news Image
2013.04.02
07:36
| A A A
Fermerlər hələ də məhsul satışında çətinlik çəkirlər
Dövlətin maliyyə dəstəyi ilə tədarük-satış bazalarının yaradılması zərurətə çevrilir

Məlum həqiqətdir ki, ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının, o cümlədən də meyvə-tərəvəzin bir hissəsi satılmayaraq məhv olur. Hətta belə fikirlər də səslənirdi ki, fermerlər bölgələrdə istehsal etdikləri məhsulları sata bilmədiklərindən məhsulları özləri nəticədə məhv edirlər.

Məsələn, ötən ilin sonunda Milli Məclisdə "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirələri zamanı millət vəkili Vahid Əhmədov bu xüsusda olduqca maraqlı fikir səsləndirmişdi: "Bölgələrdə kənd təsərrüfatı məhsullarını satmaq mümkün olmur. Məsələn, Qubada camaat almaları sata bilmədiyi üçün çaya tökürlər. Mən bu satışa maneələri açıqlamaq istəmirəm".

Digər tərəfdən, həm paytaxtda, həm də bölgələrdə fermerlərin bazarlara daxil olmaq imkanlarına alverçilər manelər yaradır. Elə satış da əsasən alverçilərin əlindədir. Başqa sözlə, işbazlar fermerlərdən hazır məhsulu ucuz alıb baha satır. Bundan həm istehsalçı, həm də istehlakçı uduzur. Son nəticədə daxili bazar xaricdən gətirilmiş və geni dəyişdirilmiş daha ucuz meyvə-tərəvəzlə dolur, Azərbaycan kəndlisinin ərsəyə gətirdiyi məhsulların böyük bir qismi isə ən yaxşı halda mal-qaraya yem olur.

Ekspertlər isə bildirir ki, belə halların qarşısıın almaq üçün bölgələrdə emal müəssisələrinin sayını artırmaq lazımdır. Artıq bu istiqamətdə müəyyən işlər görülür. Məsələn, elə Qubada müasir meyvə konsentantı istehsalı müəssisəsi və meyvəqurutma sexləri yaradılması nəzərdə tutulur. Artıq Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bununla bağlı, eləcə də intensiv bağçılıq təsərrüfatlarının yaradılması və rayonda prioritet hesab olunan digər sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılıb. Son illər Qubada artmaqda olan meyvə bağlarının sahəsi 14 min hektarı ötüb. Bu sahənin inkişafının bir səbəbi təbii şəraitlə əlaqədardırsa, digər əsas amil dövlət tərəfindən meyvəçiliyə göstərilən diqqətdir. Elə rayondakı meyvə bağlarının təxminən 1000 hektarı da dövlətin ayırdığı güzəştli kreditlər hesabına əkilib. Quba-Xaçmaz iqtisadi rayonunda ümumi tutumu 65 min 250 ton nəzərdə tutulan 28 soyuducu anbardan artıq 23-ü istifadəyə verilib, beşinin isə tikintisi davam edir. Lakin emal müəssisələrinin fermerlərdən məhsulu normal qiymətə alması da vacibdir. Bəzi belə müəssisələr fermerlərdən meyvəni maya dəyərindən də aşağı almağa çalışır, sövdələşmə baş tutmayanda isə xaricdən meyvə püresi gətirməyə üstünlük verirlər. Səbəb çox sadədir. Bazar qiymətinə alınmış meyvədən istehsal edilən şirə istehsalçılara baha başa gəlir. Ekspertlərin fikrincə, vəziyyəti düzəltməyin ən yaxşı yolu emal müəssisələrinə güzəştlər tətbiq etmək, eləcə də meyvə-tərəvəz saxlamaq üçün nəzərdə tutulmuş soyuducu anbarlardan istifadə haqqını aşağı salmaq olardı.

Bununla yanaşı ekspertlər bildirir ki, Azərbaycanda meyvə-tərəvəzin həm daxili, həm də xarici bazarlara çıxarılması yüksək səviyyədə təşkil edilməlidir. Ölkənin ayrı-ayrı bölgələrində tədarük-satış bazaları yaratmaqla fermerlərdən hazır məhsulu normal qiymətə almaq mümkündür. Bu məsələ, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda da öz əksini tapıb. Doğrudur, proqramda tədarük-satış bazalarının sahibkarlar tərəfindən yaradılması nəzərdə tutulub, amma son 4 ilin təcrübəsi göstərir ki, iş adamları bu sahəyə pul qoymaq istəmir. Buna görə də, təklif edilir ki, bazalar dövlətin maliyyə dəstəyi ilə yaradılsın.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs