news Image
2013.03.22
15:46
| A A A
İstanbulda Novruz şənliyi
Türk dünyasının ortaq və qədim bayramı olan Novruz bu gün İstanbul Topkapı Kültür Parkında təntənəli şəkildə qeyd olunub. Saat 11:00 - da başlayan bayram proqramı tonqaldan tullanma, yumurta toqquşdurma, milli oyunlar, Novruz çıxışları ilə davam edib. Bütün türkləri bir araya gətirən, adət - ənənələri, kültürləri birləşdirən Novruz şənliyi böyükdən – kiçiyə hamının sevincinə, marağına səbəb olub. Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalovun təşəbbüsü ilə təşkil olunan Novruz şənliyi rəngli görüntüsü ilə yadda qaldı. Baş konsul Həsən Zeynalov və xanımı bütün türk dünyasının, Azərbaycan xalqının Novruz bayramını təbrik edib, xalqımıza ruzi - bərəkət, xoş ovqat, bahar sevinci arzu etdilər. Şənliyə təşrif buyuran İstanbul valisi Hüseyn Avni Mutlu da bütün türk dünyasının Bahar bayramını təbrik etdi. Novruzun həyatımıza birlik, bərabərlik, bərəkət, gətirməsini dilədi. Baş konsul və vali Novruz adətlərindən, bayram əyləncəsi olan yumurta toqquşdurdular. Novruz şənliyində Azərbaycan təşkilatları, dərnəklər, konsulluğun nümayəndələri, tələbələr, İstanbulda yaşayan Azerbaycan vətəndaşları yaxından iştirak etdilər. Şənliyin sonunda Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalova və İstanbul valisi Hüseyn Avni Mutluya Novruz ovqatlarından təşkil olunan xonça hədiyyə olunaraq xatirə şəkilləri çəkildi.