news Image
2012.04.27
15:38
| A A A
“Azercell” ölkə vətəndaşlarının cibini soymaqla məşğuldur”
Samir Əliyev: “Bəzən telefon rabitəsində böyük problemlərin olması ilə rastlaşırıq” Cümşüd Nuriyev: “Azercell” ölkə vətəndaşlarının cibini soymaqla məşğuldur”

Azərbaycanda 15 ilə yaxındır ki, fəaliyyət göstərən "Azercell" mobil operator şirkəti artıq iki ilə yaxındır ki, kontur sistemindən manat sisteminə keçib. Həmin ərəfədə şirkət xidmətlərə görə alınan qiymətlərin aşağı salınacağını vəd etmişdi. Lakin bu günə qədər "Azercell"də həmin istiqamətdə hər hansı bir addım atılmayıb. Əksinə, abunəçilərinin sayının çox olmasına baxmayaraq, şirkətdə müxtəlif xidmətlərin qiyməti olduqca baha olaraq qalır.

Məlum həqiqətdir ki, ölkədə bu şirkətin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Şirkətin isə bu fonda bahalı tarif siyasəti istər-istəməz vətəndaşların narazılığı ilə qarşılanır. Məsələyə münasibət bildirən İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev qeyd etdi ki, abunəçilərin sayının çoxluğu şəraitində "Azercell" şirkəti qiymətləri də aşağı salmalı idi: "Azərbaycanda mobil rabitə xidmətinin qiymətləri təbii ki, MDB ölkələrilə müqayisədə yüksəkdir. Ölkəmizdə üç mobil operatoru fəaliyyət göstərir ki, onlardan da əsas bazar payına "Azercell" şirkəti sahibdir. Bu şirkətin bazardakı payı 60 faizdən çoxdur. Bu o deməkdir ki, "Azercell" hökmran mövqeyə malikdir və bazardakı qiymətləri diktə edir. Əslində bu gün "Azercell" istifadəçilərinin sayı da çoxdur. Ölkədə hər on nəfərdən 7-si "Azercell" abunəçisidir. Ona görə də şirkətin göstərdiyi xidmətlərə görə qiymətləri aşağı salmaq və daha çox gəlir əldə etmək imkanları vardır. Ancaq təəssüf ki, "Azercell" bu imkanlardan istifadə etmir. Fikrimcə, "Azercell" qiymətləri aşağı salacağı təqdirdə avtomatik olaraq digər operator şirkətlərin bazarını öldürmüş olur. Bəlkə də buna görə də "Azercell" qiymətləri aşağı salmaq istəmir. Qiymətlərin aşağı salınmamasına baxmayaraq, onu da qeyd edim ki, "Azercell"in keçirdiyi müxtəlif kampaniyalar nəticəsində insanlar bundan bəhrələnməyə çalışır. Yəni şirkət bir neçə aylıq kampaniya formasında olsa da, bu işlərə qoşulur. Hazırda "Azercell" pulsuz olaraq "Facebook" şəbəkəsinə qoşulmaq prinsipini tətbiq edir. Halbuki, "Baksell"də bu çoxdan var. Amma məsələ ondadır ki, bir həftəyə yaxındır, "Azersell"də "Facebook" şəbəkəsinə qoşulmaq pulsuz olmasına baxmayaraq, internet yüklənməsinə görə hələ də meqabayt çıxılır. Fikrimcə, abunəçilərin sayının çoxluğu "Azercell"in lazımi səviyyədə keyfiyyətli xidmət göstərə bilməməsinə gətirib çıxarıb. Nəticədə də həmin şirkətdə bu tip texniki problemlər meydana çıxır. Bəzən telefon rabitəsində böyük problemlərin olması ilə rastlaşırıq. Bu da onun nəticəsidir ki, "Azercell"də abunəçilərin sayı çoxalsa da, maddi-texniki təminat məsələsini onların sayına tam uyğunlaşdıra bilməyib".

Digər ekspert Cümşüd Nuriyev isə "Azercell" şirkətini inhisarçılıqda ittiham etdi: "Azercell" tamamilə monopolist bir statusda çıxış edir. Təəssüf ki, müvafiq qurumlar da antiinhisar qanununa uyğun olaraq ona qarşı hər hansı bir addım atmır. Bundan başqa "Azercell" manatla ödənişə keçəndən sonra yenə də köhnə şakərindən əl çəkmir. Bir SMS-in üç qəpik olduğunu elan etmələri də yalandır. Bir SMS üçün azı üç dəfə ardıcıl olaraq pul çıxılır. Halbuki, bu yol veriləsi hal deyil. Əslində SMS-in biri əvvəl Azərbaycanda 11 kontur idisə, indi 9 qəpikdir, yəni daha bahadır. "Azercell" monopolist olmaqla kifayətlənmir. Eyni zamanda Azərbaycanda informasiya ötürücüsü statusunda çıxış edir. Bizim heç bir zəmanətimiz yoxdur ki, Azərbaycanın ayrı-ayrı şəxslərinin telefonuna qulaq asılıb məlumatlar xaricə ötürülmür. Bu mənada da "Azercell" hələ də şah durumdadır. Ukrayna və Türkiyədə istənilən vətəndaş heç bir sənəd təqdim etmədən hər hansı bir mobil nömrə alıb ondan istifadə edə bilər. Azərbaycanda isə bütün nömrələr sənəd əsasında satılır. "Azercell"in belə hərəkətlərinə qarşı bir ölçü götürülməlidir. Milli Məclisin İqtisadiyyat Komitəsi onlarla bağlı məsələni qaldıra bilər. Bütün hallarda "Azercell" ölkə vətəndaşlarının cibini soymaqla məşğuldur. Dünyanın heç bir yerində bu qədər bahalı mobil rabitə sistemi yoxdur. Halbuki, "Azercell" başladığı işə sərmayə yatırmaqdan çox Azərbaycanın mövcud rabitə sistemindən istifadə etdi. Yəni bir növ Azərbaycan dövlətinin ortağı şəklində fəaliyyətlərini qurdular. 15 ildir ki, şirkət Azərbaycandadır. Bu müddət ərzində ölkəyə yeni bir ideya gətirməyiblər. Bircə konturdan manata keçiblər. Özlərinin elan etdiyinə görə 4 milyona yaxın abonentləri var. Belədə ölkə vətəndaşlarının 50 faizi onların abonentidirsə, bunun özü də qanunun pozulmasıdır. Çünki belədə monopolist olduqlarını aşkara çıxarırlar. Digər məqam odur ki, "Azercell" "Bakcell"i vurub çıxarmaqdan ötrü haqsız rəqabətlə məşğuldur. Bununla da açıq rəqabət haqqında qanunla bütün normativ normaları pozur, Azərbaycan qanunlarına hörmətsizlik nümayiş etdirirlər".

Rüfət NADİROĞLU

movqe.az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs