news Image
2013.03.29
07:23
| A A A
Qafqazda yeni Qarabağ ssenarisi işə düşür
Qonşu Gürcüstanda Cavaxetiya erməniləri ilə bağlı baş verənlər təhlükəli məqamlardan xəbər verir

Qonşu Gürcüstanda məlum hökumət dəyişikliyindən sonra kifayət qədər aktual problemə çevrilən məsələlərdən biri də Cavaxetiya erməniləri ilə bağlıdır. Problemin təhlükəli həddə olmasını Gürcüstan rəhbərliyi özü də etiraf edir.

Hesab olunur ki, Rusiyanın geosiyasi maraqları, Ermənistan verilən dəstək və Cavaxetiya ermənilərinin özlərinin separatçı niyyətdə olması Gürcüstanda vəziyyətin hər an destabilləşməsinə gətirib çıxarmaq iqtidarındadır.

Başqa bir tərəfdən qonşu ölkədə prezidentlə baş nazir arasında məlum nifaq da Cavaxetiyada separatizmin inkişafına müsbət zəmin yaradır.

Bütün bunların nəticəsidir ki, Cavaxetiya erməniləri muxtariyyət, Gürcüstanda erməni dilinə xüsusi status verilməsinə dair tələblərini kifayət qədər sərtləşdiriblər. Qeyd olunduğu kimi hadisələrin təhlükəli məcrada inkişafı Gürcüstan rəhbərliyinin özü tərəfindən də etiraf olunur. Məhz bu kontekstdə Gürcüstan prezidenti Mixail Saakaşvili ölkəsində yaşayan etnik ermənilərə növbəti dəfə xəbərdarlıq edib. O, Axalkalakidə orta məktəblərdən birinin açılışında bəyan edib ki, ermənilər təhlükəli təşəbbüslər irəli sürməkdənsə, gürcü dilini öyrənməyə üstünlük versələr, daha yaxşı olar. Saakaşvili açıq şəkildə bildirib ki, erməni dilinə xüsusi status verilməsinə dair iddialar yersizdir və bu, heç vaxt reallaşmayacaq: "Burada məskunlaşan ermənilərin dil problemi var. Onlar bizim ölkənin mədəniyyətinə, təhsilinə inteqrasiya etmək istəyirlərsə, mütləq gürcü dilinə yiyələnməlidirlər. Parlamentdə bəzi siyasilərin təklif etdiyi təhlükəli təşəbbüslərə bizim cavabımız budur".

Prezident hesab edir ki, baş nazirin həyata keçirdiyi siyasət nəticəsində Cavaxetiyada vəziyyət gərginləşə bilər: "Əgər daha əvvəl Abxaziya və Cənubi Osetiya girov idisə, indi Cavaxetiya girova çevrilib. Sən Rusiyaya elektrik enerjimizi kəsmək, iqtisadiyyatımızı dağıtmaq, regiona soxulub Avropaya yolumuzu bağlamaq imkanı verirsənsə, bu halda Gürcüstan əyalət diktaturasının hökm sürdüyü ölkəyə çevrilə bilər. Gürcüstanda demokratiya, plüralizm, azad KİV, azad məhkəmə qalmasa, ölkəmiz Avropaya can ata bilməz və bir istiqaməti qalar - Rusiya..."

Saakaşvili baş nazir Bidzina İvanişvilinin Cavaxetiya erməni separatçılarının lideri Vaaqn Çaxalyanın həbsdən azad edilməsi ilə bağlı addımını da əvvəlki kimi ciddi səhv sayır: "O, Gürcüstanın düşməni və Rusiya xüsusi xidmətinin rezidentidir". Xatırladaq ki, Vaqan Çaxalyan 2008-ci il iyulun 21-də öz evində tutulub və silah, hərbi sursatın əldə olunması, saxlanması, ictimai asayişi pozan kütləvi tədbirlərin təşkili, həmçinin ilkin cinayət əlaqəsi üzrə hakimiyyət nümayəndəsinə qrup şəklində müqavimət göstərməkdə ittiham olunub. 2009-cu il aprelin 7-də məhkəmə onu 10 il müddətinə azadlıqdan məhrum edib. Saakaşvili vurğulayıb ki, Çaxalyan Rusiya xüsusi xidmətinin birbaşa rezidentidir. Prezident istisna etməyib ki, Çaxalyanın azad edilməsində məqsəd Cavaxetiyada qarışıqlıq salmaqdır. Son məlumatlara görə, Samtsxe-Cavaxetiya regionu əhalisinin sayı 238 min nəfərdir. Bunun 53%-ni ermənilər təşkil edir. Regionun bəzi rayonlarında ermənilər əhalinin 91,3%-ni təşkil edir.

Gürcüstan xarici işlər naziri Maya Pancikidze isə qeyd edib ki, Savaxetiyaya heç bir muxtariyyət verilməsindən söhbət gedə bilməz. O bildirib ki, bu barədə danışmağa belə dəyməz və bu ərazi Gürcüstanın ayrılmaz hissəsidir: "Orada yaşayan ermənilər də Gürcüstan vətəndaşlarıdır".

Qeyd edək ki, hazırda Cavaxetiyada, dövlət müəssisələri istisna olmaqla, heç bir yerdə gürcü dilində plakatlara və ya reklamlara rast gəlmək mümkün deyil. Əsasən erməni dilində yazılmış həmin plakat və reklamlardan açıq görünür ki, ermənilər Cavaxetiyanı de-fakto Gürcüstandan ayırıb. Digər maraqlı fakt da ondan ibarətdir ki, Cavaxetiyada fəaliyyət göstərən QHT-lər də Gürcüstandan ayrılmağın təbliğatını aparmaqdadır. Erməni diasporu və Ermənistan hakimiyyətindən aldıqları qrantlar hesabına həyata keçirilən bu prosesin qarşısını almaq üçün Tiflis hökuməti müəyyən addımlar atmağa çalışır. Lakin ciddi nəticə yoxdur. Üstəlik, Moskvanın da Cavaxetiya erməniləri vasitəsilə Tiflisi zəif salmaq niyyəti vəziyyəti daha da ağırlaşdırır.

Ermənilərin fikrincə, bu ərazilər əslində Gürcüstan ərazisi deyil. Dünya ermənilərinə görə, əlbəttə ki, vəziyyət belə olacağı təqdirdə Gürcüstan hakimiyyətinin edə biləcəyi şey Samsxe-Cavaxetiyaya muxtariyyət vermək və bu regionda erməni dilini ikinci dövlət dili elan etməkdir. Bütün bunlar isə Gürcüstanda həm də yeni Qarabağ münaqişəsi ssenarisinin təkrarlana biləcəyindən xəbər verir. Son günlərdə ermənilərin tələblərini sərtləşdirməsi və onlara kənardan verilən böyük dəstək vəziyyəti daha da ağırlaşdırır. Bu hal Gürcüstanda vəziyyəti nəzarətdən çıxara bilər ki, bu da həm orada yaşayan çoxsaylı soydaşlarımız, həm də Azərbaycan dövlətinin marağına cavab vermir.