Əlaqə Arxiv
news Image
2013.03.13
17:40
| A A A
Nikahdan öncə tibbi müayinə may ayından etibarən məcburi ola bilər
Musa Quliyev: «Hər kəs öz və gələcək doğulacaq övladlarının sağlamlığı üçün bu müayinədən keçməyi labüd bilməlidir» Adil Qeybulla: «Bu proses könüllülük prinsipi ilə həyata keçirilsə, ciddi nəticə olmayacaq»

Nikahdan öncə tibbi müayinə barədə müvafiq arayışın alınmasının zəruriliyinə dair məsələ dəfələrlə gündəmə gətrilsə də, indiyə qədər bu sahədə konkter addım atılmayıb. Qərb ölkələrində isə bu məsələyə münasibət fərqlidir. Məsələn, ABŞ-da nikahdan öncə qohum olub-olmamasından asılı olmayaraq, qan analizi mütləqdir. Amma bütün hallarda, nikaha heç kim mane ola bilməz, həkim, sadəcə, xəbərdarlıq edə bilər. Fransada bu məsələ artıq qanuniləşdirilib.


Ukraynada tibbi müayinədən keçmədən evlilik rəsmən yasaqdır. Qanuna əsasən, bəy və gəlin nikahdan öncə tibbi müayinədən keçməli və öz səhhətləri barədə bir-birlərinə mütləq bilgi verməlidir. Azərbaycanda analoji təcrübənin tətbiqinin gecikməsi ilə bağlı Mövqe.az-a danışan Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib: "Ailə qurmazdan əvvəl tibbi müayinədən keçmək haqqında qanun bəlkə may ayında müzakirəyə çıxarıldı və qəbul olundu. Nəzərə almaq lazımdır ki, bu çox ciddi bir qanundur, bir-iki cümləlik əlavə deyil. Öncə insanların maariflənməsi labüddür. Bütün Azərbaycan evlənənlərini əhatə edən bir qanundur. İnsanlar maariflənməlidir və müəyyən sənədləşmə işlərini müvafiq nazirliklərlə razılaşdırmaq lazımdır. Qanun qəbul olunarsa, insanlara Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarına evlənmək üçün ərizə yazanda göndəriş veriləcək ki, gedib müayinədən keçsinlər. Amma insanlar bu müainədən keçməsə və yaxud da ki, imtina etsələr nə olacaq?! Heç kəsi məcbur olaraq müayinədən keçməyə məcbur edə bilmərik. Ona görə də bu məsələnin iki il ərzində uzanmasının obyektiv səbəbləri var".


M. Quliyev bu qanunun qəbulu üçün insanların maariflənməsinin çox lazımlı və əhəmiyyətli məsələ olduğunu qeyd etdi: "Hər kəs öz və gələcək doğulacaq övladlarının sağlamlığı üçün bu müayinədən keçməyi labüd bilməlidir. Əgər biz, vətəndaşa, müayinədən keçməsə, ona rəsmi nigaha daxil olmaq icazəsi verilməməsi barədə şərt qoysaq, o zaman insanlar "vətəndaş nigahı" ilə ailə quracaqlar. Rəsmi nigahdan yayınmaq isə bir sıra problemlərə səbəb olacaq. Belə ki, rəsmi nigahların sayı aşağı düşəcək, vətəndaş nigahı ilə qurulan ailələrin boşanma halları üzə çıxdıqda isə hüquqi, əmlak problemləri yaranacaq. Bu məsələ ilə bağlı həm biz, həm media təbliğat işləri aparmalıdır. Həmçinin mütamadi gənclər arasında monitorinqlər aparılmalıdır və nəticəsi bildirilməlidir".


Həkim Adil Qeybulla isə məsələ ilə bağlı bildirib: "Nigahdan öncə tibbi müayinədən keçmək qanunla təsbit olunsa, insanlar məcburən buna meyl etməli olacaq. Ancaq bu proses könüllülük prinsipi ilə həyata keçirilsə, ciddi nəticə olmayacaq. Çünki bu zaman mentalitet, tərbiyə məsələləri əksər gənclərin bu müayinədən yayınmasına səbəb olacaq. Bəzən gənclər utandıqları üçün müayinədən keçmirlər, ancaq onlar anlamırlar ki, öz ailə həyatının sağlamlığı, uğuru üçün müayinədən keçməsi lazımdır. Milli Məclis bu qanunu tezliklə qəbul etsə, yaxşı olardı. Əlbəttə, təbliğat güclü olmalıdır ki, insanlar şüurlu şəkildə müayinənin vacibliyini anlasınlar".


Ailə qurmazdan əvvəl tibbi müayinə nə üçün vacibdir və nələrin qarşısını ala bilər sualına həkim belə cavab verdi: "Əgər nigaha qədər cinsi yaxınlıq yaşanıbsa, bu da müxtəlif infeksiyalara, anomaliyalara, nəsil törətmək üçün problemlərin olmasına səbəb ola bilər. Hər iki tərəf yoxlanılıb və hər ikisinə sağlamlıq barədə arayış verilərsə, bu hal daha təhlükəsiz olar. Bəzən evləndikdən sonra məlum olur ki, infeksiya var və illərlə ər-arvad fasiləsiz müalicə olunurlar. Həm maddi, həm psixolojı, həm də ki, fiziki cəhətdən bu insanlar üçün çətin olur. Və yaxud ailə qurduqdan sonra məlum olur ki, bunların övladı ola bilməz. Bu yoxlamalar çox vacibdir. Nigahdan öncə oğlan və qız chek-up(ümumi və əhatəli sağlamlıq testi) olsa, çox yaxşı olardı. Bu da, gələcəkdə yaşana biləcək problemlərin qarşısını ala bilərdi".


Sizin Reklam Yeriniz