news Image
2013.03.14
08:17
| A A A
Bankların qiymətləndirmə fırıldağı davam edir
Bu, müştərilərə ziyan vurmaqla yanaşı, əmlak vergisinin düzgün hesablanıb tutulmasına mane olur və büdcə gəlirlərinə təsir edir

Araşdırmalar göstərir ki, bu gün banklar tərəfindən əhali üçün yaradılan əsas problemlərdən biri də kredit götürülərkən qoyulan girovun düzgün qiymətləndirilməməsidir. Məsələ burasındadır ki, qiymətləndirməni bank ekspertləri özləri apardıqlarından girovu real dəyərindən çox aşağı qiymətləndirirlər.

Bununla banklar həm müştəriyə ziyan vururlar, həm də qanunvericiliyin tələblərini pozurlar. Xatırladaq ki, ölkeəmizdə 1998-ci ildən etibarən "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun qüvvədədir. Bu qanuna əsasən, ölkədə qiymətləndirmə işini yalnız müstəqil qiymətləndirici təşkilatlar aparmalıdır. Burada məqsəd əhalinin əmlakının qiymətləndirilməsinin düzgün, heç bir bankın marağını müdafiə etmədən aparılmasıdır. Lakin bu sahədə bəzən pozuntular aşkarlanır - insanların kredit üçün banklara qoyduqları girov mövcud bazar qiymətindən kəskin fərqli şəkildə qiymətləndirilir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədri, Milli Məclisin üzvü Xanhüseyn Kazımlı da bu günlərdə belə bir maraqlı etirafla çıxış etmişdi ki, Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları girov kimi qəbul olunan əmlakı real dəyərindən xeyli aşağı qiymətləndirirlər. Onun sözlərinə görə, hazırda qiymətləndirmə sektorunda bankların inhisarçılığı hökm sürür: "Banklar özlərinə uyğun olan qiymətləndirmə firmaları yaradıb. Onların da nə peşəkarlığı, nə də ki hüququ əsasları var. Çünki onlar qiymətləndirici deyillər".

X. Kazımlı vurğulayıb ki, banklar kredit almaq üçün müraciət edən sahibkarların təqdim etdiyi girovu yalnız özlərinə yaxın olan qiymətləndirici şirkətlər vasitəsilə qiymətləndirirlər. Bu da bəzi hallarda girovun real dəyərindən qat-qat aşağı qiymətləndirilməsinə səbəb olur: "1 milyon manat dəyəri olan əmlaka bankın öz qiymətləndiricisi cəmi 200 min manat qiymət qoyur ki, bu da sahibkara verilən kreditin məbləğinin çox kiçik olması ilə nəticələnir". Millət vəkili bildirib ki, qiymətləndirmə sahəsində hökm sürən inhisarçılıq regionda fəaliyyət göstərən sahibkarların bankdan kredit götürmə prosesini çətinləşdirir. Çünki banklar regiondakı əmlakı qiymətləndirməkdən və girov kimi qəbul etməkdən imtina edir, sahibkarların qarşısına girov kimi Bakıdakı əmlakı təqdimetmə tələbini qoyur: "Bu isə iqtisadi demokratiya prinsiplərinə tamamilə ziddir və sahibkarların hüquqlarını pozur".

"Qiymətləndirmə fəaliyyəti haqqında" qanun artıq müasir dövrün tələblərinə cavab vermir. Rusiyada bu qanun Azərbaycandan 8 ay sonra qəbul edilib. Buna baxmayaraq, qonşu ölkədə bu qanuna 14 dəfə əsaslı dəyişikliklər edilib. Azərbaycanda isə bu qanunun qəbulundan 15 il keçir. Bu müddət ərzində tələb və təkliflərin dəyişilməsinə baxmayaraq, qanunda heç bir dəyişiklik edilməyib.

Onu da bildirək ki, yaranmış vəziyyət qiymətləndirmə fəaliyyətində müxtəlif problemlərə səbəb olmaqla yanaşı, əmlakın düzgün qiymətləndirilməsinə, əmlak vergisinin düzgün hesablanıb tutulmasına mane olur və büdcə gəlirlərinə təsir edir. Daha bir maraqlı məqam isə odur ki, qızıl-zinət əşyalarını bankda girov qoyub pul (lombard krediti) götürmək istəyənlər ən yaxşı halda həmin əşyaların bazar dəyərinin üçdə biri qədər vəsait əldə edir. Halbuki, kreditin ödənilməsi gecikdiriləndə, yaxud ümumiyyətlə, qaytarılmayanda bank müsadirə etdiyi qiymətli əşyaların satışı hesabına nəinki vətəndaşın borcunu bağlayır, bəzən hətta əlavə gəlir də əldə edir. İtirən isə təbii ki, vətəndaşdır. Eyni sözü biznes kreditləri haqqında da demək olar.

Onu da bildirək ki, Azərbaycanda əmlakın qiymətləndirilməsi üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müvafiq standart qəbul etsə də, onun tətbiqi məcburi xarakter daşımır. Buna görə də, kommersiya bankları standartlara uyğun işləyən qiymətləndirmə təşkilatları ilə əməkdaşlıq etməkdənsə, daha çox özlərinə sərf edən və şərtlərini rahatlıqla diktə etdikləri müxtəlif fiziki şəxslərin xidmətindən istifadə edir. Ekspertlər vurğulayır ki, girovla təmin olunmuş kreditlərdən dəyən zərərin minimallaşdırılması üçün bank tərəfindən sərt meyarlar müəyyən edilə bilər və bu səbəbdən krediti götürdüyünüz məqamda fərqli banklardan fərqli tələblər irəli sürülə bilinər. Müştəri krediti ödəyə bilmədikdə bank qanunvericiliklə və müqavilə ilə müəyyən olunan qaydada əmlakınız üzərində mülkiyyət hüququ əldə edir və onu balansa götürür. Beləliklə müştəri həmin əmlak üzərində hüquqların itirir. Hazırda kommerisya banklarının ixtiyarında xeyli sayda belə əmlaklar var.