news Image
2012.05.01
12:42
| A A A
Deputatın rəhbəri olduğu təşkilat hesabat vermir

Azərbaycanda Maliyyə Nazirliyinə maliyyə hesabatı verməyən QHT-lərin adları açıqlanıb. APA-nın məlumatına görə, siyahıda məşhur təşkilatların da adları var.

Siyahıda deputat Sabir Rüstəmxanlının sədri olduğu "Azərbaycan Dil Qurumu" İctimai Birliyi, prezidenti deputat Novruz Aslan olan Azərbaycan Respublikası "Qızıl Aypara" Cəmiyyətinin adına da rast gəlmək olur.

Bundan başqa, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Qarabağ Regional Futbol Federasiyası, "ABU" İdman Klubu ictimai birliyi, Azərbaycan Ədəbiyyat Fondu, Azərbaycanda Rus İcması, Azərbaycan Yaşıllar Cəmiyyəti, "Neftçi" Könüllü İdman Cəmiyyəti, Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Menecerlər İttifaqı, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyası, Azərbaycan Respublikası Dama Federasiyası, Azərbaycan Respublikası Həndbol Federasiyası, Azərbaycan Respublikası Yüngül Atletika Federasiyası, "Azərbaycan-Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti"nin (TÜSİAB) adı maliyyə hesabatı verməyən qurumlar sırasındadır.

Siyahıda müxtəlif beynəlxalq təşkilatların Azərbaycan nümayəndəliklərinin, o cümlədən İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, Türkiyə Respublikasının Qızıl Aypara Cəmiyyətinin nümayəndəliyi, Amerika Birləşmiş Ştatlarının "Açıq Cəmiyyət" İnstitutu Xeyriyyə Etibar Fondunun Azərbaycan Respublikası Bakı şəhərində filialı, Səudiyyə Ərəbistanın "Beynəlxalq İslam Nicat Təşkilatı"nın nümayəndəliyinin adı var.

Qeyd edək ki, 1742 təşkilatın yer aldığı siyahı QHT-lərə Dövlət Dəstəyi Şurasına Maliyyə Nazirliyi tərəfindən göndərilib. Məktubda təşkilatların aprel ayının 1-dən gec olmayaraq nazirliyə hesabat verməli olduqları xatırladılıb. Lakin bu təşkilatlar aprelin 18-dək hesabat verməyiblər. Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası hesabatı təqdim etməyən QHT-lərin nəzərinə çatdırıb ki, may ayının 1-dək hesabatı təqdim etməyən təşkilatlar haqqında Maliyyə Nazirliyi tərəfindən qanunun tələblərinə uyğun sanksiyalar tətbiq edilə bilər. Bütün QHT rəhbərləri bunu nəzərə almalı və hesabatın vaxtında təqdim edilməsi qaydasına əməl etməlidirlər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs