news Image
2013.03.14
08:11
| A A A
Rusiya Ermənistan üzərindən Azərbaycana qarşı təhlükəli siyasətə başlayır
Serj Sarkisyanın rusiyalı ağası ilə görüşünün maraqlı təfərrüatları üzə çıxır

Ermənistanın Rusiyanın forpostu olması və şimal qonşumuz sayəsində varlığını davam etdirə bilməsi danılmaz həqiqətdir. Bu səbəbdən Moskvadan gələn istənilən göstəriş İrəvan üçün qanun sayılır və sorğu-sualsız yerinə yetirilir.

Bu mənada Ermənistan dövlət başçısı Serj Sarkisyanın növbəti müddətə total saxtakarlıq hesabına prezident seçilməsindən sonra ilk səfərini Rusiyaya etməsi təsadüfi deyil. Siyasi ekspertlər qarşıdakı 5 ildə Moskvanın öz forpostu qarşısında ciddi tələblərinin olduğunu düşünürlər. Başqa sözlə, Rusiya regionda mövqeyini qorumaq, öz maraqlarını təmin etmək üçün Azərbaycana qarşı ata biləcəyi istənilən addımda Ermənistandan ölkəmiz əleyhinə daha çox istifadə edə bilər. Eyni sözləri qonşu Gürcüstan barəsində də söyləmək mümkündür. Elə Moskva görüşü də region üçün daha təhlükəli planları üzə çıxardı.

Xatırladaq ki, görüş V. Putinin Novo-Oqaryovadakı iqamətgahında baş tutub. Görüş zamanı S. Sarkisyan Rusiya prezidentini Ermənistana səfərə dəvət edib: "Rusiya bizim strateji tərəfdaşımızdır. Ona görə də, prezident seçkilərindən sonra ilk xarici səfərimi Moskvaya etdim". S. Sarkisyan Rusiya prezidentinə hərbi sahədə əlaqələrin inkişafına görə təşəkkürünü bildirib: "Biz siyasət, iqtisadiyyat, hərbi və humanitar sahələrdə nəticələr əldə etmişik. Bundan sonra da Rusiyanın köməyinə və dəstəyinə ümid edirik".

V. Putin isə Rusiyanın Ermənistanla xüsusi münasibətlərinin olduğunu söyləyib. Və hər iki tərəfin münasibətləri uğurla inkişaf etdirməsi üçün səyləri artırmalı olduğunu bildirib. Kreml öz forpostunu iqtisadi böhrandan xilas etmək niyyətini də açıqlayıb. Amma bunun üçün İrəvan Moskvanın tələb və şərtlərinin hamısını yerinə yetirməlidir. Məhz bu niyyətlə Putin ilk dəfə olaraq ikitərəfli münasibətləri çox planlı siyasi əməkdaşlıq adlandırıb. Siyasi ekspertlərin fikrincə, Moskva görüşündə Azərbaycan və Gürcüstan üçün təhlükəli məqamlar da üzə çıxıb. Xüsusilə Rusiya prezidentinin Sarkiasyanla eyni vaxtda Abxaziya rəhbərini Moskvaya dəvət etməsi və görüşlərdə separatçı Dağlıq Qarabağla paralellərin aparılması Minsk qrupunun həmsədri olaraq Rusiyanın mövqeyini şübhə altına alır. Ekspertlər Kremlin bu mövqeyini rəsmi Bakıya qarşı təhdid kimi dəyərləndirirlər.

Hərbi əməkdaşlıq da Putin-Sarkisyan dialoqunun əsasını təşkil edib. Hətta bəzi siyasi müşahidəçilər Sarkisyanın Xocalı aeroportunun təhlükəsizliyi ilə bağlı Rusiyadan zəmanət almağa cəhd etdiyini istisna etmirlər. Və bunun Kremlin istəyilə baş tutduğu məlumdur. Moskvanın hansı səbəbdən Ermənistandan daha çox Azərbaycan əleyhinə istifadə etmək cəhdlərinə gəlincə, ekspertlər bunu Bakının müstəqil siyasət yürütməsi ilə əlaqələndirirlər. Həmçinin, Azərbaycan bir sıra məsələlər üzrə Rusiya ilə ciddi fikir ayrılığı yaşayır. Məsələn, məlumdur ki, Rusiya Azərbaycanın Avrasiya Birliyi və Gömrük Ittifaqına daxil olmasına can atır və bunun üçün Ermənistandan vasitə kimi istifadə etməyə çalışır. Lakin istənilən təzyiqlərə rəğmən, müstəqil siyasət yürüdən Azərbaycan öz maraqlarını əsas gətirərək Avrasiya Birliyi və Gömrük Ittifaqına daxil olmaq niyyətində olmadığıın açıq şəkildə dəfələrlə Moskvanın diqqətinə çatdırıb.

Hələlik isə Rusiya Cənubi Qafqazda öz maraqlarını təmin etmək üçün Ermənistanı özündən asılı vəziyyətdə saxlayır. Bu fonda Moskva Qarabağ münaqişəsinin həllini də əngəlləyir. "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov Ermənistan prezidentinin Rusiyaya səfərini şərh edərkən deyib ki, Rusiya istəsə Dağlıq Qarabağ münaqişəsinin həlli tez bir zamanda baş tutar. Onun sözlərinə görə, Ermənistan Rusiyadan asılı olan ölkədir: "Rusiya istəsə, münaqişənin həllinə çox müsbət təsir göstərə bilər. Ermənistan ölkə statusunu yalandan alıb. Rusiya maraq göstərsə problemin həllinə nail ola bilər".

Martın sonlarında ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinə münasibət bildirən B.Səfərov onu da söyləyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar vasitəçilərin köməyi ilə aparılmalıdır. Bunun hələlik başqa yolu yoxdur. Azərbaycan istəyinə nail olana kimi danışıqlardan istifadə etməli və mövqeyini bildirməlidir.