Əlaqə Arxiv
news Image
2013.04.04
09:51
| A A A
Rusiya regionda hərbi cəhətdən yenidən fəallaşır
Aydın Ağayev: “Rusiya bu hərəkətləri özünün yaxın çevrəsində olan dövlətlərlə bağlamır” Cümşüd Nuriyev: “Artıq Rusiyanın hərəkətləri beynəlxalq hüquq normalarına yox, öz maraqlarına xidmət edən istiqamətə yönəlib”

Məlumdur ki, bir müddət əvvəl Rusiya bir neçə istiqamətdə hərbi təlimlərə başlayacağı barədə məlumat verib. Bu təlimlərin həm Xəzər, həm də Aralıq dənizini əhatə edəcəyi bildirilir. Bundan başqa, Rusiyanın Şimali Qafqaz siyasəti çərçivəsində həmin əraziyə ordu cəmləşdirməkdə işlərini davam etdirir. Tarix boyu Rusiyanın bu cür manevrləri çox olub. Amma hər halda, region dövləti kimi Azərbaycanın da bütün bunları yaxından izləməsi zəruri şərtdir.

Rusiyanın bu cür aktivləşməsinə siyasi şərhçilər müxtəlif rakursdan yanaşır. Onların bəziləri hesab edirlər ki, Rusiyanın belə manevrləri region dövləti üçün hesablanmayıb. Amma planların daxilində məhz Azərbaycanın da olduğunu düşənənlər də var. Milli Məclis Aparatının Analitik İnformasiya Şöbəsinin müdiri, politoloq Aydın Ağayev bildirir ki, Rusiyanın həm Azərbaycanda, həm digər qonşu ölkələrdə maraqlarının olduğu faktdır: "Bunların da nədən ibarət olduğunu bilirik. Bu, yeni bir şey deyil. Amma bu aktivləşmədə Azərbaycan üçün təhlükə görmürəm. Rusiyanın Xəzər və Aralıq dənizlərində müəyyən aktivləşməsi, təlimlər keçirməsi və ya Şimali Qafqazda hansısa hərəkətlərə getməsi planları yeni deyil. Özü də Rusiya bütün bunları açıq şəkildə edir. Burada hansısa sirrin olduğunu iddia etmir. Rusiya bunu Cənub tərəflərdə baş verən, qlobal proseslərlə əlaqələndirir. Həmişə də deyib ki, Rusiya bu məqamlarda hər cür ssenarilərə hazır olmalıdır. Yəni, Rusiya bu hərəkətləri özünün yaxın çevrəsində olan dövlətlərlə bağlamır. Bunu nəzərdə tutmur və iddiası da yoxdur. Ehtimal da yoxdur ki, bunu əlaqələndirmək mümkün olsun. Ona görə də belə aktivləşmənin Azərbaycana hansısa təsiri yoxdur".

Digər siyasi şərhçi Cümşüd Nuriyevin sözlərinə görə isə, Rusiya Azərbaycanı yenidən öz nəzarətinə qaytarmaq üçün bütün vasitələri sınaqdan keçirir: "Açıq deyək ki, Rusiyanın əsas məqsədi, Azərbaycanın yeni yaradılmış Gömrük Ittifaqına girməsidir. 20 il öncə də Azərbaycanın belə bir bəlası oldu. Yəni, o vaxt Ayaz Mütəllibov təcrübəsizlik etdi, sonradan isə AXCP hakimiyyətə gələndə bir növ milli patriotluq və "ura" fəaliyyətinə başladılar. Nəticədə Azərbaycanın ərazisinin işğal olunması, Xocalı soyqırımı və bu günə qədər həll edə bilmədiyimiz bir Qarabağ problemi yarandı. Amma, ümummilli lider Heydər Əliyev gələndə - 1993-cü ilin sentyabrında MDB-yə qoşulandan sonra, bütün proseslər bir növ axarına düşməyə başladı. İndi də bu yeni ittifaq məsələsi yaranıb. Onsuz da Azərbaycanın beynəlxalq təşkilatlarda - istər İslam Əməkdaşlıq Təşkilatı, istər İqtisadi Əməkdaşlıq Təşkilatı, istərsə də MDB-də, təmsilçiliyi var.

Rusiya isəAzərbaycanın öz nüfuz dairəsinə qaytarmaq üçün hərbi müdaxiləyə belə hazırdır. Artıq Rusiyanın hərəkətləri beynəlxalq hüquq normalarına yox, öz maraqlarına xidmət edən istiqamətə yönəlib. Ona görə həm Rusiyanın Xəzər hövzəsində, həm də Söyün Sadıqov kimilərinin fəallaşması Azərbaycana yaxşı heç nə vəd etmir. Azərbaycan öz xarici siyasətində Rusiya ilə bağlı istiqamətdə yeniliklər etməlidir. Azərbaycan Milli Təhlükəsizlik Konsepsiyasına uyğun olaraq regionalizm istiqamətinə daha çox güc verilməlidir. Atlantizm və Avrosentrizm istiqamətində onsuz da Azərbaycan kifayət qədər işlər görüb və davam edir. Amma regionalizm istiqamətində Azərbaycan - Rusiya münasibətlərinin yaxşılaşdırılması mütləq lazımdır".
Sizin Reklam Yeriniz