news Image
2013.03.30
07:38
| A A A
Əhali hər il 3 milyard dollar alır
Samir Əliyev: "Əhalinin banklardan daha çox dollar almasının səbəbi onun əsas rəqibi avronun zəifləməsidir" Nazim Məmmədov: "Dolların ucuzlaşması banklardan əhalinin çox miqdarda dollar almasına səbəb olur" Son dövrlər Azərbaycanda manata tələbat artıb. Bunun nəticəsidir ki, dövriyyədə manatın kütləsi durmadan artır. Adətən pul kütləsinin dövriyyəyə çox buraxılması müəyyən təhlükələrə yol aça bilər. Belə proseslər inflyasiyaya, manatın dəyərdən düşməsinə rəvac verər. Onu da qeyd edək ki, qanunvericiliyə görə dövriyyədə olan nağd pulun miqdarı ümumi daxili məhsulun 12-13 faizindən çox olmamalıdır.
Digər tərəfdən, əvvəllər depozitlərin əhəmiyyətli hissəsi dollarla saxlanılırdısa, indi isə əksinə, manatla saxlanılan depozitlərin həcmində artımlar var. Belə vəziyyətin özü də istər-istəməz bütövlükdə manata tələbatın artmasına gətirib çıxarır. Bu mənada birmənalı şəkildə manata tələbatın artması müşahidə edilir. Tələbatın artması baş verdiyindən Mərkəzi Bank dolların stelizasiyasını, manatın isə emissiyasını artırır. Yəni praktik olaraq Mərkəzi Bank artıq dövriyyədən dolları çıxarıb, əvəzində dövriyyəyə manat buraxır ki, tələbatı ödəyə bilsin. Əvvəllər isə proses əks istiqamətdə gedirdi.
Başqa bir məqam isə ondan ibarətdir ki, hesablamalara görə Azərbaycan vətəndaşları il ərzində banklardan, valyutadəyişmə mənqətəqələrindən 3 milyard dollar alır. Özü də bunun dolların manatla müqayisədə zəifləməsi fonunda edirlər. Görəsən, manatın kütləsi nədən artır? Digər tərəfdən, dolların zəif olmasına baxmayaraq, əhalinin banklardan xeyli miqdar dollar götürməsi nə ilə bağlıdır?
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyevin fikrincə, əhalinin banklardan daha çox dollar götürməsi avronun kursunun aşağı düşməsilə bağlıdır: "Əhalinin banklardan daha çox dollar almasının əsas səbəbi bu valyutanın birinci rəqibi olan avronun zəifləməsidir. Həqiqətən də son zamanlar avro zəifləməyə doğru gedir. Bu da avrozona ölkələrinin iqtisadiyyatında baş verən problemlərlə bağlıdır. Kiprdə baş verən hadisələr də avronun kursuna böyük zərbə vurdu. Artıq bir avro 1,3 dollardan da aşağı səviyyəyə enib. Ona görə də əhali avroya deyil, daha çox dollar almağa üstünlük verir. Təbii ki, turizm səfərləri və xariclə alqı-satqı əsasən dollarla aparıldığına görə bu gün xarici ticarətdə də avronun payı cüzidir. Amma neft amilini çıxdıqdan sonra da yerdə qalan ticarət dövriyyənin böyük hissəsi məhz dollarla realizə olunur. Belədə ölkəmizdə dollara geniş tələbat yaranır və düşünürəm ki, həmin tələbat uzun müddət qalacaq".
Manatın kütləsinin artmasına gəldikdə həmsöhbətimiz bildirdi ki, Azərbaycanda nağd pul kütləsi getdikcə artır: "Əvvəlki illərlə müqayisədə bu proses əhəmiyyətli dərəcədə artıb. Bu zaman sual çıxır. Bir tərəfdən hökumət elan edir ki, nağdsız pul kütləsinin həcmi artır. Amma digər tərəfdən nağd pul kütləsi artmaqda davam edir. Belədə proses ziddiyyət təşkil edir. Əslində nağd pul kütləsinin artmasının bir səbəbi ölkəmizdə nağdsız dövriyyənin deyildiyə qədər inkişaf etməməsilə bağlıdır. Sadəcə olaraq həmin addım müəyyən dövr üçün kampaniya xarakteri daşıyaraq qısa müddətli effekt verdi. Bu gün araşdırsaq görərik ki, postterminalların əksəriyyəti yenə də işləmir. Manatın kütləsinin artmasının əsas səbəbinə gəldikdə bu təbii ki, inflyasiya ilə bağlıdır. Ölkədə qiymətlər artır, əhalidə isə pul çatışmır. Belədə Mərkəzi Bank da məcbur olub əlavə pul çap edir. Son vaxtlar çap olunan pul kütləsi də əsasən 100 manatlıq əskinaslardır. Mərkəzi Bank da açıqlama vermişdi ki, 70 faiz pul kütləsi 100 manatlıq əskinaslardan ibarətdir. Ona görə ki, əlavə pul çap olunmalıdır və bu pul üçün 2 ədəd 50 manat çap etməkdənsə bir ədəd 100 manatlıq çap etmək daha ucuz başa gəlir. Həmçinin 100 manatlıq pul daha çox qorunma imkanlarına malikdir. Bu baxımdan manatın kütləsinin artması inflyasiyanın olması, qiymətlərin bahalaşması və dövriyyənin prioritet olaraq hələ də nağd pulla aparılmasının göstəricisidir".
İqtisadçı ekspert Nazim Məmmədov isə düşünür ki, manatın kütləsinin artmasının əsasında nağdsız ödənişlərin hələ də cüzi faiz olması dayanır: "Azərbaycan iqtisadiyyatının güclənməsinə baxmayaraq, nağdsız ödənişlərin artım dinamikası cüzi olaraq qalır. İnvestisiya layihələrinin həyata keçirilməsi, dövlət investisiyaları vasitəsilə iqtisadiyyata yaxşı mənada müdaxilələr nəticəsində nağd pul kütləsinə tələbat artır. Hazırda investisiyalar dövlət büdcəsinin yarısı qədərdir. Onunda 7 milyard manata yaxını birbaşa dövlət investisiyalarıdır. Bunların hamısı əlavə manat kütləsinin bazara çıxması və yığım üçün vasitəyə çevrilməsinə rəvac verir. Mərkəzi Bank nağd pulun az olmasını əlavə pul çapı ilə həll edir. Ölkəmizdə əsas xarici valyuta dollardır. Dolların ucuzlaşması isə banklardan əhalinin çox miqdarda dollar almasına səbəb olur".