news Image
2013.03.28
07:55
| A A A
Çirkab suları yeni böyük təhdid mənbəyidir
Sadiq Əmiraslanov: "Kanalizasiya şəbəkəsi yenidən qurulmalıdır" Telman Zeynalov: "Yaxşı olar ki, icra, bələdiyyə və torpaq komitəsi nümayəndələri belə yerlərdə bina tikilməsinə birdəfəlik qadağa qoysun"

Ənvər Əliyev: "Problemdən çıxış yolu şəhər təsərrüfatının və kanalizasiya sistemlərinin normal qurulmasından keçir"

Yazın gəlməsilə ölkədə sürüşmə təhlükəsi də intensivləşir. Bu günlərdə Masazır qəsəbəsi də sürüşmə təhlükəsilə qarşı-qarşıya qalıb. Burada 8-ə yaxın ev yaşamaq üçün yararsız vəziyyətə düşüb. Ekspertlər həmin ərazidə sürüşmənin çirkab sularının axıdılması ilə bağlı olduğunu bildiriblər. Bundan əvvəl Badamdar qəsəbəsində də sürüşmə baş vermişdi. Həmin hadisəyə səbəb kimi də əsasən çirkab sularının axıdılması göstərilirdi.

Bu iki ərazidə tikilən evlər kənarında kanalizasiya sisteminin olmaması çirkab sularının hara gəldi axıdılmasına rəvac verib ki, nəticədə də belə acınacaqlı vəziyyət yaranıb. Görəsən, çirkab su məsələsini birdəfəlik necə həll etmək olar?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Sadiq Əmiraslanovun fikrincə, çirkab suları məsələsinin birdəfəlik həlli kanalizasiya sisteminin yenidən qurulmasından keçir: "Çirkab sularının birdəfəlik həlli kanalizasiya şəbəkəsinin ərazilər üzrə mükəmməlləşdirilməsindən keçir. Yəni həmin su pərakəndə axıdılmamalıdır. Bunun üçün də kanalizasiya şəbəkəsi yenidən qurulmalıdır".

Ekoloq Telman Zeynalov isə qeyd etdi ki, sürüşməyə meylli ərazilərdə bina tikilməsinə qadağa qoyulmalıdır: "Təhlükəli zonalarda təpəciklərin üzərində binaların tikilməsi sürüşmə təhlükəsini yaradan başlıca amillərdən biridir. Çünki belə binaların normal kommunikasiya sistemləri olmadığından onlardan ayrılan bütün məişət tullantıları sonda sürüşmə yaradır. Yaxşı olar ki, belə ərazilər boşaldılsın və orada ancaq yaşıllıqlar salınsın. Keçən əsrin 70-ci illərində belə ərazilərdə terraslar yaradıb burada ağac əkirdilər. İndi isə bunlar yoxdur. Digər tərəfdən, yağıntının miqdarı çox olduğundan, havalar rütubətli, nəmişli keçdiyindən sürüşmə ehtimalı da artır. Kommunikasiya sistemləri qurularsa, çirkab sularının hara gəldi axıdılması məsələsini də birdəfəlik həll etmək olar. Bunu qurmaq niyyətində deyillərsə, orada tikilən binalar sökülməlidir. Yaxşı olar ki, icra, bələdiyyə və torpaq komitəsi nümayəndələri belə yerlərdə bina tikilməsinə birdəfəlik qadağa qoysunlar".

AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev isə bildirdi ki, problemin həlli üçün şəhər təsərrüfatı normal şəkildə qurulmalıdır: "Vaxtilə bəzi icra hakimiyyəti və bələdiyyə orqanları əhaliyə harda gəldi, necə gəldi torpaq sahəsi verməklə şəhərin belə acınacaqlı vəziyyətə gəlib çıxmasına bais olublar. Həmin qurumların "səyləri" nəticəsində əhali, xüsusən də bölgələrdən şəhərə köçənlər, şəhər tikintisinə uyğun gəlməyən yerlərdə binalar tikiblər. Bu zaman ərazinin kanalizasiya sisteminin qurulması isə yada belə düşməyib. Onun nəticəsidir ki, indi Masazır qəsəbəsi, habelə Badamdar deyilən ərazi sürüşməyə meylli zonalara çevrilib. Çünki bu ərazilərdə yaşıllıqların olmaması və ya qırılması, bunun fonunda da binaların necə gəldi, harda gəldi tikilməsi nəticə etibarilə ərazinin sürüşməyə meylli olmasına gətirib çıxarıb. Həmin binalar tikilən zaman kanalizasiya sisteminin qurulmaması, çirkab sularının nizamsız şəkildə axıdılması sonda torpağın sürüşməsinə səbəb olub. Bu problemdən çıxış yolu şəhər təsərrüfatının və kanalizasiya sistemlərinin normal qurulmasından keçir. Nə qədər ki, bunlar baş verməyib, çirkab sularının axıdılması nəticəsində sürüşmə təhlükələri də artmaqda davam edəcək".