənfi təsirini göstərməyə başlayır"

Bu gün mağazalarda müxtəlif növ sular satılır. Bəzi mağazalarda həmin suların bir hissəsi standartlara uyğun olaraq soyuducularda saxlanılsa da, əksər su qabları vitrinlərə, hətta dükanın qapısı ağzına qoymaqla da satılır. Halbuki, bu yolverilməzdir. Xüsusən də isti yay günlərində su qablarının Günəş altına qoyularaq satılması təhlükəlidir. Belə vəziyyət həmin suyun tərkibinin dəyişməsinə, onda bəzi kimyəvi reaksiyaların getməsinə gətirib çıxarır ki, bu da sonda onu qəbul edən insan orqanizmi üçün təhlükəlidir.

Su İstehsalçıları İctimai Birliyinin sədri Dövlət Məmmədovun fikrincə, belə bir problemin özünü kəskin şəkildə göstərməsi satıcıların maarifləndirilməməsilə bağlıdır: "İçməli suların satış dükan və mağazalarda bir sıra hallarda çöldə saxlanılaraq satılması qanunlarda olan boşluqlarla əlaqədardır. Bu məsələyə nəzarət edən quruma həmin məqamla bağlı şikayət gəlməlidir. Bundan sonra şikayət alan qurum Ədliyyə Nzirliyinə məktubla müraciət edərək ondan satış obyektini yoxlamaq haqqında icazə istəyir. Həmin yoxlamaya razılıq verilməsi üçün də onlar səbəb göstərməlidirlər. Belə vəziyyət isə 4-5 gün vaxt aparır ki, bu halda da normal yoxlama prosesi baş tutmur. Rusiyada mövcud olan qanuna görə ölkənin baş həkimi hansısa bir satış mərkəzini keyfiyyət standartlarına cavab vermədiyinə görə bağlamaq səlahiyyətinə malikdir. Bu da ondan irəli gəlir ki, həmin ölkədə insanların sağlamlığı önə çəkilir.

Mağazalarda satılan su brendlərinin üzərində hansı şəraitdə və hansı temperaturda saxlamaq qaydaları yazılıb və göstərilib. Adətən içməli sular 5 dərəcədən 20 dərəcəyə qədər temperaturda saxlanılmalıdır. 20 dərəcədən yuxarı temperaturda isə suyun tərkibindəki kimyəvi maddələrlə plasmas qabın tərkibindəki kimyəvi maddələr reaksiyaya girib zəhərlənmə təhlükəsi yaradır. Eyni zamanda suyun keyfiyyəti dəyişir. Belədə gələcəkdə insanlarda müxtəlif xəstəliklərin yaranmasına şərait yaranır. Mağazalarda əsas problem və bəla ərzaqların saxlanması məsələsidir. Mağazalarda hansı ərzağın harda yerləşdirilməsi və saxlanılması ilə bağlı işçilər maarifləndirilməlidir. Lakin təəssüf ki, həmin işçilərin əksəriyyəti bu barədə məlumatsızdır. Dövlət orqanları, istehlakçı hüquqlarının müdafiəsilə məşğul olan qurumlar da bu problemlə maraqlanmır. Suları isti havada çöldə saxlayaraq satan mağaza sahibləri buna görə cərimələnməlidirlər. Ümumiyyətlə təkcə suları deyil, bütün ərzaq mallarını çox zaman mağazaların vitrinlərinə yığırlar ki, belədə də günəş işığına tuş gəlirlər".

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə bildirir: "Bu yaxınlarda Ümumdünya Su Konqresinin tədbirində iştirak etmişdim. Burada su ilə bağlı çoxsaylı məsələlər müzakirə predmeti oldu. O cümlədən, plastik qabların qablaşdırılması məsələsi də müzakirə edilmişdi. Birmənalı şəkildə plastik qablara qablaşdırılan su arzuedilməzdir. Digər tərəfdən, həmin plastik qablardakı su isti yay aylarında günün altında qalırsa, bu ümumiyyətlə arzuolunmazdır. Daha arzuolunmaz hal plastik qabların əzilmiş vəziyyətdə olmasıdır. İstidə saxlanılan suyun qəbulundan sonra insan orqanizmində tədricən toksik maddələr toplanır ki, bu da bir müddətdən sonra öz mənfi təsirini göstərməyə başlayır. Bunun belə olduğu halda mağazada çalışanların su qablarını çöldə qoyaraq satmaları əhalinin maarifçilik səviyyəsinin aşağı olmasından irəli gəlir. Eyni zamanda, bu sahə üzrə ixtisaslaşan ictimai təşkilatlar da zəif iş aparırlar. Mağazalarda suyun çöldə satılmasının qarşısını almaq üçün ilk növbədə hökumətin mükəmməl istehlakçı siyasəti olmalıdır. Bu istehlakçı siyasətinə dövlət orqanlarının kordinasiya olunmuş fəaliyyəti, istehlakçı maarifçiliyi və biliklərin artırılması daxildir. Orta məktəblərdə şagirdlər belə istehlakçı malın xassələri barədə məlumatlara malik olmalıdır. Satıcıların biiznes etikası, istehlakçı istəyinin düzgün qarşılanması və müstəqil ekspertiza aparılmalıdır. Ekspertiza aparan orqanla əhalinin sağlamlığının keşiyində duran orqan eyni əldə olmamalıdır".