Əlaqə Arxiv
news Image
2013.04.20
11:05
| A A A
Azərbaycan-İsrail əməkdaşlığı yeni mərhələyə keçir
Qabil Hüseynli: “Azərbaycan strateji tərəfdar toplamaqda üzünü düzgün istiqamətə çevirib” Hatəm Cabbarlı: “Münasibətləri inkişaf etdirmək hər iki dövlətin hüququdur”

Xəbər verildiyi ki, cari ilin 21-23 aprel tarixində xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Yaxın Şərq regionuna səfər edəcək. Səfər çərçivəsində Fələstin və İsrailin yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Amma diqqət çəkən məqam odur ki, Azərbaycan nazirləri İsrailə bir neçə dəfə səfər etsələr də, onların arasında xarici işlər və müdafiə nazirləri olmayıb. Hərçənd ki, ölkələr qarşılıqlı energetika, təhlükəsilzik, müdafiə və bu siyasəti təmin edən diplomatiya sahəsində illər boyu yaxın əməkdaşlıq edirlər. Lakin budəfəki görüşlərdə Azərbaycan tərəfi BMT Təhlükəsizlik Şurasının üzvü kimi Fələstin və İsrail ilə Yaxın Şərq sülh prosesi ətrafında müzakirələr aparacaq. Həmçinin ikitərəfli münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, iqtisadi, ticarət, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarının diqqət mərkəzində olacağı bildirilir.

Siyasi şərhçilər isə xarici işlər nazirinin bu ilk səfərini müxtəlif rakursdan qiymətləndirirlər. Bu səfərin iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini bildirənlər isə daha çoxdur. Politoloq Qabil Hüseynlinin sözlərinə görə, bu səfəri tamamilə normal hesab etmək lazımdır: "Müstəqil Azərbaycanın İsraillə son dövrlər qurulan münasibətlərinin daha yüksək səviyyəyə qaldırmaq üçün edilən birinci səfərdir. Azərbaycan üzünü strateji tərəfdar toplamaqda düzgün istiqamətə çeviribdir. İsrail – Azərbaycan əməkdaşlığı həm İsrail, həm də Azərbaycan üçün müsbət nəticə verə bilər. Artıq bunun nümunələri də meydandadır. Azərbaycanın xarici siyasətinin bu istiqaməti çox vaciblidir. Çünki, bu, təkcə Azərbaycan ordusunun müasir tələblər səviyyəsində qurulması üçün deyil, həm də dünya miqyasında uğurlu xarici siyasət aparılması və bir sıra əsas beynəlxalq qurumlarda Azərbaycanın başına gələn müsibətlərlə bağlı həqiqətləri dünya ictimai rəyinə çatdırmaq üçün prinsipial əhəmiyyətə malikdir. Bunun ilk səfər olmasına baxmayaraq, gündəliyi kifayət qədər zəngin olacaq. Onun nəticələri Azərbaycan – İsrail, eləcə də Azərbaycanın dünya ilə münasibətlərində prinsipcə yeni bir mərhələyə qaldıra bilər".

Siyasi şərhçi onu da bildirdi ki, Rusiya, xüsusi ilə İran bu məsələyə son dərəcə qızqanclıqla baxır: "Hətta bu səfər başa çatdıqdan sonra İran tərəfindən daha gülməli və məntiqsiz müxtəlif açıqlamaların, təzyiq cəhdlərinin şahidi olacağıq. Əlbəttə, bütün bunlar İran tərəfindən boş və mənasız hərəkətlər olacaq. Müstəqil dövlət, müstəqil surətdə özünün xarici siyasət xəttini qurur. Biz İranın və ya Rusiyanın kiminləsə münasibət qurmasına korrektə aparmaq niyyətinə düşmədiyimiz kimi, onlar da belə bir addımları atmağa həm beynəlxalq hüquq, həm də diplomatik etika baxımından cəsarət etməməlidirlər".

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı bildirir ki, Elmar Məmmədyarovun İsrailə səfərini iki dövlət arasındakı münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcı kimi tövsif etmək olar: "Eyni zamanda, Yaxın Şərqdə, xüsusi ilə də Fələstin, İsrail və Suriyada yaşanan hadisələrə açıqlıq gətirilməsi mümkündür. Həmçinin, Yaxın Şərqdə Türkiyə ilə İranın mövqeyinin necə olacağı barəsində fikir mübadiləsinin aparılacağı ehtimalı var. Çünki, Türkiyə Yaxın Şərqdə öz sözünü deyə biləcək qüdrətə sahib ölkədir. Xüsusi ilə də

"ərəb baharı" yaşandıqdan sonra Türkiyə bu coğrafiyada yeni dövlət mühəndisliyinin həyata keçirilməsində əhəmiyyətli rollardan birini oynamağa başlayıb. İran isə həm "ərəb baharı"na, həm də regionda cərəyan edən hadisələrə birmənalı yanaşmır".

Politoloq onu da qeyd etdi ki, adətən, belə səfərlər bir neçə ay əvvəldən planlaşdırılır: "Azərbaycan da, İsrail də müstəqil dövlətdir. İki dövlət arasındakı münasibətlərin inkişaf etdirilməsi bu ərəfəyə təsadüf edirsə, bunu hansısa digər motivlərlə izah etmək o qədər də məntiqli deyil. Münasibətləri inkişaf etdirmək hər iki dövlətin hüququdur".

Sizin Reklam Yeriniz