news Image
2013.03.30
07:35
| A A A
Xəzərdə yeni silahlanma yarışı başlanır
Azərbaycanla dənizdə sərhəd mübahisəsi olan ölkələrin sürətlə silahlanması xüsusi diqqət cəlb edir

Xəzərdə Azərbaycanla sərhəd mübahisəsi olan ölkələr əvvəlki kimi dənizdə hərbi qüvvələrinin sayını və texnikasını durmadan artırırlar. Aydın məsələdir ki, belə vəziyyət Azərbaycanın maraqlarına qətiyyən cavab vermir. İlk növbədə ona görə ki, ölkəmiz də analoji addımlar atmaq məcburiyyətində qalır ki, bu da Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu baxımından arzuedilən hal deyil.

Çünki, Azərbaycan hərbiyə ayrılan xərcləri daha çox Qarabağ münaqişəsi nəzərə almaqla sərf edir. Yəni, ordu üçün alınan texnika və silah-sursat əsas etibarı ilə bu məqam nəzərə alınmaqla reallaşdırılır. Belə olan halda Xəzərdəki hərbi qüvvələrin də möhkəmləndirilməsi ölkəmizin bel ədemək mümkünsə, əlavə xərcə düşməsi deməkdir.

Lakin Xəzərdə sərhədlərini tam müəyyənləşdirmədiyindən Azərbaycan dənizdə hərbi qüvvələrini gücləndirmək məcburiyyətindədir. İlk növbədə ona görə ki, dənizdə Azərbaycana məxsus yataqlara iddia edən Türkmənistan və İran analoji addımlar atır. Belə bir vaxtda məlum olub ki, Türkmənistan Türkiyənin Yonca-Onuk şirkətindən sürətli, çoxməqsədli hərbi katerlər satın almaq niyyətindədir. Hazırda tərəflər arasında MRTP-33 tipli katerlərin alğı-satqısına dair danışıqlar gedir. Bu katerlər qarşıya qoyulan tapşırıqlardan asılı olaraq patrul, xilasetmə, zərbə-raket, xüsusi təyinatlı qüvvələrə dəstək əməliyyatlarında istifadə oluna bilir.

Türkmənistan Türkiyənin "Dearsan" şirkəti ilə 2010-cu ildə 2 ədəd Yeni Tip Gözətçi Gəmisinin tikintisinə dair müqavilə bağlayıb. Hər birinin dəyəri 55 milyon avro olan iki gəmi hazırda Türkmənistanda inşa olunur və bu il HDQ-nin döyüş sıralarına daxil ediləcək. Bu gəmilər üçün ötən il Aşqabad İtaliyanın "Oto Melara" şirkətin 2 ədəd 40L70 "Compact" topu, Almaniyadan mühərrik satın alıb. İran da Xəzərə yeni hərbi gəmilər və döyüş texnikaları cəmləşdirməkdədir. Hazırda İran Xəzərdə 100-ə qədər müxtəlif tipli kiçik tutumlu hərbi gəmiyə malikdir. İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) istehsalı olan "Camaran 2" eskadra mina-tral gəmisi isə iki həftə əvvəl Xəzər dənizində HDQ-nin istifadəsinə verilib.

"Camaran 2" eskadra mina-tral gəmisi inkişaf etdirilmiş texnologiyalarla təchiz olunub. "Camaran 1" eskadra mina tral gəmisi ilk dəfə 2010-cu ilin fevral ayında Fars körfəzi sahillərində İran HDQ-sinin istifadəsinə verilib. Camaran" gəmisi İran mütəxəssisləri tərəfindən hazırlanıb və istehsal edilib. "Camaran" suyun üzərində, altında və havada yerləşən hədəflərlə döyüşmək qabiliyyətinə malikdir. Bundan əlavə, gəminin göyərtəsində helikopter yerləşdirmək mümkündür. Gəmi "elektron müharibədə" də istifadə oluna bilər.

İran KİV-nin məlumatına görə, "Camaran 2" eskadra mina-tral gəmisində yeni nəsil texnologiyalardan istifadə olunub. Yeni gəmi "Camaran 1" gəmisinin inkişaf etdirilmiş formasıdır.

Ümumiyyətlə, araşdırmalar göstərir ki, Xəzəryanı ölkələr son 4 ildə öz Hərbi Dəniz Qüvvələrini (HDQ) gücləndirməyə başlayıb. Son 5 ildə Rusiya, İran və Azərbaycan Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsini modernləşdirib və döyüş sıralarına yeni gəmilər daxil edib, Qazaxıstan və Türkmənistan isə HDQ-nin yaradılmasına başlayıb, yeni gəmilər alıb və ya tikintisinə başlayıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) açıqladığı hesabatda yer alan məlumatlara görə, 2008-ci ildən başlayaraq Qazaxıstan, Türkmənistan dəniz donanmasının gücləndirilməsi istiqamətində xaricdən müxtəlif gəmilər, raket sistemləri və ya digər müdafiə təyinatlı məhsullar alıb.

ABŞ hökumətinin qiymətləndirmələrinə əsasən, hazırda Xəzərin neft ehtiyatlarının həcmi 186 milyard barrelə çatır. Bu isə Rusiyanın nüfuzlu "Dünya və siyasət" jurnalının yazdığına görə, dənizə olan maraqları əhəmiyyətli dərəcədə artırır. Jurnal qeyd edir ki, hazırda Xəzərin fəal şəkildə hərbiləşdirilməsi prosesi gedir ki, bu da regionda təhlükəsizliyə bilavasitə təsir göstərmək iqtidarındadır: "Qazaxıstan və Türkmənistan Xəzərdə yeganə Orta Asiya dövlətləridir. Xəzərə çıxışı olan digər dövlətlər - Rusiya, İran və Azərbaycan regionla sıx bağlıdırlar və öz maraqları var. İranla mümkün müharibə isə təkcə regiona yox, bütün qonşu ölkələrə təsir göstərəcək. Rusiya, İran və Azərbaycan burada öz hərbi güclərini artırırlar və bu, özünü daha çox hava hücumundan müdafiə, yeni hərbi dəniz avadanlıqlarının əldə edilməsində göstərir".