Əlaqə Arxiv
news Image
2013.04.20
08:55
| A A A
İntensivləşən sürüşmə probleminin maraqlı səbəbləri üzə çıxır
Ənvər Əliyev: "İnsanın təsərrüfat fəaliyyəti nəticəsində yaranan antropogen amillər də sürüşmə hallarının artmasında böyük "rol" oynayır" Yusif İsrafilov: "Bakıda torpaq sürüşməsinin intensivləşməsində əsas amil su faktorudur" Vaqif Behbudoğlu: "Yamac dibləri qazıldıqda qrunt deformasiyaya uğrayır, ağırlıq mərkəzi dəyişir"

Azərbaycanda son intensiv yağışlardan sonra sürüşmə aktivliyinin artması gündəmin ən aktual mövzularından birinə çevrilib. Əvvəllər də gur yağışlar olurdu. Amma sürüşmə bu qədər aktiv deyildi. Görəsən, nə baş verdi ki, sürüşmə təhlükəsi belə aktiv xarakter almağa başlayıb?
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyevin bildirdiyinə görə, torpaqlar su keçirməyən gilli suxurlar üzərində formalaşdıqda düşən yağıntıların çox olması nəticəsində sürüşmə halları da intensivləşir. Sürüşmənin indiki halda aktivləşməsində insanın oynadığı mənfi rolu da danmaq olmaz: "Yağıntı alt qatlara keçə bilmir və nəticədə torpaq sürüşməsi baş verir. Bundan başqa hər gün ölkə ərazisində baş verən yüngül titrəyişlər də sürüşmənin baş verməsinə səbəb olan təbii amillərdəndir. Lakin bu hal təkcə təbii amillərlə bağlı deyil. İnsanın təsərrüfat fəaliyyəti nəticəsində yaranan antropogen amillər də sürüşmə hallarının artmasında böyük "rol" oynayır. Meyillilik dərəcəsi yüksək olan dağ yamaclarında yolları çəkilməsi nəticəsində yamacların dayanıqlıq dərəcəsinin aşağı düşməsi, meşələrin kütləvi şəkildə qırılması, dağ yollarında ağır tutumlu yük maşınlarının hərəkəti, çirkli məişət tullantılarının hara gəldi axıdılması Bakı şəhəri və ölkənin digər ərazilərində sürüşməyə gətirib çıxaran antropogen amillərdəndir".
AMEA-nın Hidrogeologiya və Mühəndis-Geologiya Şöbəsinin rəhbəri Yusif İsrafilov isə qeyd etdi ki, torpaq sürüşməsi geoloji təbəqənin ən yuxarı qatıdır. Ona görə də tektonik proseslərin sürüşmənin aktivləşməsində təsiri elə də yoxdur: "Bunun iki səbəbi var. Birincisi təbii hadisədir, yəni eqzogen prosesdir. Lakin əsas amil antropogen proseslə bağlıdır. Eqzogen proses günəş, külək və yağıntı amilləridir ki, bunlar da torpağın yer qatına təsir edir. Zaman keçdikcə torpaq suxuru öz fiziki və mexaniki xassələrini dəyişir. Bu zaman təbii təsir torpaq layının yerinin dəyişməsilə nəticələnir. Bu tektonik proses, zəlzələ, leysan da ola bilər. Belə təsirlər torpaq qatının sürüşməsinə səbəb olur.
Son zamanlar isə təbiətə antropogen təsirlər çoxalıb. Ümumiyyətlə, insan fəaliyyətinin çox olduğu yerlərdə ətraf mühitə təsir daha böyükdür. Məsələn, Bakıda torpaq sürüşməsinin intensivləşməsində əsas amil su faktorudur. Paytaxta saniyədə 30 kubmetr su daxil olur. Lakin paytaxtın əsas su boruları, kanalizasiya sistemləri 70 ildən çoxdur ki, çəkilib. Belədə bir çox ərazilərdə həmin borular istismar müddətini başa vurub, çürüyüb, dağılıb. Bunun nəticəsində suyun çox hissəsi yerin altına dağılır. Bakının da geoloji şəraiti elədir ki, suyun yeraltı axını yoxdur. Faktiki olaraq axan sular yerin torpaq qatına yığılır və yerin üzünə çıxır. Bu sular torpaq suxurlarına böyük təsir edir, onun xassələrini dəyişir.
Torpaq sürüşməsinin qarşısını almaq variantlarından biri də ağacların əkilməsidir. Amma bəzən biz bunun əksini, yəni ağacların kəsilərək qırılmasının şahidi oluruq. Belədə isə torpağın sürüşmə təhlükəsindən sığortalanmasının qarşısı alınır. Torpağın dərinliyinə işləyən ağac kökləri dərinlikdəki suyu çəkir. Ağacların müəyyən tipləri, məsələn şam ağacının kökləri çoxşaxəlidir". Mütəxəssisin söylədiyinə görə, tikilən çoxmərtəbəli binalar da sürüşmənin aktivləşməsində rol oynayır: "Əvvəllər hər hansı ərazidə bina tikilməmişdən öncə bizə müraciət edirdilər və mütəxəssislər də həmin ərazidə müəyyən müşahidələr aparıb məsləhət verirdi. Son dövrlər isə tikinti prosesi həyata keçirilsə də, bu istiqamətdə bizə müraciətlər olmur. Binanın özülü qazılmamışdan əvvəl onun yerləşəcəyi maili hissəyə istinad divarı vurulmalıdır. Bunun üçün isə böyük vəsaitlər tələb olunur".
Mühəndis-geoloq Vaqif Behbudoğlu isə qeyd etdi ki, sürüşmə zonalarından biri olan Bayıl yamacında torpaq sürüşmələrini sürətləndirən amillər tikinti işlərilə əlaqədardır: "Azərbaycanda yeni dağ əmələgəlmə prosesi gedir. Ona görə də Bayıl yamacında torpaq sürüşmələri baş verir. Lakin prosesi sürətləndirən amillərdən biri yamacın ətrafında intensiv və nizamsız tikinti işlərinin aparılmasıdır. Tikinti zamanı fundamentlərin qazılması nəticəsində torpaq boşalır. Yamac dibləri qazıldıqda qrunt deformasiyaya uğrayır, ağırlıq mərkəzi dəyişir. Bu səbəbdən də torpaq sürüşmələri intensivləşir".
Sizin Reklam Yeriniz