news Image
2013.04.17
08:16
| A A A
Vaşinqton və Moskva arasında Qarabağ gərginliyi
Birləşmiş Ştatların münaqişənin həlli üçün yeni təkliflər üzərində işləməsi Moskvada xoş qarşılanmır Dağlıq Qarabağ münaqişəsinin həll prosesinin uzanması təkcə Azərbaycan yox, regionda marağı olan bir sıra geosiyasi qüvvələr üçün də sərfəli deyil. Bu sıraya ilk olaraq qərb ölkələri aiddir. Çünki, bu münaqişə hər an alovlana bilər ki, bu da Qərbin regionda geosiyasi, o cümlədən enerji maraqlarına ciddi hədə yarada bilər.
Əksər ekspertlər isə hesab edir ki, münaqişənin həllinin tezləşməsi üçün ilk olaraq ABŞ regionda fəallığını artırmalıdır. Yeri gəlmişkən xatırladaq ki, bu günlərdə belə məlumat yayıldı ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsilə bağlı yeni strategiya üzərində işləyir. Nüfuzlu "Vaşinqton tayms" qəzeti yazırdı ki, dövlət katibi Con Kerri münaqişə ətrafında gedən prosesləri daha dərindən izləyir və konkret təkliflər üzərində iş gedir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəb problemdir və Birləşmiş Ştatları ciddi narahat edir. Ağ Ev İsrail-Fələstin məsələsinə nə qədər həssas yanaşırsa, bu münaqişəyə də eyni mövqedən baxır". Yeni dövlət katibi ötən ayın sonunda Ermənistan prezidentin ünvanladığı məktubda münaqişə ətrafında mövcud status kvonun qorunub saxlanmasının mümkünsüz olduğunu diqqətə çatdırıb. Bu mənada məqalə müəllifinin qənaətincə, Kerri senator olduğu dövrdə münaqişə ətrafında gedən prosesləri dərindən izləyib: "Dövlət katibinin münaqişəyə xüsusi diqqət ayırması Birləşmiş Ştatların bu məsələdə daha düzgün strategiya üzərində işlədiyini deməyə əsas verir". Müəllif Minsk qrupunun həmsədrlərindən biri - Rusiyann münaqişənin həllində tutduğu mövqeni "ikiüzlü siyasət" adlandırıb. Bildirir ki, Kreml bölgədə status-kvonun saxlanmasında ən çox maraqlı olan tərəfdir. Xüsusilə Rusiyanın Ermənistanda hərbi baza yerləşdirməsini tənqid edən müəllif Kremli münaqişə ətrafında vəziyyəti gərgin saxlamaqda ittiham edir. İndi gözlənir ki, ABŞ-ın Qarabağ münaqişəsinin həlli iləbağlı yeni təklifləri Rusiya tərəfindən mənfi qarışlanajaq. Çünki, Moskva regionda təsir imkanlarını saxlamaq üçün Qarabağ münaqişəsinin çözümündə maraqıl deyil.Digər tərəfdən indiyə qədər Moskvanın vasitəçilik missiyasının fayda verməməsi fonunda Kreml ABŞ-ın Qarabağ konfliktinin çözümünə töhfə verəcək addım atmasını istəməz. Bu isə o deməkdir ki, ABŞ müvafiq addımlar atacağı halda Vaşinqton və Moskva arasında Qarabağ gərginliyi yaranacaq. Lakin ən azı öz maraqlarına görə ABŞ-ın belə bir addım atacağı şübhəsizdir.
ABŞ-ın Azərbaycandakı səfəri Riçard Morninqstar da bu günlərdə qeyd olunann xüsusda maraqlı açıqlamalar vermişdi: "Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlik səylərimizi artırmalıyıq". Səfir ölkəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə birdəfəlik həlli üçün əlindən gələni edəcəyini bildirib: "Bu münaqişənin necə məyusedici və mürəkkəb olduğunu bilirəm. Belə olmasaydı, münaqişənin həlli 20 il vaxt aparmazdı. Biz bu istiqamətdə öz səylərimizi artırmalıyıq. Mən bilirəm ki, siyasi mövqeyindən, yaşından və digər göstəricilərindən asılı olmayaraq Dağlıq Qarabağ münaqişəsi hər bir azərbaycanlı üçün əhəmiyyətlidir və ağrılıdır. Mən və Minsk Qrupunun amerikalı həmsədri Azərbaycan rəsmiləri ilə münaqişənin həllində irəliləyişə nail olmaq üçün yeni ideyaların ortaya qoyulması istiqamətində birgə işimizi davam etdirəcəyik".
ABŞ-ın "Heritage" Fondunun baş elmi işçisi Ariel Koen münaqişənin həllini beynəlxalq güclərin mövqeyi, eləcə də regional reallıqlar kontekstində təhlil edərək, Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ-ın bu istiqamətdə səylərinin artırmasına ehtiyac olduğunu qeyd edir. Öz növbəsində, Mərkəzi Asiya-Qafqaz İnstitutunun sədri Frederik Starr Cənubi Qafqaz regionunda sabitliyin bərqərar olması naminə yeni yanaşmaların zəruri olduğunu vurğulayıb və bölgənin gələcəyinin hər üç region ölkənin qarşılıqlı əməkdaşlığından asılı olduğunu bildirib.
ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepperin 2013-cü ildə dünyada gözlənilən təhdidlərlə bağlı Konqresə göndərdiyi hesabatda isə qeyd olunur ki, Ermənistanın Dağlıq Qarabağı işğal etməsi nəticəsində Ermənistan və Azərbaycan arasında yaranmış münaqişə potensial qaynar nöqtə olaraq qalmaqdadır. Hesabatda göstərilir ki, artmaqda olan hərbi ritorika, tərəflərin qarşılıqlı etimadsızlığı və təmas xəttində təkrarlanan zorakılıq halları anlaşılmazlıqlar yaradır və vəziyyəti kiçik bir insidentdən belə daha da kəskinləşdirə bilər.