Əlaqə Arxiv
news Image
2013.04.04
08:49
| A A A
Çindən Azərbaycana uzanan “quş qripi” təhlükəsi
Dünyanın heç bir yerində hələ bu virusa qarşı vaksin yoxdur

Son günlərin ən çox diqqət cəlb edən hadisələrindən biri də yeni növ "quş qripi"nin yayılması ilə bağlıdır. Bu "quş qripi" Çində qeydə alınıb. Artıq Çinin səhiyyə rəsmiləri yeni növ "quş qripi"nə yoluxan daha dörd nəfərin vəfat etdiyini deyir. Bununla da ölənlərin sayı yeddi nəfərə çatıb.

Şərqi Cianqsu vilayətinin səhiyyə bürosu aprelin 2-də üç qadın və bir kişinin H7N9 adlanan yeni "quş qripi" virusuna yoluxduğunu və ağır vəziyyətdə olduqlarını deyib. Büronun bildirdiyinə görə, dörd hadisənin biri-biri ilə əlaqəsi olmayıb. Virus qurbanlarından biri quş fermasında işlədiyini, digərləri isə quşlarla təmasda olmadıqlarını deyiblər. Bu hadisələr bazar günü üç nəfərin H7N9 virusuna yoluxmasının ardınca baş verib. Ölənlərin siyahısına ötən ayın əvvəlində Şanxayda baş verən iki ölüm halı da daxildir. Bu hal həm də ilk dəfədir ki, insanlar H7N9 quş virusuna yoluxur. Məlumdur ki, nə Çində, nə də dünyanın heç bir yerində hələ bu virusa qarşı vaksin yoxdur. Ötən on ildə dünya boyu H5N1 quş virusuna yoluxmadan 360 nəfər ölüb. Tədqiqatçılar virusun dəyişərək insanlar arasında geniş yayılacağından ehtiyat edirlər.

Çində yayılan yeni virus bir çox dünya ölkələrini də təhdid etdiyindən indidən qabaqlayıcı addımların atılması istiqamətində müəyyən addımlar atılması gözlənir. Elə Azərbaycanın da bu istiqamətdə zəruri preventiv addımlar atması vacib sayılır. İlk növbədə ona görə ki, Çinə üz tutan Azərbaycan vətəndaşlarının sayı da az deyil. Bunlar əsas etibarı ilə "Binə" və "Sədərək" ticarət mərkəzində çalışanlardır.

Bir məqamı da qeyd edək ki, "quş qripi"nin yeni növləri sürətlə çoxalır. Məsələn, bu yaxınlarda Meksika hökuməti "quş qripi"nin yeni növü barədə bəyanat yayıblar. Bu səbəbdən Quanahuata mərkəzində yarım milyon toyuq məhv edilib. Ekspertlər hazırda infeksiyanın qonşu ölkəyə yayılıb-yayılmadığını araşdırırlar. Səhiyyə Nazirliyinin məmurları bu dəfə ev quşlarının H5N7 virusuna deyil, H7N3-ə yoluxduğunu deyir. Qeyd edək ki, bu xəstəlikdən əvvəllər yüzlərlə adam həlak olmuşdu. Ötən il "quş qripi" Quanahuata ilə qonşu Halisiko ştatında qeydə alınmışdı. O zaman 22 milyondan çox quşu öldürmək lazım gəlmişdi.

"Quş qripi" insana keçdikdə və vaxtında müalicə edilmədikdə ölümlə nəticələnir. Bəzi insanlar onun daşıyıcısı kimi uzun müddət yaşaya bilirlər. Araşdırmalar göstərir ki, virus quş tükündə 18-20 gün, aşağı temperaturda 1-2 ilə qədər qala bilir. Virusla yoluxmuş materialı qurudulduqda virus konservləşir. Quşçuluq fermalarında və şəxsi təsərrüfatlarda insanlar sanatoriya qaydalarına əməl etmədikdə müxtəlif yollarla virusun həzm sisteminə düşməsi nəticəsində yoluxurlar. Yoluxmuş quşlar 14-25 gün ərzində virusu xarici mühitə yaymaqla yanaşı bundan sonra 2-3 ay müddətində virusun daşıyıcısı olurlar. İnsan xəstəliyə yoluxduqda yüksək hərarət, oynaqlarda kəskin ağrılar, süstkünlük, zəhərli maddələrin əmələ gəlməsi nəticəsində qan damarları yumşalır, genişlənir, onlarda iltihabi proses gedir. Onlarda qan dövranı pozulur, ürək zəifləyir, dalaqda, ciyərlərdə, böyrəkdə, beyində və mədə-bağırsaq sistemində pozuntular əmələ gəlir. İnsanlar ölkədə belə xəstəliklər müşahidə edildikdə quş qripindən özünü qorumaq üçün profilaktik məqsədlə əllərini sabun və digər yuyucu vasitələrlə tez-tez yumalı, toyuq əti 30 dəqiqə, yumurta isə 10 dəqiqə qaynadıldıqdan sonra istifadə edilməlidir. Quş qripinin mutasiya nəticəsində insandan-insana keçmə ehtimalı olarsa, bəşəriyyətin varlığı üçün ən qorxulu xəstəlik ola bilər.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) "quş qripi" xəstəliyi ilə bağlı Azərbaycanda mütəmadi monitorinq aparır. Sonuncu monitoriq zamanı müayinə olunmuş nümunələrin heç birində "quş qripi" xəstəliyinin törədicisi müəyyən edilməyib. bununla bağlı tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.

DBX isə bəyan edir ki, bütün növ quşların ovlanması, qanunla müəyyən edilməyən yerlərdə və ticarət obyektlərində quşların diri formada, eləcə də quş əti və məhsullarının satışı qadağandır. DBX əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalıdır. Hazırda quş qripi xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizotik vəziyyət sabitdir.
Sizin Reklam Yeriniz