Əlaqə Arxiv
news Image
2013.04.01
16:04
| A A A
Köhnə avtomobillərin utilizasiyası ilə bağlı böyük problem
Vaqif Əsədov: «Hər il keçdikcə maşının utilizasiya xərcləri artır, istismar müddəti keçir» Rəşad Həsənov: «Texniki cəhətdən nasazlıqlar əsasən köhnəlmiş maşınlarda üzə çıxır»

Aparılan araşdırmalar görə, avtomobilin köhnəlməsi onun metalının artıq zərbəyə davamlı olmamasına gətirib çıxarır. B uda qəza zamanı ölümü qaçılmaz edir.O da vurğulanır ki, 20 ildən sonra avtomobilə nə qədər texniki cəhətdən qulluq etsən də, onun metalında köhnəlmə gedir. Metal artıq yeni avtomobil kimi zərbəyə davamlı olmur. Ölkəmizdə isə yaşı 20-i çoxdan keçən avtomobillərin sayı kifayət qədərdir. Belə maşınlar isə həm sürücünü, həm də digər vətəndaşları qəza zamanı ciddi təhlükə qarşısında qoyur. Bu səbəbdən hesab edilir ki, Azərbaycanda köhnə avtomobillər tədricən utilizasiya edilməlidir. Belə utilizasiya həm də ağır qəzaya uğrayan və deformasiyaya məruz qalan avtomobillər də tətbiq edilməlidir. Bu ənənə daha çox inkişaf etmiş ölkələr üçün xarakterikdir və bir neçə amillə, o cümlədən ekoloji təmizliyə nail olmaq istəyilə bağlıdır. Azərbaycanda isə köhnə avtomobillərin utilizasiyası mexanizmi mövcud deyil. .

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məsələ ilə bağlı Movqe.az-a açıqlamasında bildirir: "Hər il keçdikcə maşının utilizasiya xərcləri artır, istismar müddəti keçir və maşın köhnəlir. Hər halda "Vaz 21 011", "Vaz2106", "Vaz 2107" və s. kimi maşınların istismara yararlı olub-olmadığını müəyyən etmək üçün hər il onlar texniki baxışdan keçirilir. Bu qanunun tələbi ilə tənzimlənir. Texniki cəhətdən nasaz avtomobillər texniki baxışdan keçmir. Bu da o deməkdir ki, o tip avtomobillər qəti şəkildə yol hərəkətidə istismar edilə bilməz".

İqtisadi və Sosial Inkişaf Mərkəzinin eksperti Rəşad Həsənov məsələ ilə bağlı Mövqe.az-a bunları bildirib: "Avtomobillərin ütilizasiyası bir neçə faktorlardan yaranır. Bir sıra köhnəlmiş avtomobillər istismar keyfiyyətini itirdiyi üçün baş verən qəzaların əsas iştirakçısı və daha cox səbəbkarıdır. Bu qəzalar zamanı insan itkiləri və ağır yaralanma hallarına daha çöx təsadüf edilir. Cünki, qəza baş verən zaman köhnəlmiş avtomobilin zərbənin təsirinə davamgətirmə indeksi cox aşağı olur. İkincisi isə, ekoloji cəhətdən dəyərləndirmələr zamanı ortaya çıxan problemlərdir.

Texniki cəhətdən nasazlıqlar əsasən köhnəlmiş maşınlarda üzə çıxır. Hətta onları təmir etmək belə bir cox hallarda effektiv olmur. Həmçinin nəzərə alsaq ki, hər il ölkəyə təxminən 70-80 min əlavə nəqliyat vasitələri gətirilir, deməli, ölkənin avtomobil bazası il-ildən artır və təbii olaraq bu ekologiyaya öz mənfi təsirini göstərir. Problemin qarşısın almaq üçün isə köhnəlmiş avtomobillərin utilizasiyası gündəmə gəlir. Lakin Azərbaycanda faktiki olaraq belə bir proqram yoxdur. Sadəcə ötən ildən başlayaraq müəyyən texniki göstəricilərə cavab verməyən avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoyulub. Bu kateqoriyaya xüsusi ilə MDB ölkələrindən gətirilən maşınlar aid edilir. Lakin daha ciddi və hərtərəfli qanun qəbul edilməli və ölkəyə idxal edilən avtomobillərin istehsal tarixi ilə məhdudlaşdırılan və hər il yenilənən tarix limitləri tətbiq edilməlidir.

Avtomobillərin ütilizasiyası heç də asan və birdəfəlik proses deyil. Çünki, 20 il istifadə edilən avtomobil artıq köhnəlmiş hesab edilir. Bu avtomobilləri istismardan kənarlaşdırmağa həm əhalinin iqtisadi vəziyyəti imkan vermir və həm də dövlətin bu prosesi həyata keçirən zaman kompensasiya ödəmə mexanizmi yoxdur. Vətəndaş köhnə avtomobildən istifadə edirsə, demək ki, o öz təhlükəsizliyini təmin etmə imkanlarına malik deyil. Bir çox hallarda isə köhnəlmiş avtomobil vətəndaşın gəlir mənbəyi hesab olur. Belə ki, xırda ticarət, kiçik həcmli yük daşımaları, cirkli daşımalar və s. daha çox köhnəlmiş nəqliyyat vasitələri ilə həyata keçirilir və qarşılığında isə vətəndaş ailəsinin zəruri tələbatını ödəmə imkanı əldə edir. Demək ki, bu tip avtomobillər bəzən kimlərinsə həyatında mühüm rol oynayır və əgər bu imkan onun əlindən alınacaqsa, əlbəttə ki, əvəzində həm kompensasiya ödənməli, həm də iş yeri ilə təmin edilməsi imkanları yaradılmalıdır. Burada digər bir məqam isə mülkiyət hüququnun tənzimlənməsində ortaya cıxan problemdir. Vətəndaşın məcburi olaraq avtomobildən imtinaya sövq edilməsi qanunveriçiliyə ziddir. Cünki, bu halda şəxsi mülkiyyətin toxunulmazlığı sual altına düşür.

Sonda onu qeyd etmək istərdim ki, utilizasiya proses mərhələli şəkildə aparılmalı və bu zaman vətəndaşların hüquqları pozulmamaqla yanaşı, onların iqtisadi vəziyyətinin də ağırlaşmaması üçün kompensasiyaların ödənilməsi mexanizmi olmalıdır. Ən vacibi isə əgər hökumət bu prosesi daha sivil qaydada və sürətlə həyata keçirmək istəyirsə, bu zaman könnüllülük prinsipi tətbiq edilməli, insanlar köhnə avtomobillərini istismardan cıxarmaq üçün təşviq edilməlidir".


Sizin Reklam Yeriniz