Əlaqə Arxiv
news Image
2013.03.20
07:25
| A A A
Xəzərin status problemi kəskinləşir
Cənub qonşumuz ətrafında baş verənlər sözügedən problemin daha da böyüyəcəyini göstərir Yeni müstəqillik tarixində Azərbaycanın qarşılaşdığı əsas problemlərdən biri də Xəzərin hüquqi statusu ilə bağlıdır. Hazırda sahilyanı ölkələr arasında statusun müəyyən edilməməsi səbəbindən ən çox zərər məhz Azərbaycan tərəfinə dəyir. Çünki, statusun qeyri-müəyyənliyi üzündən ölkəmiz İranla mübahisə predmetinə çevrilən "Araz-Alov-Şərq" yataqlarının istismarını həyata keçirə bilmir.
Halbuki, yatağın işlənməsi məqsədilə əcnəbi şirkətlərlə müvafiq müqavilələr də imzlanıb. Eyni sözləri Türkmənistanla sərhəd yaxınlığında yerləşən "Kəpəz" yatağı barədə də söyləmək mümkündür. Bu məsələ ətrafında yaxın tezlikdə hansısa razılığın əldə olunması isə inandırıcı sayılmır.
Daha bir vacib nüans isə ondan ibarətdir ki, geosiyasi və enerji maraqları da dənizin status probleminin həlli yolunda böyük maneəyə çevrilib. Məsələn, "Transxəzər" layihəsinin reallaşmasına imkan verməmək üçün Rusiyanın Xəzərin statusunun yaxın tezlikdə çözümü üçün ortaya lazımi mövqe qoyacağı qətiyyən inandırıcı deyil. Düzdür, Rusiyanın özünün dənizdə status problemi yoxdur. Lakin bu ölkənin status məsələsini problemə çevirən İran və Türkmənistana təsirləri də az deyil. Yeri gəlmişkən qeyd edək ki, Xarici İşlər Nazirliyində Azərbaycan və Rusiya arasında Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələrin növbəti raundu keçirilib. Görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun və Rusiya Prezidentinin Rusiyanın həmsərhəd olan MDB iştirakçı dövlətləri ilə dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə Səfiri İqor Bratçikovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.
Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin müddəaları, Xəzərdə əməkdaşlıq, o cümlədən təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər məqamlar müzakirə edilib. Eyni zamanda mövqelərin yaxınlaşdırılması üçün məsələlər araşdırılmış, aktual mövzular üzrə geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda Xəzər məsələləri üzrə ikitərəfli formatda keçirilən məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb və belə danışıqların davam etdirilməsinin zəruri olduğu bildirilib. Lakin reallıqda Moskvanın hansısa addım atacağı qeyd olunduğu kimi şübhə doğurur. Əvəzində Rusiya və İran Xəzərə yeni hərbi qüvvələr cəmləşdirməklə dənizi əsl "barıt çəlləyinə" çevirirlər. Elə 4 gün öncə İran yerli istehsalı olan yeni anti-raket sistemli hərbi gəmisini Xəzər dənizinə buraxıb. "Cəmaran-2" adlı gəminin ümumi uzunluğu 94 metrdir və saatda 56.1 kilometr sürətlə hərəkət edə bilir. Üzərində helikopter meydanı olan gəmi, eyni zamanda, yerüstü dağıdıcı raketlə, qırıcı əleyhinə batareyalarla, üstün kommunikasiya sistemilə, hərəkətli radar sistemilə və müxtəlif silahlarla təchiz olunub. Gəmi Ənzəli limanından dənizə buraxılıb. Açılış tədbirində iştrak edən İran prezidenti Mahmud Əhmədinejat "Cəmaran-2"nin regionda sülh və dostluğa xidmət edəcəyini bildirib. Onun sözlərinə görə, qərb İranın texnologiya sahəsində təcrübələrini görərək onun nüvə imkanlarının məhv edilə bilməyəcəyini anlayır.
Məlumat üçün bildirək ki, "Cəmaran-2"nin gələn ay İran donanmasına qoşulacağı gözlənilir. İran gəminin prototipini ilk dəfə isə 2010-cu ildə Fars körfəzində işə salıb. Ümumiyyətlə isə İran 1992-ci ildən hərbi sənayedə sıçrayış edərək indiyə qədər yerli qırıcı təyyarələr, tanklar, raketlər, torpedolar və yüngül sualtı qayıqlar istehsal etməyə başlayıb. Bunun ardınca isə İranın müdafiə naziri Əhməd Vəhidinin verdiyi açıqlamalar təhlükəli nüanslardan xəbər verir. Nazir bildirir ki, İran Xəzərə çıxışı olmayan ölkələrin bu dənizdə fəaliyyətinə reaksiya verəcək. Onun sözlərinə görə, Xəzəryanı dövlətlərin icazəsi olmadan digər ölkələrin burada fəaliyyətinə İran reaksiya göstərəcək və ölkə su, hava və quru sərhədlərini ciddi şəkildə qorumağı nəzərdə tutub. İranın müdafiə naziri dənizdə Xəzəryanı dövlətlərin birgə hərbi qüvvələrinin yaradılmasını təklif edib və ölkəsinin narkotik maddələr, qaçaqmalçılıq, terrorla mübarizə sahəsində yüksək təcrübəyə malik olduğunu vurğulayıb.
Xaıtrladaq ki, Xəzəryanı ölkələrdən əsasən Azərbaycan Xəzərə çıxışı olmayan ölkələr, yəni Qərb dövlətləri ilə dənizdə enenrji sahəsində sıx əməkdaşlıq edir. Bu isə o deməkdir ki, iranlı nazirin fikirləri daha çox ölkəmizə qarşı yönəlib. Ekspertlər onu da xatırladır ki, son dövrlərdə İran Xəzərdə hərbi gücünü durmadan artırır. Bu isə bilavasitə İrana qarşı mümkün müharibə hazırlığı ilə izah olunur. Xəzərdə İranın hədəfinin kim olacağına gəlincə, bu xüsusda elə bu günlərdə ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirov maraqlı bir açıqlama vermişdi. Dünya ölkələrinin İrana qarşı tətbiq etdiyi sanksiyalara toxunan ARDNŞ rəsmisi bir sıra maraqlı məqamlara aydınlıq gətirmişdi: "Bizdən İranı "Şahdəniz" yatağından kənarlaşdırmağı istədilər. İran konsorsiumda iştirak etməsəydi, Xəzərin mübahisəli ərazilərində neft istehsal edə bilməzdik. Bu gün İrana qarşı hərbi əməliyyatlar barədə danışılır. Bu əməliyyatlar başlasa, İran raketləri ABŞ-a gedib çatmayacaq. İsrailin də çox güclü hava hücumundan müdafiə sistemi var. İran Rusiyanı vurmayacaq, Ermənistana da toxunmayacaq. O zaman ortada kim qalır? İran raketlərinin hədəfi "Şahdəniz" yatağı olacaq. Onlar Avropanı enerji ilə təchiz edən ilkin təbii enerji mənbələrinə zərbə vuracaqlar".
Bütün bunlar isə dənizin statusun müəyyən olunmasında əsl problemə çevrilib. Hadisələrin inkişaf istifqaməti, İran ətrafında baş verənlər isə status probleminin daha da böyüyəcəyini və kəskinləşəcəyini deməyə əsas verir. Xatırladaq ki, Xəzərin statusu problemi SSRİ dağıldıqdan sonra İranın 1921 və 1940-cı il tarixli sovet-İran müqavilələrini tanımaqdan imtina etməsi və dəniz hissəsinə hamı ilə bərabər iddiaları haqqında bəyan etməsilə yaranıb. Hərçənd, sovet dövründə mövcud olan Astara-Həsənqulu bölücü xəttinə əsasən, İranın payı 12% təşkil edirdi. Sonrakı danışıqlar prosesi zamanı Azərbaycan, Qazaxıstan və Rusiya bütün tərəfləri dənizin orta xətt prinsipilə bölünməsinə çağırsa da, Türkmənistan və İran bu yanaşmadan imtina edir. Lakin razılaşma üçün Tehranın dənizin 5 bərabər hissəyə bölünməsi prinsipindən geri çəkilməsi lazımdır. Hələlik isə rəsmi Tehran bununla razılaşmır.
Sizin Reklam Yeriniz