news Image
2013.03.15
10:59
| A A A
Ermənistan: hakimiyyət haramı, məmur çörəyi və xalqın səfaləti
Haqqını tələb edərək küçələrə çıxan insanları təpikləyən, məmurların özbaşınalığından şikayətlənən qadını dəyənəklə vurub yerə sərən, oğlu hərbi hissədə çox müəmmalı şəkildə həlak olan əsgər anasını yu Bu hakimiyyət danışır, amma dinləmək istəmir.

Ermənistanda keçirilmiş prezident seçkilərindəki saxtakarlıqlara və qanunların ayaqlar altına salınmasına etiraz edən, Serj Sarkisyanın ikinci dəfə prezident "seçilməsi"ni fırıldaq sayan, seçki saxtakarlıqlarına qarşı çıxan insanlara əcəba, Yerevan iqtidarı nə cavab verəcək?

Ermənistan vətəndaşlarının tək seçki saxtakarlıqları yox, həyat saxtalığından cana gəldiklərini, sosial ədalətsizlikdən, məmur harınlığından, qanunların işləməmsindən, Sarkisyan rejimində yer almış adamların başıpozuqluqlarından bezdiklərini anlayan hakimiyyət indi nə edəcək?

Belə adamlar 100 min də ola bilər, 10 min də, min də, yüz də, hətta 10 nəfər də. Mühüm olan bu deyil. Əsas məsələ odur ki, erməniləri yaşadıqları ölkədə boğaza yığan, səbr kasalarını daşdıran məqamlar var.

Serj Sarkisyanın iqtidarı ağıllı, adekvat hakimiyyət olsaydı, suallara cavab verməyə çalışardı.
Sarkisyanın ağlı olsaydı, vətəndaşlarla onların problemlərindən danışar - "böyük erməni milləti", "Böyük Ermənistan", dövlətçilik, birlik, vəhdət və bu kimi sarsaq məqamlardan bəhs etməzdi.

Həmin məqamlar gurultuludur, patetikdir, amma çürük qoz qədər dəyəri yoxdur. Çünki millət, dövlət və birlik məhz indi küçələrə çıxaraq etiraz etmək istəyən, hakimiyyətdən zinhara gəldiklərini deyən insanlardan, onların fərdi və kollektiv problemlərindən asılıdır.

Deməli, Sarkisyan hakimiyyəti adekvat, Ermənistan prezidenti isə ağıllı olsaydı, məhz vətəndaşlarla danışmalıydı. Bunun əvəzində isə Serj Sarkisyan, onun ailə üzvləri, qohumları, qohumlarının qohumları və hakimiyyətdəki adamlar Facebook-da bir-birlərini təbrik edir, müxalifət liderlərini ələ salır, fevralın 18-də keçirilmiş seçkilərdəki "qələbə"nin legitimliyinə sübut kimi müxtəlif xarici ölkələrin dövlət başçılarının Yerevana yolladıqları təbrikləri sadalayırlar.

Adekvat, ağıllı hakimiyyət belə vəziyyətdə cəmiyyətin narazılığını konkret işlərlə aşağı salmağa çalışır.

Yerevandakı hakimiyyət isə başını quma gömən dəvəquşu təki heç nə olmamış kimi davranır. Fəqət, Sarkisyan iqtidarındakı adamlar dəvəquşudan fərqli olaraq, başlarını quma yox, bahalı avtomobillərə, villalara, kabinetlərə soxurlar.

Sovet şairi V.Mayakovski yazmışdı: "Qaynar ürəkləri dəhşətli, kobud çəkməklərlə əzmək olmaz - belə ürəkləri zərifliklə tapdalamaq gərəkdir".

Sarkisyan hakimiyyətindəki şəxslərin zərifliyi yalnız onların özləri üçündür. Yerdə qalan ermənilər üçün onların davranış təsəvvürləri kobud çəkmədən o yana getmir.

Özü də Yerevandakı iqtidar mənsubların özündən zəifləri əzməklə yanaşı, özündən güclüləri də aldatmağa çalışır.

Fəqət, bu zaman çəkmə sahibi yerini dəyişir.

Eynən Sarkisyanın mövqeyi təki.

Ermənistan prezidenti indi də baş nazir Tiqran Sarkisyana hökumətdə fundamental, köklü dəyişkiliklər etməyi tapşırıb. Yerevanda çıxan "Hrapark" qəzeti yazır ki, struktur islahatları kimi qələmə verilən kosmetik yenilənmələrin başlıca məqsədi Sarkisyanın prezident postunda təntənəli andiçmə mərasimindən sonra baş nazirin yerində qalması, yəni təkrar təyinatıdır.

Hökumətdə dəyişikliklər olacaq, amma yalnız bələdiyyə seçkilərindən sonra, ölkədəki siyasi mənzərə tam aydınlaşanda.

Kadr dəyişikliklərinin isə sentyabrda başlayacağını təxminləmək olar.

Ümumiyyətlə, Ermənistanda hər seçkidən sonra ciddi kadr və struktur islahatlarından bəhs edirlər. Cəmiyyətdəki fərdlərin tam əksəriyyəti üçün bu məlumat həm də ona görə maraqlıdır ki, deyilənlər siyasi intriqa, yeni qovmalar və təyinatlardır. Bütün bunların hamısı müxalifətin saqqızının çoxdan oğurlandığı məmləkətdəki insanların maraqlandıqları məsələlərdir.

Serj Sarkisyan çətinlik çəkəsi deyil, çünki erməni məmurların tam əksəriyyətini yetərincə asanlıqla iti qovan təki qovmaq, onlara qarşı cinayət işi qaldırmaq, çoxsaylı qanunsuzluqlar, vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayətlərdə suçlamaq olar. Yerevan iqtidarındakı məmurların total çoxluğu daxili siyasi intriqalar üçün zəngin material, özüyeriyən cinayət işləridir.

Yoxsul ölkələrdə, əhalisinin əksəriyyəti səfillikdə yaşadığı yerlərdə hakimiyyət çətin saydığı məqamlarda bir-iki başı bədəndən ayırmaqla çörək və əyləncə tələb edən kütləni sakitləşdirməyə çalışıb.

Sarkisyan iqtidarı belə əllaməliyi əla bacarır. Erməni məmurlar elə məxluqlardır ki, onlardan istifadə edərək istənilən əyləncə hazırlamaq olar.

Saxtalaşdırılmış prezident seçkilərindən sonra seçici olduqlarına şübhə edən vətəndaşlarının səbr kasasındakı qəzəbin artıq daşmaq ərəfəsində olduğunu bilən Yerevan iqtidarı guya Serj Sarkisyana rəqib olmuş adamın - İrs Partiyasının sədri Raffi Hovvanisyanın rolunun cazibədarlığının tükənməkdə olduğunu görərək Yerevanda keçiriləcək Ağsaqqallar Şurası və mer seçkiləri ilə yanaşı, bələdiyyə seçkilərində də tragifarsı təkrarlamağı düşünür.

Müxalifət qüvvələrinin hələ də birləşə bilməmələri, yaxud da bunu istəməmələri, sabiq prezidentlər Levon Ter-Petrosyanla Robert Köçəryanın aşkar gözləmə mövqeləri tutaraq hadisələrin hansı məcrada inkişaf edəcəyinin müşahidəsinə üstünlük vermələri, ən nəhayət Çiçəklənən Ermənistan Partiyasının sədri və həm də siyasəti, əslində isə oliqarx Qagik Sarukyanın susmasının dəyərləndirilməsini uzatmamağa çalışan iqtidar tələsik addımlar atır.
Həmin qərarlar düşünülməmiş olsa belə, effektlidir. Çünki əks-təsirin həddən ziyadə zəif olduğu müstəvidə istənilən formada təsir gözlənilən nəticəni verə bilər və verəcək də.

