news Image
2013.04.02
07:35
| A A A
Bir neçə aya 10-dan çox bank bağlanacaq
Son 3 ildə isə 4 bank bağlanıb, yalnız 1-i fəaliyyət üçün lisenziya alıb

Ölkədə fəaliyyət göstərən bankların sayının azaldılmasının zəruriliyi artıq xeyli müddətdir ki, gündəmin ən aktual mövzularından biridir. Proseslərin gedişi cari ilin sonuna kimi daha bir neçə bankın fəaliyyətini dayandıracağını göstərir.

Fəaliyyət üçün yeni lisenziya ala biləcək bankların yaranması ehtimalı isə ekspertlər tərəfindən aşağı qiymətləndirilir. Ümumiyyətlə, 2009-2012-ci illər ərzində lisenziya almış banklara diqqət yetirdikdə, məlum olur ki, 2010-ci İlin əvvəlindən lisenziya alan bankların sayı cəmi 1 bankdır. 2010-ci İlin əvvəlindən lisenziya alan bank "BankBTB" dir.

Son 3 il ərzində ilin əvvəlindən lisenziyası ləğv edilmiş bankların sayına gəldikdə isə cəmi 4 bankın ilin əvvəlindən lisenziyası ləğv edilib. Bunlar "Debütbank", "Kövsərbank", "Birlikbank" və "Royalbank"dır. Məlumat üçün bildirək ki, bank lisenziyası banka məxsus xüsusi əməliyyatları məcmu halda həyata keçirməyə müstəsna hüquq verən xüsusi razılıqdır. Geniş mənada isə bank lisenziyası qanunla müəyyən edilmiş qaydada verilən, fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytarılan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər vermək ilə bağlı fəaliyyəti, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirməyə müstəsna hüquq verən xüsusi razılıqdır.

Əlavə olaraq qeyd edək ki, banklarla müqayisədə bank olmayan kredit təşkilatlarının "BOKT" lisenziya alışında və ləğvindəki sayı daha sürətlə dəyişib. Son 3 il üzrə (yəni 2009-2012-ci) kredit ittifaqlarının sayına diqqət yetirsək, görərik ki, 2009-cu ilin birinci rübü ilə nisbətdə 2012-ci ilin dördüncü rübündə onların sayı 27 ədəd artıb. Bu göstərici artıq banklarla nisbətdə Kredit ittifaqlarının lisenziya alışında daha dinamik və maraqlı olduğunun göstəricisidir. İllin əvvəlindən lisenziyası ləğv edilən Kredit ittifaqlarının sayında da oxşar tendensiya müşahidə olunur.

Sonda qeyd edək ki, banklarla nisbətdə BOKT-ların lisenziya alışında olan bu dinamikanın əsas səbəbi BOKT-larda bu prosesin banklarla müqayisədə müəyyən mənada sadə olmasıdır. Bundan sonra hələ bankların sayında azalma olması gözlənilir. Belə ki, qeyri-effektiv bankların digər banklarla birləşdirilməsi barədə məlumatlar gəzir. Bu yöndə görülən tədbirlər fonunda əsasən Azərbaycanda bankların sayının ilkin mərhələdə 30-a endirilməsi gözlənir. Bu isə indiki şəraitdə 13 bankın fəaliyyətinin dayandırılması deməkdir. Belə ki, hazırda ölkədə 43 bank fəaliyyət göstərir. Belə fikirlər də səslənir ki, ziyanla işləyən bankların çoxu kiçik bank olduğundan, bu vəziyyət bank sistemi üçün təhlükə yaratmır. O bankların xüsusi çəkisi o qədər azdır ki, ümumi bank sisteminə təsiri yoxdur. Ekspertlərin fikrincə, kommersiya banklarının sayının azaldılması xidmətlərin sağlamlaşdırılmasına yardım edəcəksə, bu addımı müsbət dəyərləndirmək olar.

Qeyd edək ki, ötən ildən etibarən Azərbaycan Mərkəzi Bankı (AMB) bank sektorunda sərt islahatlara başlayıb. Belə ki, qurum banklara qarşı şərtləri daha da sərtləşdirib. Mərkəzi Bankın İdarə Heyətinin 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum miqdarı 50 milyon manatadək artırılıb. Xatırladaq ki, məcmu kapitalın minimum miqdarı üzrə yeni normativ 1 yanvar 2014-cü ildən qüvvəyə minir. Hazırkı qaydalara görə, bankların nizamnamə kapitalına qoyulan tələb 10 milyon manatdır. Bununla AMB kapitallaşma tələbini birdən-birə 5 dəfə artırmış olur. Bu missiyanın öhdəsindən isə kiçik bankların gələ biləcəyi inandırıcı sayılmır.

Qoyulan vaxtın azalmasına baxmayaraq, bankların bir çoxu hələ də tələb olunan nizamnamə kapitalının formalaşması istiqamətində lazımi addımlar ata bilməyib. Elə bu səbəbdən ekspertlər, müddətin azlığını nəzərə alaraq, bəzi bankların bank sektorunu tərk edəcəyini bildirir. Bundan əvvəl isə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi də bildirib ki, Azərbaycanda bank bazarında kapitallaşmanın birinci mərhələsindən sonra 30-35 bank qala bilər.

Onu da qeyd edək ki, bankların məcmu kapitalının artırılması bütün MDB məkanında özünü göstərir. Məsələn, Rusiyada 2015-ci ilə tətbiq ediləcək yeni qaydalara görə, bankların məcmu kapitalı təxminən 8 milyon manata qaldırılacaq. Belarus 2015-ci ildən etibarən bu məbləği 25 milyona, Qazaxıstan 26 milyon avroya qaldıracaq. Rusiya mərhələli şəkildə 30 milyona qədər yüksəltməyi düşünür. Çunki həmin ölkədə 1000-ə yaxın bank var. Azərbaycan da analoji təcrübədən istifadə edir.