news Image
2013.03.29
07:29
| A A A
Ətin qiyməti ətrafında yeni ziddiyyətlər yaranır
Vahid Mərəhhəmov: "İqtisadi İnkişaf Nazirliyi və digər strukturlar bazarda qiymətlərin tənzimlənməsinə yox, yalnız satışın rəqabət mühitində getməsini təmin etməyə borcludur"

Azərbaycanda heyvan əti bol olsa da qiymətləri hələ də baha olaraq qalır. Belə ki, bir kilo qoyun ətinin qiyməti 9 manata çatır, mal ətinin qiyməti isə 7-8 manat arasında dəyişir. Belə vəziyyətdə isə əhalinin əksər hissəsi daha ucuz olan quş ətinə üstünlük verir. Halbuki, qoyun və mal əti olduqca baha satılır və bunu rəsmilər də etiraf edir.

Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov da ət məhsullarının baha qiymətə satılmasından narazılığını ifadə edib: "Ötən il ölkəyə 2420 baş, cari ilin 3 ayında isə 600 baş heyvan gətirilib. Bu gün bazarda ət məhsulları baha qiymətə satılır. Qiymətə nəzarəti İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti edir. Onlar da bu məsələyə ciddi nəzarət etməlidir. Biz bunu deyəndə onlar bizdən inciyirlər. Eyni zamanda qiyməti qaldıran alverçilər cəzalandırılmalıdır. Çünki qiymətləri qaldıran onlardır. Hazırda mal ətinin qiyməti 5, qoyun ətinin qiyməti isə 6 manat olmalıdır". Görəsən, İqtisadi İnkişaf Nazirliyi tərəfindən həmin prosesə nəzarət aparılırmı? Ümumiyyətlə bazardakı qiymət alverçilərini kimlər cəzalandırmalıdır?

Məsələ barədə ekspert rəyini öyrəndik. Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov ət məhsullarının bahalaşmasında İqtisadi İnkişaf Nazirliyinin ittiham olunmasını düzgün saymadı: "Kənd Təsərrüfatı Nazirliyinin ətin və digər aqrar sahə məhsullarının qiymətinə qarışmağa ümumiyyətlə ixtiyarı yoxdur. İqtisadi İnkişaf Nazirliyi nə etməlidir ki? Bazar iqtisadiyyatı şəraitində fermerə və ət satışı ilə məşğul olan sahibkara qiymət diqtə etmək olmaz. Bu, yalnız həmin işlə hökumətin məşğul olduğu, istehsal və satışı öz üzərinə götürdüyü sovet dönəmində mümkün idi. Hətta sovet dönəmində hökumət tərəfindən tədarük edilən məhsula qiymət qoyulurdu. Bazarda isə xüsusi qiymət tənzimləmə sistemi yaradılmamışdı. Keçən ilin müvafiq dövrü ilə müqayisədə indi kəsim üçün idxal olunan diri heyvanın qiyməti 128 faiz artıb. Bu gün diri heyvan əsasən Gürcüstandan idxal olunur. Bu ölkədə isə son zamanlar ətin qiyməti elə də qalxmayıb. Kəsim üçün idxal olunan mal-qarayə həm də 15 faizlik rüsum tətbiq edilir. Daşınma xərcləri də nəzərə alınmalıdır. Belədə Azərbaycan istehlakçısının əldə etdiyi vəsait digər ölkələrin fermerlərinin cibinə axır. Halbuki özümüz heyvandarlıq məhsulunun istehsalı ilə ciddi məşğul olmaq qabiliyyətindəyik. Rəsmilər mal-qaranın baş sayının artdığını iddia edir. Belədirsə necə olur ki, idxal 128 faiz artır?

İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar adlı qurumu dövlət Tarif Şurasının müəyyənləşdirdiyi qiymətə uyğun olaraq nəzarət işi aparır. Onların bazara girərək burada qiymət siyasəti aparmalarına isə heç bir hüquqi əsas yoxdur. İqtisadi İnkişaf Nazirliyinin öz siyasəti var. O daxildə arqar sahə məhsullarının qiymətini tənzimləməməlidir. Dağlıq və ya aran rayonlarında ət istehsalı fərqlidir. Bakıda ətin qiyməti baha başa gəlir. Çünki Bakı ətrafında saxlanılan heyvan üçün ot daha uzaqdan gətirilir və belədə onun xərci yüksək olur. İkinci tərəfdən bazardakı satıcını alverçi adlandırmaq da düzgün deyil. Ona görə ki, ölkədə bazar iqtisadiyyatı hökm sürür. Hazırda istehsalçı və malı gətirib tədarük edib satanlar var. Bu kateqoriyalı insanlar da risq edir".

Həmsöhbətimiz bildirdi ki, İqtisadi İnkişaf Nazirliyi və digər strukturlar bazarda qiymətlərin tənzimlənməsinə yox, yalnız satışın rəqabət mühitində getməsini təmin etməyə borcludur: "Yəni bazarda normal mühitin yaranmasına çalışmalıdırlar. Süni şəkildə kimlərsə bazardan çıxarıldıqda isə inhisarçılığa yol açılır. Belədə bu məqam satılan malın maya dəyərinə təsir edir və onun qiyməti qalxır. Bazarda qiymətləri süni surətdə endirmək olmaz. Belə addım bazardan çoxlarının çıxmasına səbəb olar. Yerdə qalan azlıq isə süni istifadəyə yol verərək qiymətləri qaldıracaq. Avropa, hətta Gürcüstanda iri buynuzlu mal-qaradan bir günə bir kilo ət artımı qeydə alınır. Azərbaycanda isə bir kilo mal əti 5 günə alınır. Deməli, 1 kilo ətin alınması üçün ölkəmizdə 5, Gürcüstanda isə cəmi 1 gün xərc çəkilir. Ona görə də qonşu ölkədə istehsal olunan ətin maya dəyəri Azərbaycanda olduğundan 60 faizə qədər aşağıdır. Belə olan halda qonşu ölkədə manevr imkanları da genişdir. Ölkəmizdə də ətlik istiqamətli cins mallar olmasına çalışmalıyıq ki, onlar gündə bir kilo ət versin və maya dəyəri ucuz başa gəlsin".