Əlaqə Arxiv
news Image
2013.03.28
07:49
| A A A
Büdcəyə çatmayan iki milyard manat
Radil Fətullayev: “İkili müsahibatlığın qarşısını almaq üçün müəssisələrdə sənədləşmə sisteminin sahmana salınması əsasdır” Rəşad Həsənov: “Azərbaycanda ikili mühasibatlıq nəticəsində dövlət büdcəsinin il ərzində itirdiyi məbləğ təxminən 2 milyard manata yaxındır”

Məlumdur ki, bu gün ölkədə fəaliyyət göstərən bir sıra özəl müəssisələrdə ikili müsahibatlıq hökm sürür. Bu isə büdcəyə daha az verginin daxil olmasına, eləcə də Dövlət Sosial Müdafiə Fonduna az miqdarda vəsaitin daxil olması ilə nəticələnir.

Vəziyyətdən çıxış yolu kimi isə belə təkliflər səsləndirilir ki, müxtəlif sahələrdə işçilərin maaşı ilə bağlı konkret hədd qoyulsun. Başqa sözlə, söhbət Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş minimum əmək haqqı anlayışının aradan qaldırılmasından gedir. Əslində isə Azərbaycanda əmək haqlarının az göstərilməsi problemi heç də ölkə iqtisadiyyatının bütün sahələrini əhatə etmir. Müşahidələr göstərir ki, maliyyə, mobil rabitə, neft sənayesi kimi sahələrdə işçilərin maaşı əllərinə aldıqları məbləğ qədər rəsmiləşdirilir. Problem əsasən, tikinti, nəqliyyat, ticarət, ictimai iaşə, turizm kimi sahələrdədir.

Məhz bu sektorlarda ikili mühasibatın aradan qaldırılması vacib sayılır. Xarici təcrübədə ikili mühasibatlığın aradan qaldırılması istiqamətində edilən təkliflərdən biri də əmək haqlarına sektorlar üzrə differensiallaşdırılmış minimumların tətbiq edilməsidir. Yəni, ölkədə fəaliyyət göstərən bütün özəl - tikinti şirkətləri, iaşə obyektləri, banklar və s. - lər təyin olunmuş minimumdan aşağı əmək haqqı verə bilməyəcəklər. Amma ekspertlərə görə, alternativ variantlar da istisna deyil. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin əməkdaşı Radil Fətullayevin sözlərinə görə, ikili müsahibatlığın qarşısını almaq üçün bəzi sektorlarda minimum əmək haqlarına hədd qoymaq indiki vəziyyətdə hələlik Azərbaycanda effektiv olmaz: "Bu məsələyə yaxın 5 ildə baxıla bilər. Çünki biz beynəlxalq mühasibat uçot sisteminə keçid şəraitindəyik. Standartlara keçid şəraitində olmasına baxmayaraq, standartlar var. Amma hələ işlər tam başa çatmayıb. Məsələn, büdcə sektorunda bu ilin sonuna qədər o standartlara keçid yekunlaşdırmalıdır. QHT sektorunda artıq yekunlaşıb. Amma kommersiya müəssisələrində hələ bunun təlimatı da yoxdur. Yəni, bu cür inkişaf getsə, yaxın 5 ildə tam şəkildə bütün müəssisələr uçot və hesabatını beynəlxalq standarta uyğun qursalar, ondan sonra həmin differensial sistemin tətbiq edilməsinə baxmaq olar".

Ekspertin fikrincə, ikili müsahibatlığın qarşısını almaq üçün müəssisələrdə sənədləşmə sisteminin sahmana salınması əsasdır: "Bu gün Azərbaycanda mənfəət vergi ödəyiciləri məhsullarının qaimə fakturalarının alınmasında əziyyət çəkir. Onlar da başqa yollardan istifadə edərək sənəd düzəltməyə çalışırlar. Bu da məcburi olaraq ikili mühasibatlığa aparır. Yəni, ölkədə vergi-uçot sistemini yönləndirmək olsa ki, hər kəs sənəd versin, bu, ikili müsahibatlığın qarşısının alınmasının ən gözəl üsuludur. Türkiyə təcrübəsi buna misaldır. Orada insanlar mağazaya girdiyi zaman kassa çeki almağa təşviq edilir. Bundan başqa, sənədləşmə işi də çoxdur. Sənədləşmənin də hazırlanması problem olduğuna görə indiki vəziyyətdə sadələşmiş vergi ödəyicilərinin mənfəət vergisi olmasını sürətləndirmək düzgün olmazdı".

Radil Fətullayev onu da əlavə etdi ki, Vergi Məcəlləsində olan dəyişikliyə görə, artıq həmin məcəllənin hüququ var ki, bu rübdən əmək haqqının müxtəlif sektorlarda təyin olunmuş orta statistik göstəricilərə görə verilməsini tələb edilsin: "Amma bizdə bunu da tətbiq etmək tezdir. Düzdür, vergi orqanı üçün differensiallaşmış vergi tətbiq etmək çətindir. Lakin əmək haqqındakı differensiallaşmanı müəssislərin dövriyyəsinə görə tətbiq etsələr, çox yaxşı olar".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin üzvü Rəşad Həsənov bildirir ki, hazırda Azərbaycanda ikili mühasibatlıq nəticəsində dövlət büdcəsinin il ərzində itirdiyi məbləğ təxminən 2 milyard manata yaxındır: "Əmək haqqının az göstərilməsinin həm obyektiv, həm də subyektiv səbəbləri var. Bugünkü vergi dərəcələrinin tətbiq olunmasındansa, qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədi ilə bu sahədə sahibkarlara müəyyən güzəştlərin edilməsi daha məqsədəuyğun olardı. Son vaxtlar vergi qanunverciliyinə müəyyən dəyişikliklər edildi. Lakin əmək haqqında tutulan sosial ödənişlərin həcmi azaldılmadı. Amma bu, ikili mühasibatlığın həcminin azaldılmasında əsas şərtlərdən biri idi.

Bu gün minimum əmək haqqı təxminən orta hesabla 100 manat məbləğində göstərilir. Bu da əsasən ictimai iaşə müəssisələrində, özəl sektorda özünü büruzə verir".

Ekspert onu da bildirdi ki, bu sahədə dövlətin müəyyən kriteriyalar tətbiq etmə təcrübəsi Türkiyədə, Ukraynada 1970-ci illlərin sonlarında olub: "Amma bu gün Azərbaycanda həmin praktikanı tətbiq etmək o qədər doğru olmazdı. Bundansa Azərbaycanda 22 % olan sosail ödənişin məbləğinin dərəcələrini 12%-ə endirməklə müəyyən irəliləyiş əldə etmək olar".
Sizin Reklam Yeriniz