news Image
2013.04.25
07:15
| A A A
Daşqın təhlükəsi yenidən baş qaldırır
Azər Verdiyev: “Qısamüddətli daşqınların olması istisna edilmir” Telman Zeynalov: “Dağətəyi zonalarda - Şəki, Zaqatala, Quba və Qusarda daşqınlar gözləniləndir” Soyuq fəslin arxada qalması ilə əlaqədar hər il olduğu kimi, yaz yağışları fonunda cari ildə də çayların səviyyəsində artım müşahidə edilib. Əsasən dağ və Kür - Araz çaylarında müşahidə edilən artımlar bəzi dövrlərdə əhaliyə müəyyən ziyan da vurub. Hətta son günlər normadan artıq düşən yağıntılarla əlaqədar oxşar hadisəyə paytaxt ərazisində də təsadüf olunur.
Amma bu il üçün ölkə əhalisi sözügedən problemdən o qədər də narahat olmaya bilər. Çünki, məsələdə ekspertlərlə aidiyyatı qurumun optimist proqnozları üst - üstə düşür. Məsələyə münasibət bildirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirir ki, biz bununla əlaqədar aprelin əvvəlində aprel, may və iyun ayları - gursululuq dövrünə dair proqnoz vermişik: "Bu ilin gursuluq dövründə çaylarda sululuq keçən illə müqayisədə o qədər də fərqlənməyəcək. Hal - hazırda Respublikanın çaylarında gursululuq dövrü müşahidə olunmaqdadır. Ancaq bu, bir qədər sabitliyi ilə müşahidə edilir. Yəni, yağan yağışlarla əlaqədar çaylarda, xüsusi ilə də dağ, Quba - Xaçmaz, Lənkəran - Astara bölgəsi çaylarında sululuqda artım var. Eyni zamanda, Kür və Araz çaylarında artımlar qeydə alınıb. Ancaq hazırda Kür çayının aşağı hissələrində sabit səviyyə müşahidə olunmaqdadır".
Baş hidroloq onu da əlavə etdi ki, ümumiyyətlə, respublikanın ərazilərində daşqın və sel hadisələri əsasən may və iyun aylarında müşahidə olunur: "Yəni, hər il Böyük Qafqazın cənub yamac çaylarında qısamüddətli olsa da, daşqınlar müşahidə edilir. Bu, Kişçay, Çürümüşçay, Talaçay, Dəmiraparançay, Göyçaydır ki, onlarda qısamüddətli daşqınlar da olur. Çünki, may və iyun aylarında yağan intensiv leysan yağışları ilə əlaqədar qısamüddətli daşqınların olması istisna edilmir".
Asif Verdiyev onu da qeyd etdi ki, bu il Kür çayından Şəmkir su anbarına axım normanın 75-94, Qanıx çayından Mingəçevir su anbarına axım normanın 74-102, Araz çayından Araz su anbarına axım isə normanın 40-60 faizini təşkil edəcəyi gözlənilir: "Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki) yamacı çaylarında sululuğun normanın 86-123, şimal-şərq (Quba-Xaçmaz) yamacı çaylarında 86-104, Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy) çaylarında 58-88, Naxçıvan MR çaylarında 35-87, Lənkəran-Astara bölgəsi çaylarında isə 52-84 faizini təşkil edəcəyi gözlənilir".
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalovun fikrincə, dağətəyi zonalarda - Şəki, Zaqatala, Quba və Qusarda daşqınlar gözləniləndir: "Əgər bundan sonra Bakıdakı kimi güclü yağışlar yağsa, həmin yerlərdə də mütləq daşqınlar olacaq. Aran zonaları isə Kür və Arzadan asılıdır. Lakin Arazla, Kürün səviyyəsi o qədər də çox olmayacaq ki, bu zonaları su altında qoysun".
Ekoloq daşqınlara səbəb olan amilləri də bildirdi: "Birincisi, qış vaxtı havaların quraqlıq keçməsidir. Bizdə də bu il qış vaxtı quraqlıq keçib. Təkcə dağ zonalarında qar yağdı. İkinci səbəb isə mart - aprel aylarında güclü yağan yağışlardır. Əsasən bunlar daşqın və sellərə səbəb olur. Daşqınları ən çox Kiçik və Böyük Qafqaz dağlarında gözləmək olar. Əsasən də Böyük Qafqaz dağlarında olur. Bunların vura biləcəyi ziyanı minimuma endirmək üçün əvvəlcədən əhaliyə xəbərdarlıq etmək lazımdır. Həm də yağışları anbarlaşdırmaq olar. Bir də su kanallarının çəkmək və çayların diblərini təmizləmək lazımdır ki, çay sularının səviyyəsi qalxmasın".
Telman Zeynalovun sözlərinə görə, daşqınlar ekoloji pozuntu yox, təbii prosesdir: "Ancaq bəzi hallarda təbii proseslərə müdaxilələr də ola bilər. Bununla da yağıntıların, rütubətin, quraqlığın miqdarını artıra bilərlər. Bu gün ABŞ, həm də Rusiyada hərbçilərində təbiətə müdaxilə edə bilən qurğular var. İstədikləri vaxtı istənilən yerə müdaxilə edə bilirlər ki, gələcəkdə həmin zonalarda ərzaq qıtlığı, şoranlıq, quraqlıq yaradaraq, öz məhsullarını satmaq üçün bazar formalaşdıra bilsinlər".