news Image
2013.03.13
10:05
| A A A
Azərbaycan tank istehsalına başlayacaq?!
Yaşar Cəfərli: “İqtisdi cəhətdən hissələri gətirib burda yığmağımız sərf edirsə, bu, mümkündür” Üzeyir Cəfərov: “Ola bilsin gələcəkdə bizdə də tank istehsalı üçün imkanlar yaransın” Məlumdur ki, hazırda Azərbacan müxtəlif təyinatlı silah istehsalını həyata keçirməkdədir. Hətta onların bir çoxu beynəlxalq sərgilərdə müxtəlif ölkə nümayəndələri tərəfindən də bəyənilib. Hətta istehsal olunanların arasında döyüş şəraitində xüsusi əhəmiyyətə malik olan "Aerostar" və "Orbiter-2M" tipli pilotsoz hərbi təyyarələr də var. Bundan başqa, ölkəmizin gələcəkdə hərbi vertolyot və təyyarələrin istehsalına başlayacağı barədə də bir neçə dəfə məlumatlar səsləndirilib. Amma təbii ki, hava hücumu ilə yanaşı, quru qoşunları üçün də hərbi texnikanın istehsalı vacibdir və bu xüsusda da tankların xidməti əvəzedilməzdir. Hələlik Azərbaycan "Matador" və "Marauder" tipli zirehli maşınlar istehsal etsə də, tank buraxan ölkələrin sıralarına daxil deyil. Perspektivdə bu hərbi maşının istehsalının olub – olması məsələsinə isə Müdafiə Sənayesi Nazirliyi aydınlıq gətirmədi və bunun hərbi sirr olduğunu bildirdi.
Lakin hərbçi ekspertlər tank istehsalını böyük uğur hesab edirlər. Hərbi şərhçi Yaşar Cəfərli bildirir ki, quru qoşunlarda təkcə tankın yox, piayadaların zirehli döyüş texnikalarının da önəmi böyükdür: "Təbii ki, burada tank çox vacib texnikadır. Amma hələlik Azərbaycan tank istehsalı üçün müstəqil formada hazır deyil. Müəyyən zamanlarda mətbuatda belə bir fikirlər dolaşırdı ki, guya Azərbaycan Türkiyə ilə birgə layihəyə hazırlaşır. Təbii ki, ümumiyyətlə, müdafiə sənayesinin inkişafı Azərbaycan üçün çox zəruridir. Çünki, nəzərə almaq lazımdır ki, biz döyüş şəraitindəyik. Silahlı qüvvələrin ehtiyacı olduqca böyükdür. Həm də əgər müharibə başlayarsa, döyüş əməliyyatları bərpa olunarsa, bu ehtiyac 5 qat artacaq. Məsələnin ikinci tərəfi odur ki, neftdən gələn gəlirlərin hesabına qeyri – neft sektoru üçün bu vacib məqamdır. Həm də bilirik ki, müdafiə sənayesi eyni zamanda, kənd təsərrüfatının sahələri üçün də bir sıra avadanlıqları istehsal edə bilər. Həmçinin qeyri – neft sektorunun inkişafı və yeni iş yerlərinin açılması üçün vacib məqamdır. Amma təbii ki, həmişə maddi, texniki və kadr imkanlarımızı nəzərə almalıyıq. O da nəzərdən qaçmamalıdır ki, əgər, biz bu silahın istehsalına daha çox vəsait sərf edəriksə, başqa ölkələrdən bunu daha ucuz ala biləriksə, ən ucuzuna üstünlük verilməlidir. İnanmıram ki, Azərbaycan bu gün müstəqil şəkildə deyilən tələblərə cavab verən tankın istehsalı üçün hazır olsun. Çünki, hazırda ən azından, kadrlar nöqteyi-nəzərindən problemlərimiz var. Bu sahədə hələ də Azərbaycanda kifayət qədər inkişaf yoxdur. Gərək yüksək səviyyəli kadrlarımız, güclü texnologiyamız olsun. Çünki, tankın istehsalı üçün kadr və texnologiya amili çox vacibdir".
Ekspert onu da əlavə etdi ki, əgər iqtisdi cəhətdən hissələri gətirib burda yığmağımız sərf edirsə, bu, mümkündür: "Ancaq ayrı – ayrı hissələri gətirib burda tank istehsal etmək üçün müqavilə olmalıdır. Bu müavilə də İsrail, Rusiya, Ukrayna ilə ola bilər. Sadəcə, bilirik ki, NATO-nun üzvü olan dövlətlər Azərbaycanla bu sahədə əməkdaşlıq etməkdən yayınırlar. "907 – ci düzəliş"in tələblərinə, həm də "Cinah" sazişə görə, münaqişə olan bölgələrdə NATO və Avropa İttifaqına üzv olan dövlətlər bu sahədə kömək olmağa çalışmırlar. Təbii ki, mümkün variant Türkiyədir. Baxmayaraq ki, Türkiyə də NATO-nun üzvüdür, ancaq hansısa vasitələrlə buna nail ola bilərik".
Digər hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, tank istehsalı bir az mürəkkəb prosesdir: "Azərbaycan hələlik "Matador" və "Marauder" tipli zirehli maşınlar buraxır. Ola bilsin gələcəkdə bizdə də tank istehsalı üçün imkanlar yaransın. Yəni, öz daxili ehtiyatlarımızı ödəmək üçün tank istehsalı başlanılsın. Pis olmazdı. Nə qədər Azərbaycanın öz silahlı qüvvələri varsa, yəqin, öz ehtiyatını ödəmək üçün, müəyyən addımlar atacaq. Çünki, öz hərbi hissələrimizin döyüş qabiliyyətini yüksəltmək üçün, müxtəlif ölkələrdən tanklar alırıq. Gələcəkdə həm mütəxəssis, həm də resurs baxımından bunun həyata keçirilməsi problem deyil. Amma düşünmürəm ki, yaxın zamanlarda Azərbaycan tank istehsalına başlasın. Çünki, bu, özünü təsdiq etmək üçün, xeyli vaxt lazım istəyir. Həm də bu gün dünyanın silah – sursat bazarında kifayət qədər ölkələr var ki, onların buraxdıqları tanklar keyfiyyət və taktiki-texniki xarakreristikasına görə, yüksək texnologiyalar siyahısına aiddir. Hətta bu gün onlar özlərinə alıcı tapmaqda müəyyən çətinlik çəkirlər. Odur ki, əgər özünü doğruldarsa, gələcəkdə Azərbaycan da bu məsələyə baxıla bilər".