Əlaqə Arxiv
news Image
2013.04.10
17:47
| A A A
Yeni inşa edilən mənzil yaşayış sahələri sürətlə azalır
Nüsrət İbrahimov: «Bu gün normal təklif portfeli əldə etmək üçün biz 3 il bundan qabaq tikinti işlərinə başlamalıydıq» Rövşən Talıbzadə: «Həm yeni tikilən mənzillərə, həm də ki, köhnə mənzillərə təlabat çox yüksəlib»

Aparılan son araşdırmalar ötən il ərzində Azərbaycanda adambaşına cəmi 0,19 kvadratmetr mənzil sahəsi inşa olunduğunu göstərir. Bu isə 2011-ci illə müqayisədə yaşayış üçün daha az mənzil sahəsinin inşa edilməsindən xəbər verir. Halbuki, ötən dövrdə mənzillərə olan tələbatın artması müşahidə edilir. Hansı səbəbdən belə ziddiyyətli vəziyyətin yaranmasına gəlincə, "MBA LTD" Qiymətləndirmə və Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimov Mövqe.az açıqlamasında bildirir: "İlkin mənzil bazarında tələb-təklifin artıb-azalması daimi balans təşkil etmir. Yəni tələb qısa müddət ərzində çox asanlıqla dəyişə bilər. Çünki elastikliyi çox aşağı səviyyədədir. Amma təklifdə isə elastiklik çox güclüdür. Təklifin portfeli həm uzun müddətə artır, həm də ki, qısa müddətə azalır. Bu gün normal təklif portfeli əldə etmək üçün biz 3 il bundan qabaq tikinti işlərinə başlamalıydıq. 2008-2010 –cu illər ərzində ilkin mənzil bazarında tikintinin sürəti çox aşağı düşmüşdü. Demək olar ki, təməli yeni qoyulan binaların sayı barmaqla sayılacaq dərəcədə idi. Onun acı nəticəsini isə biz bu gün hiss edirik. Təklif çox aşağı düşüb. İstismara verilən binaların sayı 2012 və 2013 cü illərdə gözəçarpan dərəcədə aşağı olub. Tikintinin azalmasını biz 4 il bundan öncə müşahidə etmişdik. Lakin artım gözlənilir. Buna rəğmən, hələ ki, bazarda təklif qıtlığı var. Bir-iki ilə düşünürəm ki, artımı müşahidə edə biləcəyik".

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin (ƏBİİB) eksperti Rövşən Talıbzadə isə Mövqe.az-a açıqlamasında aşağıdakıları bildirib: "Əmlak Bazarı İştirakçıları" birliyinin araşdırmalarına əsasən, 2011-ci ildə satışdan çıxan binaların sayı 20 ədəd olmuşdusa, 2012 ci ildə bu 24 ədədə çatıb. Belə bir göstərici dolayısı yolla da olsa əmlaka artan tələbatı göstərir. Həqiqətən bu gün həm yeni tikilən mənzillərə, həm də ki, köhnə mənzillərə təlabat çox yüksəlib. Alıcılıq qabiliyyətinin artması, həm ipoteka vəsaitlərinin ayrılması ilə, həm də ki, söküntü işləri zamanı insanların əlinə nəğd pulun daxil olması ilə əlaqədardır. Bunun müqabilində isə 2011-ci ildə 9 ədəd bina satışa təklif olunmuşdusa, 2012-ci ildə 6 ədəd tikili satış üçün qeydə alındı. Doğrudan da mövcud vəziyyət göstərir ki, bünövrəsi qoyulan yeni tikili mənzillərin sayı get-gedə azalmaqdadır. Təbii ki, bu da şəhər zonasında torpaq qıtlığının (ərazi cəhətdən) yaranması ilə əlaqəli olur. Digər tərəfdən yeni qanunvericiliyə görə, paytaxtın mərkəzindjə çoxmərtəbəli binaların tikintisinə qadağa qoyulub. Baş plana görə, qanunla şəhər ərazisində 7 mərtəbədən hündür binalar tikilə bilməz. Artıq tikinti sahibləri də şəhərdən kənarlaşmağa başlayır. Amma ötən illərdə tələbatın artması və əksinə mənzillərin azalması tikinti şirkətlərinin sıradan çıxması ilə əlaqəlidir. Əvvəllər istənilən şəxs bünövrə atıb tikililər inşa edirdilər, bu da sonradan acı nəticələrlə nəticələnirdi. Həmin binalar indiyə qədər istismara qəbul olunmayıb. Bu şirkətlər sıradan çıxdı. Nüfuzlu, öz təsdiqini tapmış şirkətlər sıradan sayılan şirkətləri bazardan çıxartdı. Artıq bazarda qalan şirkətlər bütün şirkətlər standartlara cavab verir. Ona görə say azlığı baş verir".


Sizin Reklam Yeriniz