Əlaqə Arxiv
news Image
2013.04.17
09:20
| A A A
Ətin baha qiymətə satılmasının maraqlı səbəbləri üzə çıxır
Araşdırmalara görə, mal ətinin qiyməti 5, qoyun ətinin qiyməti isə 6 manat olmalıdır Məlumat verildiyi kimi ötən ay əhalinin qida rasionunun əsasını təşkil edən ətin qiymətində bahalaşma baş verib. Dövlət Statistika Komitəsinin açıqlamasına görə, qoyun ətinin qiyməti 0,7 faiz, quş ətinin qiyməti isə 3,2 faiz artıb. Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda ət məhsullarına olan tələbat təxminən 350 min tondur.
Bunun 255 min tonu və ya 74 faizi yerli istehsalın hesabına ödənilir, digər hissəsi isə xaricdən idxal edilir.
Ekspertlərin fikrincə, qiymətlərin aşağı düşməsi üçün ölkədə ət istehsalı daha artırılmalı, bu sahədə nəzarət gücləndirilməlidir. Elə bu günlərdə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov da ət məhsullarının baha qiymətə satılmasından narazılığını ifadə edib: "Ötən il ölkəyə 2420 baş, cari ilin 3 ayında isə 600 baş heyvan gətirilib. Bu gün bazarda ət məhsulları baha qiymətə satılır. Qiymətə nəzarəti İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti edir. Onlar da bu məsələyə ciddi nəzarət etməlidir. Biz bunu deyəndə onlar bizdən inciyirlər. Eyni zamanda qiyməti qaldıran alverçilər cəzalandırılmalıdır. Çünki qiymətləri qaldıran onlardır. Hazırda mal ətinin qiyməti 5, qoyun ətinin qiyməti isə 6 manat olmalıdır".
Lakin reallıqda bir kilo qoyun ətinin qiyməti 9 manata çatır, mal ətinin qiyməti isə 7-8 manat arasında dəyişir. İqtisadçı ekspertlər burada süni qiymət artımının olmasını vurğulayır. O baxımdan ətin qiymətindəki artımlar, eləcə də ətin qiymətinin mövcud səviyyəsi heç də bazarın diqtə etdiyi qiymət artımları deyil. Bu fonda bildirilir ki, ətin qiymətinin azalması o zaman mümkündür ki, süni baryerlər aradan qaldırılsın və ölkə daxilində ətin qiymətinin bazar tərəfindən tənzimlənməsi həyata keçsin. Əks halda, təbii ki, yüksəlmənin qarşısını almaq mümkün olmayacaq. Çünki ətin qiymətinin süni şəkildə qorunub saxlanması həyata keçirilir. Burada isə əsas rol bazara nəzarət edən inhisarçılara və daha çox qazanc götürməyə çalışan alverçilərə məxsusdur. Satıcılar maya dəyəri baha başa gəldiyindən əti baha satmağa məcbur olduqlarını deyirlər. Qəssabların bəziləri bildirir ki, ucuz olsun deyə özləri gedib rayondan diri qoyun alırlar. Satıcılar onu da vurğulayırlar ki, ətin satışı qənaətbəxş deyil. Qeyd edirlər ki, inək, qoyun, quzu ətinin qiyməti 10 ildə bəlkə 15 dəfə dəyişib. Məsələn, bir 10-15 il əvvəl ətin kilosu 2-3 manat idisə, indi 6-10 manatdır.
Qiymətlərin yüksək olmasına əsas səbəb, son zamanlar daxili istehsalda heyvandarlıqda yem kimi istifadə edilən həm otun, həm də qüvvəli yemin - arpa, buğda, qarğıdalının qiymətinin qalxmasıdır. Biz həm də ət idxal edirik. Kəsim üçün gətirilən iri buynuzlu mal - qara daha çox Gürcüstandan olur. Ət biznesi ilə məşğul olan yerli qəssabların dediyinə görə, onlar hər həftə diri mal-qara tədarük etmək üçün ya kəndləri gəzib mal-qara axtarırlar, ya da mal-heyvan bazarlarına üz tuturlar. Adətən kiçik çəkili danalar və quzular bir az baha, iri heyvanlar isə nisbətən ucuz olur. Qəssablar iri heyvanlara üstünlük vermir. Qiymət bahalaşdığından tələbat azalıb və gün ərzində iri heyvanın əti tam satılmır. Bundan əlavə, heyvanlara verilən yem baha olduğundan, ətin qiymətinə də təsir edir. Bazar münasibətlərindən kənar görülən inzibati tədbirlər isə əti qıtlaşdırır və bu ətin bahalaşmasına səbəb olur. Ekspertlər bildirir ki, bu sahəni inkişaf etdirmək üçün möhkəm yem bazası yaratmaq lazımdır. Bundan başqa ölkədə istifadə olunan yemin keyfiyyəti yüksəldilməlidir. Eləcə də rəqabət mühitini artırmaq lazımdır. Çünki bu gün biz 1 kq diri çəkini 4- 5 günə alırıq, halbuki digər ölkələrdə həmin diri çəkini bir gündə alırlar. Bundan başqa südlük istiqamətdə müəyyən cəhdlər olsa da, bizdə ətlik istiqamətində cins mal - qara yox səviyyəsindədir. Belə olanda da ət məhsullarına olan tələbatı kifayət qədər ödəməkdə çətinliklər yaşanır. Hazırda Azərbaycanda adambaşına ət istehsalı təxminən 30 kiloqram təşkil edir. Halbuki region ölkələrində adambaşına ət istehsalı 40-60 kiloqram həcmindədir. Bu mənada ölkədə ət istehsalının artırılmasına ehtiyac var. Eyni zamanda süni qiymət artımlarına qarşı nəzarəti gücləndirməlidir.
Sizin Reklam Yeriniz