news Image
2013.04.10
07:31
| A A A
Rusiya İrana görə Qafqazı hərblə hədələyir
MDB Antiterror Mərkəzinin başçısının sözlərinə görə, İrana qarşı hər hansı zərbə endiriləcəyi təqdirdə, Cənubi Qafqazda hər cür geosiyasi dəyişikliklərin baş verməsi qaçılmaz olacaq

İranla "altılıq" adlanan qrup arasında keçirilən nüvə danışıqlarının nəticəsiz başa çatması beynəlxalq siyasi dairələrdə yenidən xüsusi diqqət mərkəzində yer alan hadisəyə çevrilib. Çünki nəticəsiz danışıqlar cənub qonşumuza qarşı Qərb və İsrail tərəfindən hərbi əməliyyatlara start verilməsi üçün ciddi əsas yaradır.

Lakin belə əməliyyatlar təkcə İran yox, həm də onunla qonşu olan ölkələr üçün yaxşı heç nə vəd etmir. İlk növbədə İranla mümkün müharibə bölgə, o cümlədən Azərbaycan üçün cənubdan gələcək yeni humanitar problem deməkdir. İkinci bir tərəfdən bu hal regionda geosiyasi müstəvidə ciddi dəyişikliklərə gətirib çıxarmaq iqtidarındadır. Bunu MDB Antiterror Mərkəzinin başçısı Andrey Novikovun açıqlamaları da təsdiq edir. Onun sözlərinə görə, İrana qarşı mümkün hərbi aksiya Cənubi Qafqazda radikal dəyişikliklərə səbəb olacaq: "Allah eləməsin ki, İrana qarşı hər hansı zərbə endirilsin, Cənubi Qafqazda hər cür geosiyasi dəyişikliklərin baş verməsi qaçılmaz olacaq".

Novikovun sözlərinə görə, İrana hərbi zərbə müxtəlif təhdidlərin, o cümlədən hərbi siyasi təhdidlərin yaranması nöqteyi-nəzərindən təhlükəli ola bilər. Düzdür, cənab Novikov regionda hərbi siyasi təhdidlər deyərkən konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb. Lakin aydındır ki, İrana qərbin mümkün müdaxiləsi zamanı Moskva Qafqazda yenidən fəallaşa bilər. Özü də nəzərə almaq lazımdır ki, Rusiya son dövrlərdə Qafqaza yenidən böyük sayda hərbi qüvvə cəmləşdirir. Buraya Xəzər hövzəsi də aiddir. Rusiya mediasının yazdıqlarından belə məlum olur ki, Moskvanın Xəzərdə yenidən hərbi güc nümayişi və buraya hərbi texnika cəmləşdirməsi daha çox İran ətrafında cərəyan edən hadisələrə görədir. Başqa sözlə, Moskva İrana Qərb tərəfindən ediləcək mümkün hərbi müdaxiləyə bəri başdan hazırlıq görür. "Kommersant" qəzeti yazır ki, Moskva İran ətrafında mümkün idarəolunmaz hadisələrin inkişafına hazırlaşır.

Bununla yanaşı, Rusiyanın Azərbaycanın şimal sərhədlərinə yeni qoşun birləşmələri cəmləşdirdiyi də son günlərin ən aktual müzakirə mövzularındadır. Ötən ilin sonlarından etibarən isə Çeçenistan ərazisində fəaliyyət göstərən 28 hərbi-nəzarət postundan 17-sinin Dağıstana köçürülməsi istiqamətində iş aparılır. Federal və yerli strukturların rəsmiləri isə Dağıstana on minlərlə hərbçidən, böyük sayda tank və digər hərbi texnikadan ibarət birləşmələrin niyə cəmləşdirildiyini izah etmirlər. Belə ki, Dağıstan meşələrində radikal qruplaşmaların tərkibində fəaliyyət göstərən yaraqlıların sayı bir neçə yüz nəfərdən çox deyil və onlara qarşı əməliyyat keçirmək üçün yüzlərlə ağır zirehli texnikanın, raket qurğularının və elitar desant qüvvələrinin bölgəyə yeridilməsinə ehtiyac olmadığından, deməli, burada tamamilə başqa məqsədlər güdülür.

Daha bir nüans isə Rusiyanın Ermənistana da böyük həcmdə yeni hərbi texnika cəmləşdirməsi və burada canlı qüvvəsinin sayını artırmasıdır. Bütün bunlar fonunda ekspertlər ehtimal edir ki, İrana qarşı Qərbin mümkün hərbi əməliyyatı Rusiyanın Qafqazda fəallaşmasına təkan verəcək. Bu isə region ölkələrindən Gürcüstan, eləcə də müəyyən mənada Azərbaycana qarşı təhlükə formalaşdıra bilər. Ancaq Rusiyanın Gürcüstana olduğu kimi Azərbaycana qarşı hansısa hərbi müdaxilə etmə ehtimalı inandırıcı görünmür. Çünki Moskva həm Azərbaycanın müqavimət gücünün yüksək olduğunu yaxşı bilir, həm də bununla Qərblə, eləcə də ölkəmizin mütəffiqi Türkiyə ilə də üz-üzə gəlmək ehtimalının yüksək olduğunu nəzərə alır. Lakin istənilən halda İrana qarşı Qərbin mümkün müdaxiləsinin regionda Rusiyanın fəallşmasına səbəb olacağı da birmənalı həqiqətdir. İrana qarşı hərbi əməliyyat ehtimalı isə durmadan yüksəlir. Hətta belə bir vaxtda məlum olub ki, ABŞ Fars körfəzindəki müttəfiqləri ilə birgə hərbi əməliyyatlar keçirəcək. Bu barədə ABŞ Hərbi Dəniz Donanması (HDD) komandanlığından bildirilib. Qeyd olunub ki, manevrlərə 30 dövlətin nümayəndələri qatılacaq və burada əsas məqsəd dəniz minalarının zərərsizləşdirilməsi, gəmilərin mühafizəsidir.

ABŞ HHD komandiri Saymon Ankonanın sözlərinə görə, manevrlərin keçirilməsində başqa bir məqsəd dəniz ticarəti, habelə dəniz limanlarının təhlükəsizliyinin təmin edilməsi məsələləri olacaq: "Manevrlər Fars və Oman körfəzində keçiriləcək. Amma Hormuz boğazında dəniz nəqliyyatı üçün maneə yarada biləcəyini nəzərə alaraq orada manevr keçirilməyəcək". Bildirək ki, Qərb dövlətləri bu bölgədə sonuncu manevrləri ötən ilin sentyabr ayında keçiriblər. Növbəti əməliyyatların isə may ayının sonlarında keçirilməsi nəzərdə tutulur. Son dövrlərdə İran da Fars körfəzində hərbi əməliyyatlar keçirib, bununla da ölkənin nüvə proqramına görə tətbiq edilən sanksiyalara etiraz olaraq Fars körfəzi və Hörmüz boğazı ilə bağlı Qərbə bəzi mesajlar göndərib.