Əlaqə Arxiv
news Image
2013.03.30
07:37
| A A A
Unun idxalının kəskin artması paradoks vəziyyət yaradır
Nizami Qarayev: “Subsidiyanın verilmə mexanizmi ilə istehsal arasındakı əlaqəni qurmaq, dəqiq statistik rəqəmlərə söykənərək proqnoz vermək lazımdır” Vahid Məhərrəmov: “Hələ fevral ayında idxalın bu qədər sıçrayışla artması ondan xəbər veri ki, idxal artan istiqamətində gedəcək”

Cari ilin ilk 2 ayı ərzində Azərbaycana 8 milyon ABŞ dolları həcmində un idxal olunub. Bu rəqəm isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 dəfə çoxdur. Yəni, 2012-ci ilin fevral ayında artıq Azərbaycana 310 min ABŞ dollarlıq un idxal olunmuşdu. Amma onu da bildirək ki, un idxalı üzrə 2012 - ci ildə də 2011 - ci illə müqayisədə artım var idi. Ekspertlər isə illər üzrə un idxalında olan bu cür xronoloji artımı müxtəlif səbəblərlə izah edirlər.

Kənd Təsərrüfatı İstehsal Vahidləri Ticarətçiləri Assosiasiyasının üzvü Nizami Qarayevin fikrincə, bu, o deməkdir ki, ölkəyə un məhsulları gətirilirsə, ölkənin daxili istehsalı hələ tələbatı tam ödəmir: "Belə vəziyyətdə ölkənin real taxıl istehsalının nə qədər olmasını daha ciddi şəkildə araşdırmaq lazımdır. Ölkə özünü taxılı ilə nə qədər təmin edə bilir? Əgər ölkənin daxili istehsalını bilmək mümkün olarsa, onda nələrin baş verdiyinə dəqiq qiymət vermək olar. Təbii ki, dövlət ölkənin taxılla təminatı istiqamətində müəyyən tədbirlər görür. Subsidiyalar verilir, fermer təsərrüfatları dəstəklənir. Lakin əgər, bu cür subsidiya mexanizmi çərçivəsində idxal genişlənirsə, bu, o deməkdir ki, bu subsidiya mexanizmləri lazımi səviyyədə effekt verməyib. Subsidiyanın miqdarının artmasına baxmayaraq, kənardan asılılıq bu qədər böyük miqyas alırsa, deməli, subsidiyanın verilmə mexanizmində, fermerlərin həvəsləndirilməsində müəyyən problemlər var. Burada təkcə məbləğin artırılması deyil, həm də mexanizmlərlə bağlı ciddi işlər görülməlidir. Amma ciddi iş görülməmişdən əvvəl araşdırılmalıdır ki, subsidiyanın lazımi effekt verməməsinin səbələri hansılardır. Dövlət büdcəsindən açılmış bu vəsait niyə lazımi səmərə vermir, niyə istehsalda öz əksini tapmır?

Ekspert onu da əlavə etdi ki, əgər kifayət qədər böyük miqdarda un idxal olubsa, bu, o deməkdir ki, ölkənin daxili bazarında çörəyin qiymətinin qalxmaması üçün dövlət tərəfindən müəyyən tədbirlər görülüb: "Bu, bir mənada əhalinin müəyyən təbəqəsini qorumaq baxımından yaxşıdır. Amma əgər daxili istehsal kifayət qədər olmazsa və daxili istehsalla bağlı statistik rəqəmlər dəqiq olmasa, gələcəkdə də belə asılılıq qala bilər. Ona görə də, subsidiyanın verilmə mexanizmi ilə istehsal arasındakı əlaqəni qurmaq, dəqiq statistik rəqəmlərə söykənərək proqnoz vermək lazımdır. Həmçinin cari ildə ölkə ərazisinə az qar düşməsi də istehsalın kifayət qədər az olmasına gətirib çıxaran səbələrdəndir. Çünki ölkədə taxıl ərazilərinin əksəriyyəti dəmyədir. Əgər qış aylarında kifayət qədər yağıntı düşmürsə, həmin ərazilərdə məhsuldarlığa əhəmiyyətli dərəcədə təsir edir. Əgər bundan sonra da quraqlıq keçərsə, ölkə daxilində məhsul istehsalının əhəmiyyətli dərəcədə azalmasını proqnazlaşdırmaq olar".

Kənd təsərrüfatı üzrə digər mütəxəssis Vahid Məhərrəmov bildirdi ki, son 10 ildə bizim həm idxal buğdasına, həm də buğda ununa olan ehtiyacımız artan istiqamətdə gedir: "Əgər keçən illə müqayisə ediriksə, bu o demək deyil ki, keçən il artmayıb. Baxmayaraq ki, əhalinin artım tempi 1.3%dir. Bizdə demək olar ki, həm ərzaq buğdasının idxalı, həm də buğdadan alınan unun idxalı artır. Bu, öz-özlüyündə bir paradoks yaradır. Dövlət Statistika Komitəsi məlumat verir ki, Azəbaycan 2,8 milyon ton taxıl istehsal edir. Bunun da 1.8 milyon tonu ərzaq buğdasıdır. Belə olanda bizim 1.3 milyon tona yaxın ərzaq buğdasına ehtiyacımız yaranır. Amma ümumiyyətlə, dünyada adambaşına istehlak olunan taxılın, unun həcmini götürəndə bizdə bu göstərici - 1.3 milyon ton da çox yüksəkdir. Biz onsuz da adambaşına istehlak normasından xeyli artıq buğda istehsal edirik. Həm də adambaşına düşən idxal da artıqdır. Bəs niyə həddindən çox istehsal ediriksə, bu, bizə kifayət etmir? Bu məsələ ciddi araşdırılmalıdır.

İstehsal olunan buğdanın bir hissəsi istehsalçıların özü tərəfindən mal - qarada istifadə olunur. Fermerlərin özləri də etiraf edirlər ki, özlərinin çörəyə olan tələbatını idxal buğdasının hesabına ödəyirlər. Halbuki dövlət tərəfindən taxıl istehsalına kifayət qədər yardımlar var. Hətta bizim təbii resurslarımız da buna imkan verir. Bəs, niyə istədiyimiz nəticəni almırıq?"

Ekspert son olaraq bildirdi ki, bu il un idxalı keçənilki göstəricilərə nisbətən 25 dəfə artıb: "Bizim ehtiyat fondunda 300 min tondan artıq buğda olmalıdır. Yəni, bizim una olan ehtiyacımız indi yox, may ayında artsa idi, bu, normal qəbul edilərdi. Çünki getdikcə tükənir. Ehtiyatımız olduğu halda hələ fevral ayında idxalın bu qədər sıçrayışla artması ondan xəbər veri ki, idxal artan istiqamətində gedəcək. Bu il də 1.5 milyon ton buğda idxal edəcəyik".
Sizin Reklam Yeriniz