news Image
2013.03.18
15:58
| A A A
Prezident “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Beynəlxalq konfransın açılışında iştirak edib

Bakıda "Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda Beynəlxalq konfrans işə başlayıb. Movqe.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edib.


BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov Azərbaycanın beynəlxalq müstəvidə oynadığı rola, dünyada təhlükəsizliyə verdiyi tövhəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.


Dövlətimizin başçısı terrorizmə qarşı mübarizənin həmişə aktual olduğunu bildirərək qeyd edib ki, Azərbaycan terrorizmdən əziyyət çəkən ölkələrdən biridir. Ölkəmizin dəfələrlə ermənilərin terror aktlarına məruz qaldığını, həmin hadisələr zamanı iki minə yaxın vətəndaşımızın qətlə yetirildiyini, minlərlə insanın xəsarət aldığını deyən Prezident İlham Əliyev erməni terrorizminin hər zaman təcavüzkar separatçılıqla müşayiət olunduğunu və bunun Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi ilə nəticələndiyini diqqətə çatdırıb.


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri barədə danışan dövlətimizin başçısı bu münaqişənin beynəlxalq və regional təhlükəsizliyə böyük təhdid olduğunu vurğulayıb, beynəlxalq qurumlar və təşkilatların bununla bağlı qəbul etdiyi qərarların kağız üzərində qaldığını bildirıb. Azərbaycanın münaqişənin sülh yolu ilə həll edilməsi üçün səylərini davam etdirdiyini qeyd edən Prezident İlham Əliyev Ermənistanın bu məsələdə "status-kvo"nu qoruyub saxlamağa çalışdığını diqqətə çatdırıb.


Prezident İlham Əliyev Azərbaycanın terrorizmə qarşı mübarizənin daim diqqət mərkəzində saxlanılması üçün əlindən gələni etdiyini və 50-dən artıq ölkənin, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin və ekspertlərin iştirak etdiyi bugünkü konfransın Bakıda keçirilməsinin də Azərbaycanın bu mövzuya verdiyi əhəmiyyətin daha bir təsdiqi olduğunu bildirib, ötən ilin may ayında ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyini zaman respublikamızın bu məsələni diqqətdə saxladığını vurğulayıb.


Ölkəmizdə müxtəlif millətlərin nümayəndələrinin dinc və dostluq şəraitində yaşadığını diqqətə çatdıran dövlətimizin başçısı Azərbaycanda mövcud olan multikulturalizmin alternativi olmadığını  da deyib.


Terrorizmə qarşı mübarizədə təhsilin roluna toxunan Prezident İlham Əliyev ölkəmizdə təhsil məsələlərinə böyük diqqət yetirildiyini, savadlılığın səviyyəsinin 100 faiz təşkil etdiyini, informasiya-kommunikasiya texnologiyalarına böyük sərmayələrin yatırıldığını, ölkəmizdə kosmos sənayesinin inkişaf etdiyini bildirıb. "Yoxsulluğun azaldılması da terrorçuluqla mübarizədə vacib amillərdən biridir", - deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bu sahədə də böyük uğurlara nail olub. On il ərzində yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə enmişdir, növbəti illərdə yoxsulluğun sosial amil kimi tamamilə öz həllini tapacağı gözlənilir. Bu məsələlərin həlli hər bir ölkə üçün vacibdir, çünki bu amillərdən terrorizmə qarşı mübarizədə əsas vasitələr kimi istifadə oluna bilər.


 Çıxışının sonunda Prezident İlham Əliyev bir daha konfransın işinə uğurlar arzulayıb.