Əlaqə Arxiv
news Image
2013.04.02
08:38
| A A A
Mənzillər daha sürətlə bahalaşmağa başlayır
Ramil Osmanov: "Tələbin müəyyən qədər, nisbi də olsa artımı baş verirsə, burada qiymət dəyişməsi baş verməlidir" İSİM Rəhbəri: "Əhalinin gəlirlərinin artması əmlak bazarında qiymət tələbatının artmasına səbəb olan məqamlardandır"

Araşdırmalara görə, son bir ildə daşınmaz əmlak bazarında 13 faiz bahalaşma baş verib. Halbuki, son illər mənzil bazarında elə də fəallıq müşahidə olunmur. Əhalinin alıcılıq qabiliyyətinin istənilən səviyyədə olmaması səbəbindən bu proses səngiyib. Həmçinin yeni bina tikintisi də zəif gedir. Yəni təklif amili də axsayır. Buna baxmayaraq, nədənsə son bir ildə sözügedən bahalaşma baş verib. Görəsən, bunun səbəbi nədir? Belə davam edəcəyi təqdirdə, sonda nə baş verə bilər?

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanov qeyd etdi ki, mənzil bazarında baş verən qiymət artımının əsasını son 4 ayda cərəyan edən proseslər qoyub: "Öncə onu qeyd edim ki, daşınmaz əmlak bazarında qiymət artımının yeni tikilən mənzillərlə bağlı olduğu fikrini bölüşmürəm. İkincisi, qiymət artımının son bir illə bağlı olduğu düşüncəsini də paylaşmıram. Təhlillər göstərir ki, mənzil bazarında baş verən 15-20 faizlik qiymət artımının əsasını son 4 ayda cərəyan edən proseslər təşkil edir. Keçən ilin noyabrından cari ilin fevralın sonuna qədər baş verən qiymət dinaminkası həmin prosesə öz təsirini göstərib. Martla bağlı təhlillər hələlik əlimizdə yoxdur, bununla belə hesab etmirəm ki, bu ayda qiymət artımı əsaslı şəkildə olsun. Bunun əsas səbəbi isə bazarda təklifin kəskin aşağı düşməsilə bağlıdır. Yəni bazarda satmağa artıq mənzil yoxdur. Son aylarda daşınmaz əmlak bazarı üzrə yalnız təkrar mənzil bazarında fantastik nəzərə çarpan qiymət dinamikası dəyişikliyi, artım baş verir. Bu artımın da başlıca səbəbi təkrar mənzil bazarında təklifin azalmasından irəli gəlir. İlkin mənzil bazarında isə qiymət artımı, illik qiymət dəyişikliyi dinamikası ikirəqəmli xəttə keçməyib. Təxminən 7,5 faiz təşkil edir. Amma düşünmürəm ki, proses belə davam edəcək. Hər halda proses birbaşa nəzəri amillərlə bağlı məsələdir. Əvvəllər bazarda mənzillin qiymət dəyişməsi daha çox süni spekulyativ amillərlə bağlı olurdu. Bazarda fəaliyyət göstərən bəzi reltor təşkilatların ötürdüyü yanlış informasiyalar nəticəsində müəyyən qədər qiymətlərdə süni şişirtmələr baş verirdi. İndi isə proses sırf olaraq nəzəri məsələlərlə əlaqədardır. Açığını deyim ki, hazırda bazardakı həmin proseslərə hər hansı bir formada təsir göstərmək mümkün deyil. Təklif yoxdur. Belə olanda tələbin müəyyən qədər, nisbi də olsa artımı baş verirsə, burada qiymət dəyişməsi baş verməlidir".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə isə, ipoteka kreditlərinin həcminin, təklifin azalması fonunda tələbatın artması qiymət bahalaşmasına təsir edib: "Daşınmaz əmlakın qiymətlərində artımlar müşahidə edilir. Amma bununla bahəm son bir ildə bu qiymətlərin 15 faizə qədər artması tendensiyası real görsənmir. Lakin artım vardır. Artımın olması isə bir sıra səbəblə bağlıdır. 2008-ci ilin qlobal maliyyə böhranından sonra Azərbaycanda əmlakın qiymətində azalmalar müşahidə edildi. Əmlakın qiymətində özünü göstərən bu azalmalar sonrakı dövrdə məhz əmlakın qiymətində artımlarla əhatə olundu. Əslində əmlakın qiymətində artımların olacağı proqnozlaşdırılırdı. Çünki birmənalı şəkildə azalmalar sonrakı mərhələdə artımlarla müşayiət olunur. İkinci məqam isə əmlak bazarına çıxarılan ipoteka kreditlərinin payının artması ilə əlaqədardır. 2012-ci ildə İpoteka Fondu tərəfindən əmlak bazarına çıxarılan kreditlərlə yanaşı, eyni zamanda, kommersiya bankları da kommersiya ipoteka krediti təklif etmişdi. Bu isə həm İpoteka Fondunun, həm də kommersiya ipoteka fondunun kreditlərindən istifadə edənlərin sayının artmasına gətirib çıxarıb. 2012-ci ildə sosial ipotekanın verilməsinə 20 milyon manat vəsait ayrılmışdı. Adi ipoteka krediti üzrə isə rəqəm 92 milyon manata yaxın idi. Kommersiya bankları isə 75 milyon manata yaxın kredit vermişdi. Praktik olaraq keçən il ipoteka proqramı çərçivəsində əmlak bazarına təxminən 200 milyon manata qədər vəsait daxil olub. Bu da təbii ki, əmlak bazarında qiymət artımının baş verməsinə gətirib çıxarıb. Çünki bu əmlak bazarında tələbatın artmasını şərtləndirən əsas amillərdən biridir. Eləcədə 2012-ci ildə Rusiya və digər MDB ölkələrindən Azərbaycana göndərilən vəsaitlərin həcmində artımlar baş verib. Rusiyada müşahidə edilən böhran sonrakı mərhələdə pulların artmasına gətirib çıxardı, bu da birmənalı şəkildə əmlak bazarında qiymət bahalaşması ilə müşayiət olundu. Əhalinin gəlirlərinin artması da əmlak bazarında qiymət tələbatın artmasına səbəb olan məqamlardandır. Burada digər səbəb tələbatın artması fonunda, təklifin azalması ilə bağlıdır. 2008-ci ildə yeni inşa edilən binaların sayında kəskin azalmalar özünü göstərdi. Bu da praktik olaraq bazara yeni mənzillərin az sayda çıxması anlamına gəlir. Bu da təklif qıtlığının yaranmasına gətirib çıxardı. Son nəticədə isə qiymət artımları baş verdi. Güman olunur ki, 2013-cü ildə əmlak bazarında qiymət artımları davam edəcək. Çünki ipoteka proqramı vasitəsilə əmlak bazarına 250 milyon manat daxil olacaq. Təklif də azalmaqda davam edir. Belədə güman edilir ki, cari ildə əmlak bazarında təxminən 7 faizə yaxın qiymət bahalaşması olacaq".
Sizin Reklam Yeriniz