Yerevandakı hakimiyyət vətəndaşlarından qətiyyən çəkinmədiyi kimi, seçkilər ərəfəsində situasiyanın nəzarətdən çıxacağını da düşünmür və bunun vəsilələri az deyil.

Əvvəla, müxalifət dağınıqdır, Sarkisyan iqtidarına ünvanlanmış sərt və təhdid dolu bəyanatlara rəğmən, faktiki olaraq heç bir partiya, hərəkat və ya qruplaşma real fəaliyyət imkanında deyil.

Sonrası da odur ki, müxalifət düşərgəsindəki siyasi liderlər və liderlik iddiasında olan şəxslər hələ də korporativ maraqlarla şəxsi ambisiyaları ölkə əhalisinin mənafeyindən üstün tutur, onları dəstəkləyən güc mərkəzlərinin sifarişlərini yerinə yetirirlər.

Ona görə Yerevan iqtidarı siyasi əyləncələri bol edərək bu minvalla tamaşanın əsas ünsürlərindən biri olan çörəyin yoxluğunu unutdurmağa çalışır.

Sarkisyan iqtidarının çörək təminatı, yəni vətəndaşların yaşamını nisbətən normallaşdırmaq istəyi isə yoxdur və bunun da çeşidli səbəbləri mövcuddur. Əvvəla, Ermənistanda çörək azdır və həmin çörək 40-50 ailə arasında bərabər bölünməlidir. O ailələr Sarkisyanın əhli-küyalından tutmuş, iri oliqarxlar və ilaxırlardır. Həmin bölünmədən sonra qalan çörək deputatlar, nazirlər, onların qohumları, saray əhli, mühafizəçilər, polislər, ən nəhayət 40-50 ailə üçün yaxşı rifahı təmin edəcək müxalifətçilər arasında paylanmalıdır.

Sovetlər Birliyi illərində Ermənistanda çörək vardı, az-çox hamıya çatırdı. Ermənilər oğurluq edir və yaşayırdılar. Müstəmləkə dövründən sonra feodal diktaturası dövründə yaşayan Ermənistanda isə ermənilər özləri çörək bişirməli və bölüşdürməlidir.

Həmin çörək necə bölüşdürülür - bütün ermənilər bilir.

Serj Sarkisyan iqtidarı, hökuməti və parlamentinin də qarşısında duran başlıca məsələ imtiyazlı insanların yaxşı həyatına nail olaraq belə yaşamı təmin etmək, hakimiyyət mexanizminin işinə mane olan səs-küyü və narazılıqları maksimum dərəcədə azaltmaqdır. Asan məsələ deyil, çünki feodal sistemi üçün səciyyəvi olan təmayüllər əsasında inkişaf edərək çalışan siyasi-iqtisadi sistem elə bir zina dövrünə çatıb ki, artıq dövrü olaraq eybəcər situasiyalar doğulur.

Sarkisyan da həmin zinakar hakimiyyətinin qanını təmizləmək üçün "kadr və struktur islahatları" aparır.

Belə "islahatlar" bir tərəfdən kütlənin əyləncəyə olan ehtiyacını təmin etməli, digər tərəfdən də yeni anlaşmalar, sövdələşəmlər, razılaşmalar və "yeni təkliflər" hesabına sistemin mövcudluğunu təmin etməlidir.

Ermənistan müstəqil dövlətə çevriləndən bəri belə olub, hansısa "köklü dəyişikliklər"ə rəğmən belə də olacaq.

Sarkisyan hakimiyyəti üçün "islahatlar" nə qədər köklü olarsa, bir o qədər yaxşıdır.

Çörək yoxdur, amma əyləncə boldur.

Mütiləşmiş kütləyə də bu gərək deyilmi?!