Əlaqə Arxiv
news Image
2013.03.16
07:59
| A A A
Bankların faiz soyğunçuluğu
Nazim Məmmədov: "Özəl bankların verdikləri kreditin illik faiz dərəcəsi açıqladığı rəqəmlərdən daha yüksəkdir " Əli Əlirzayev: "Bu addım müştərilərin xeyrinədir, çünki aşkarlığın təmin edilməsinə xidmət edir"

Məlumat verildiyi kimi Mərkəzi Bankı ölkənin kommersiya banklarından bütün kreditlər üzrə faktiki illik faiz dərəcəsinin hesablanması və kredit müqavilələri, bütün reklam vəsaitlərində, aparılan reklam kampaniyalarında, internet resurslarında açıqlanmasını tələb edib.

Bura həmçinin kreditlər üzrə faktiki illik faiz dərəcəsinin hesablanması metodologiyası əlavə olunub. Həmin metodologiyaya əsasən kreditlər üzrə faktiki illik faiz dərəcəsi hesablanan zaman kreditin əsas məbləği üzrə ödənişlər, kredit üzrə faizlər, kredit üzrə kommersiya haqqı, kredit hesabının açılması və aparılması ilə bağlı xərclər, o cümlədən kreditin nağdlaşdırılması xərcləri, təminatın (girovun) saxlanılması ilə bağlı xərcləri, müqavilədə əks olunan sığorta və təminatın qiymətləndirilməsi xərcləri, hər bir fərdi kreditlər üzrə bankın tətbiq etdiyi digər inzibati xərclər kimi bütün xərc və ödənişlər nəzərə alınmalıdır.

Artıq bəzi bankların məlumatlarından belə məlum olur ki, onların faktiki illik faiz dərəcəsi hətta 40-60 faiz arasında dəyişir. Görəsən, ekspertlər kommersiya banklarının bu fəaliyyətinə rəsmi müdaxilələrə necə baxırlar? Digər tərəfdən Mərkəzi Bankın özəl banklardan sözügedən tələbi müştərilərə nə vəd edir?

İqtisadçı ekspert Nazim Məmmədov bildirdi ki, özəl bankların verdiyi kreditin illik faiz dərəcəsinin açıqlanılan rəqəmdən çox olması onların korporativ maraqlarından irəli gəlir: "Kommersiya banklarının faktiki illik faiz dərəcəsini aşağı göstərmələrində başlıca məqsəd daha çox müştərini cəlb etmək üçün reklam xarakteri daşıyır. Onlar özlərinin yaxşı xidmət göstərdiklərini nümayiş etdirmək üçün guya aşağı faizlə kredit verirlər. Əslində isə, onların verdikləri kreditin illik faiz dərəcəsi açıqladığı rəqəmlərdən daha yüksəkdir. Buna da özlərinin korporativ maraqlarını güdərək gedirlər. Sahibkar, iş adamları və müştərilərdən faizlər də tutulur. Bunun nəticəsində kredit faizləri reklamda göstərildiyindən daha yüksək olur. Ona görə də insanların kredit faizinin faktiki nə dərəcədə olduğunu, elan olunan səviyyədə və yaxud çox olduğunu bilməsi yaxşıdır. Banklar bu rəqabət mühitində faktiki olaraq bir-birilə razılaşaraq kredit faizlərini faktiki elan olunduğundan müştəriyə daha yüksək faizlərlə verirlər. Amma bununla belə kommersiya banklarına verdikləri kreditin faktiki illik faiz dərəcəsini açıqlamaları üçün rəsmi müdaxiləyə ehtiyac görmürəm. Mərkəzi Bankın bu istiqamətdə əlində kifayət qədər səlahiyyətlər var. Mərkəzi Bank hesab etsə ki, kommersiya bankları bu formada risqli əməliyyat aparır, onlara qarşı səlahiyyəti çərçivəsində müəyyən addımlar atmaq ixtiyarındadır. Bankların sosial öhdəlikləri də var. Onlar vətəndaşlardan vəsait götürüb sonradan onu yüksək faizlə kreditə verirlər. Nəticədə həmin müştərilər müflis olanda banka da pulu qaytara bilmir. Bütün bunları monitorinq etmək, prosesə nəzarəti həyata keçirmək və cəzalandırmaq üçün Mərkəzi Bankın əlində kifayət qədər səlahiyyət vardır. Ona görə də düşünürəm ki, özəl bankların faktiki illik kredit faizlərini açmaları üçün həmin səlahiyyətlərdən lazımi dərəcədə istifadə etmək gərəkdir".

Digər iqtisadçı alim Əli Əlirzayev isə qeyd etdi ki, atılan bu addım ilk növbədə müştərinin maraqlarına xidmət edir: "Mərkəzi Bank ölkədə olan pul-kredit siyasətinə nəzarət etməlidir. Kommersiya banklarının fəaliyyətinə nəzarət etmək, onları tənzimləmək Mərkəzi Bankın funksiyasıdır. Özəl bankları başlı-başına buraxmaq olmaz. Bu mənada Mərkəzi Bankın özəl banklardan kreditlərin faktiki illik faiz dərəcəsini açmalarını tələb etməsi normal haldır, burada qəbahət yoxdur. Bu addım müştərilərin də xeyrinədir. Çünki aşkarlığın təmin edilməsinə xidmət edir. Faizlərin qaldırılmaması, şəffaflığın təmin edilməsi üçün belə normativlərin qoyulması birinci növbədə müştərinin maraqlarına xidmət edir. Müştəri bu halda daha doğru seçim etmək imkanı da qazanır".
Sizin Reklam Yeriniz